Avropanı ağuşuna alan anomal hava şəraiti Polşada tarixin ən yüksək iyun temperaturunun qeydə alınması ilə nəticələnib.
Medianews.az xəbər verir ki, Almaniya ilə həmsərhəd bölgədə yerləşən Slubits şəhərində iyunun 27-də termometrlər rekord həddə — 38,9 dərəcə Selsiyə çataraq ölkə tarixinin ən isti iyun gününü rəsmiləşdirib.
Yerli Meteorologiya və Su Təsərrüfatı İnstitutunun (IMGW) hesabatına əsasən, bu göstərici indiyə qədərki ən yüksək temperatur olan 38,3 dərəcəlik rekordu geridə qoyub. Qeyd edək ki, bənzər kəskin istilər Polşada daha əvvəl 2019 və 2022-ci illərdə müşahidə edilsə də, builki dalğa bütün əvvəlki göstəriciləri alt-üst edib.
Səlahiyyətli qurumlar və sinoptiklər həyəcan təbili çalır: yaxın iki gün ərzində isti hava kütlələrinin ölkənin qərb nahiyələrində pik nöqtəyə çatacağı və temperaturun 42 dərəcəyə qədər qalxacağı gözlənilir. Əgər bu proqnoz özünü doğruldarsa, Polşada sonuncu dəfə 1921-ci ilin iyulunda Proşkovda qeydə alınan 40,2 dərəcəlik mütləq tarixi rekord da yenilənəcək.
Yaranmış ekstremal vəziyyətlə əlaqədar olaraq rəsmilər xalqa çağırış edib. Günorta saatlarında açıq havada qalmamaq, su balansını qorumaq, xüsusilə azyaşlılara və yaşlı təbəqəyə qarşı maksimum diqqətli olmaq tövsiyə edilir.
Medianews.az