ABŞ-nin yeni Tramp administrasiyası Ukraynada müharibəyə son qoymaq məqsədilə Rusiya ilə gizli məsləhətləşmələr aparır.
Medianews.az xəbər verir ki, bu barədə məlumatı Amerika və Rusiya rəsmiləri "Axios"a təsdiqləyiblər.
Mənbələr bildirir ki, Vaşinqtonun hazırladığı sənəd 28 bənddən ibarətdir və dörd əsas kateqoriyanı əhatə edir:
-
Ukraynada sülhün bərpası
-
Təhlükəsizlik zəmanətləri
-
Avropanın təhlükəsizliyi
-
ABŞ-nin Rusiya və Ukrayna ilə gələcək münasibətləri
Tramp administrasiyasındakı mənbə ABŞ-nin plan barədə həm Ukrayna, həm də Avropa rəsmilərinə məlumat verdiyini təsdiqləyib. Lakin sənəddə Rusiya tərəfindən işğal edilmiş Ukrayna əraziləri ilə bağlı hansı həll variantlarının təklif edildiyi və Kremlin Kiyevdən əlavə ərazi güzəşti tələb etməsi məsələsinin necə nəzərə alındığı açıqlanmır.
"Axios"un məlumatına görə, Trampın xüsusi nümayəndəsi Stiv Vitkov bu həftənin əvvəlində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovla planı müzakirə edib.
Vitkovun 19 noyabrda Türkiyədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşərək sənədi təqdim etməsi gözlənilirdi. Lakin ABŞ nümayəndəsi səfəri son anda ləğv edib.
Hazırda planın detallarının Vaşinqton, Moskva və Kiyev arasında necə qarşılanacağı və prosesin hansı istiqamətə inkişaf edəcəyi diqqət mərkəzindədir.
Medianews.az