Amerika Birləşmiş Ştatları və İsrailin müştərək hərbi əməliyyatlarına cavab olaraq İran ordusu özünün döyüş taktikasında dəyişikliklər edib.
Medianews.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Məlumata əsasən, Tehran rəsmi şəkildə atəş potensialı baxımından Vaşinqton və Təl-Əvivdən geri qaldığını anlayır. Lakin intensiv hücumlar şəraitində mövqelərin itirilməməsi İran hakimiyyəti tərəfindən uğur kimi qiymətləndirilir. Hazırda İran hərbçiləri daha çox ABŞ-nin regiondakı bazalarının təhlükəsizliyini təmin edən hava hücumundan müdafiə sistemlərinin həssas nöqtələrini hədəfə almağa fokuslanıblar.
ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Dan Caine qeyd edib ki, ilkin toqquşmalardan sonra strategiyalar yenilənir. Onun sözlərinə görə, İran tərəfindən həyata keçirilən raket və pilotsuz uçuş aparatı (PUA) hücumlarının sayı kəskin şəkildə azalıb. Belə ki, ballistik raketlərin atılması 90%, kamikadze tipli dronların istifadəsi isə 83% azalıb.
Pentaqon təmsilçiləri bildirirlər ki, İran hazırda öz raket ehtiyatlarının və buraxılış qurğularının təqribən yarısını saxlamaqdadır. ABŞ nümayəndələri silahların dislokasiya olunduğu bütün əraziləri dəqiq bilmədiklərini təsdiqləyirlər. Ekspertlərin fikrincə, Tehran müəyyən raket ehtiyatlarını ABŞ-nin radar stansiyaları kimi daha mühüm strateji hədəflər üçün qoruyur və bu amil İranın mövcud vəziyyətdə "idarəolunmaz" siyasət yürütmədiyini göstərir./oxu.az