Bu gün Azərbaycan tarixinin unudulmaz səhifələrindən biri yazıldı. 32 ildən sonra ilk dəfə Bakıdan Ağdama sərnişin qatarı yola düşdü. Bu, sadəcə bir nəqliyyat hadisəsi deyil — bu, Vətənə dönüşün, azadlığın və yenidən qurulan Qarabağın səsidir. “Azərbaycan Dəmir Yolları” QSC-nin təşkil etdiyi bu səfər minlərlə insanın illərlə ürəyində daşıdığı həsrətin rəmzidir. Bakıdan saat 07:10-da yola çıxan qatar 11:53-də Ağdama çatacaq. 32 illik ayrılıqdan sonra ilk dəfə qatar təkərlərinin səsi Ağdam torpağında eşidiləcək.
Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" QSC sərnişinlərə İsveçrənin "Stadler" şirkətinin istehsalı olan "FLIRT" markalı müasir qatarlarla xidmət göstərəcək. Bakı–Ağdam–Bakı qatarı hər şənbə günü saat 07:10-da Bakıdan Ağdama və 18:20-də Ağdamdan Bakıya yola düşür. Komfortlu səfərlərin təşkili məqsədilə işğaldan azad edilmiş ərazilərə giriş icazəsi avtomatik təmin olunur.
Bu tarixi səfərdə media nümayəndələri, tanınmış ictimai xadimlər, Qarabağ müharibəsi veteranları və jurnalistlər iştirak edirlər. Qatarın kupelərində təkcə səfər təəssüratı deyil, həm də qürur, həyəcan və kövrəklik duyulurdu.
“Allah bu günü bizə göstərdi...”
Ağdamlı yazıçı və deputat Aqil Abbas illərdir bu anı gözləyirdi. Qatarın pəncərəsindən baxarkən onun gözlərində həm sevinc, həm də kədər oxunurdu:“Axırıncı dəfə 1985-ci ildə sovetin köhnəlmiş qatarı ilə Ağdama getmişdik. Uşaqlığımın, gəncliyimin, xatirələrimin yolu idi bu. İndi yenidən o torpaqlara müasir qatarla gedirik, çox sevincliyik. Allah bu günü bizə göstərdi”. Aqil Abbasın səsi bir az titrəsə də, baxışlarında qələbənin qüruru vardı. Onun kimi minlərlə ağdamlı üçün bu səfər qayıdışın başlanğıcı idi.
“Bu bayraq cırılmayıb, güllə izidir...”
Qarabağ veteranı və şəhid atası Hacı Əkbər Rüstəmov üçün bu səfər həm də mənəvi borcun yerinə yetirilməsidir. O, “Musavat.com”a əlindəki güllə izi qalan bayrağı göstərərək söhbətə başladı: “Bu cırılmayıb, güllə izidir. Bir yazım vardı, çoxdan yazmışdım. Qatara minirəm, orada saxlayır, burada saxlayır, amma gedib ünvana çata bilmirəm. Amma bu gün qatara minmişəm və mən Ağdama qovuşuram. İllərlə bu yolu xəyalımda gedirdim”. Şəhid oğlunu xatırlayan veteran ata kövrələrək əlavə etdi:“Şəhidlər Vətənimizin əmanətidir, qürur yeridir”.
Qatarın kupelərində xatirələr, musiqi və duyğular
Səfər boyu qatarda maraqlı və duyğulu anlar yaşanırdı. Ağdamdan olan tanınmışlar illərin yaddaşını bölüşür, keçmişi xatırlayırdılar. Əməkdar artist Cabir Abdullayev “Ağdam” mahnısını oxuyaraq hər kəsi kövrəltdi, qatarın içində sanki xatirə ilə qürurun səsi birləşdi.
“Atamızın ruhu şaddır...”
Milli Qəhrəman Allahverdi Bağırovun qızları da “Musavat.com”a səfər təəssüratlarını bölüşdülər. Qəhrəmanın qızı Aynur Bağırova dedi:“Bizim üçün sevincli bir gündür. Ağdama tez-tez getməyimiz üçün daha yaxşı şərait yarandı. Ən vacib məqam atamızın qəbrini ziyarət etməkdir. Qatarın fəaliyyətinin bərpa edilməsi də buna mühüm şərait yaratdı. Ağdam atamızın canından çox sevdiyi yerdir. Buna görə bizə çox əzizdir. Atamız orada uyuyur. Uşaq vaxtı bizə nəyi arzulayırdısa, onu gerçəkləşdirməyə çalışmışıq. O istəyirdi ki, mən həkim, bacım Zümrüd isə hüquqşünas olsun. Biz onu yerinə yetirdik. Atamın ruhu şaddır, bizi görüb sevinir”.
Onun bacısı Zümrüd Bağırova isə bu sözləri əlavə etdi:“Ağdamın ziyarəti bizim üçün əvəzolunmaz, xoş hissdir. Ağdam camaatı ilə birlikdə öz torpağımıza qayıdırıq. İllər öncə ailəmizlə qatarla səfər etmişdik, indi 30 ildən sonra yenidən o səfər təkrarlanır. Əvvəllər evimiz, doğmalarımız vardı, indi isə atamızın məzarını ziyarət etməyə gedirik. Bu, həm kədərli, həm də qürurverici hissdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində biz yenidən o torpaqlara qayıdırıq”.
Musavat.com həmin görüntüləri təqdim edir.
Saat 12-yə bir neçə dəqiqə qalmış Bakı–Ağdam qatarı artıq stansiyaya daxil olurdu. Pəncərələrdən boylanan hər kəsin baxışında eyni duyğu oxunurdu — həyəcan, qürur və inam. Qatar platformaya yaxınlaşdıqca zaman sanki dayanmışdı. Hər kəs nəfəsini tutub o anı gözləyirdi. 7... 6... 5... 4... 3... 2... 1...
Və budur — o möhtəşəm an! Qatar dayanır, izdiham və alqış səsləri hər yeri bürüyür. Bayraqlar dalğalanır, insanlar bir-birinə sarılır, göz yaşları içində gülürlər. Uzun illərin ayrılığından sonra Ağdama qovuşmağın sevinci hər kəsin üzündə oxunur. Bu, sadəcə bir qatarın dayanması deyildi — bu, bir xalqın doğma yurduna, illərlə həsrət qaldığı torpağa qovuşma anı idi...
![]()
Səfərin rəsmi hissəsi isə Ağdam Dəmir Yolu Vağzalında davam edir. Tədbirdə çıxış edən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov gələcək planlardan danışdı: “Bu gün ‘Ruhlar şəhəri’ adlandırılan, tamamilə viran qoyulan gözəl Ağdamımızda artıq ‘şəhərimizin qonaqları’ deyə xitab edə bilirik. Payız aylarından etibarən Ağdama ilk köç planlaşdırılır. Qatar hərəkətinin bərpası bu prosesi daha da rahat və sürətli edəcək”.
Onun sözlərinə görə, Bakı–Ağdam qatarının işə düşməsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışın simvoludur:“Bu, ölkəmiz və xalqımız üçün çox böyük, sevincli bir gündür”.
“Hər təkər fırlananda torpaq pıçıldayır...”
Ağdamlı ədəbiyyatşünas, redaktor Seyfəddin Hüseynli də doğma evinin səmtini göstərərək uşaqlıq xatirələrini bölüşdü. O, yaxın günlərdə amansızcasına qətlə yetirilən qardaşlarını xatırlayarkən kövrəldi, lakin göz yaşlarının arxasında qürur dolu təbəssüm gizlənmişdi...
Səfərin sonunda Ağdam Dəmir Yolu Vağzalında xüsusi tədbir və konsert proqramı keçirildi. Xanəndə, Əməkdar artist Cabir Abdullayev və Elgiz Əliyev “Qarabağ” mahnısını elə bir coşqu ilə ifa etdilər ki, zalda hər kəs əl-ələ verib musiqi sədaları altında rəqs etdi.
Bir vaxtlar Bakı–Xankəndi–Bakı marşrutu üzrə hərəkət edən qatarlar 1993-cü ilə qədər Ağdamdan keçirdi. O zaman bir çox insan bilmirdi ki, bu, sonuncu səfər olacaq. 32 il sonra isə həmin xətdə yenidən həyat qayıdır. Bu gün yola düşən qatar təkcə sərnişin daşımır — ümid, sevinc, qürur və azadlığın səsini daşıyır. Hər təkər fırlananda sanki torpaq pıçıldayır: “Ağdam qayıtdı”.
Afaq Mirayiq,
Foto, video müəllifindir
Musavat.com
