Fransanın keçmiş prezidenti Nikolya Sarkozi həbsdə keçirdiyi 21 gündən bəhs edən “Məhbusun gündəliyi” adlı kitabında digər məhkumlardan və həbsxanadakı şəraitdən şikayətlənib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə dekabrın 10-da satışa çıxacaq kitabın məzmunu ilə tanış olan “Politico” nəşri məlumat yayıb.
“Məhbus fasiləsiz olaraq kamerasının barmaqlılarını metal əşya ilə döyəcləyirdi. Bu gurultu bir neçə dəqiqə davam etsə də, mənə sonsuz kimi göründü. Təhdidedici bir atmosfer var idi. Cəhənnəmə xoş gəldiniz!”, - o yazıb.
Sarkozi digər kamera qonşusunun günün yarısını “Kral şir” cizgi filmindən mahnılar oxuduğunu, günün qalan hissəsini isə qaşıqla barmaqlıqları döyəclədiyini qeyd edib.
Keçmiş Fransa lideri həmçinin saxlanıldığı kameradakı şəraitdən narazı qalıb, onu ucuz hotel otağı ilə müqayisə edib:
“Hətta orduda xidmət etdiyim zaman belə, bu qədər sərt döşəkdə yatmamışdım. Yastıqlar plastikə bənzəyən qəribə materialdan hazırlanmışdı, adyalların isə yalnız adı var idi”.
Sarkozi naharı çox erkən gətirdikləri üçün yeməkdən imtina etdiyini də bildirib: “Kiçik plastik məcməyidə təqdim edilən yeməkdən imtina etməklə çox şey itirmədiyimi düşünürəm. Yeməyi hazırlayana qarşı heç bir narazılığım yoxdur, amma o, heç də iştahaaçan deyildi”.
Sabiq dövlət başçısı həbsxana yeməyinin qoxusundan ürəyinin bulandığını, verilən bagetin (fransız çörəyi - red.) isə islanmış olduğunu qeyd edib.
Bundan başqa, həbsxanaya düşmüş ilk sabiq prezident olan Sarkozi memuarlarında qida rasionundan, təəssüratlarından, vətəndaşların dəstəyindən və həbsxana reallıqlarından da bəhs edib.
Xatırladaq ki, N.Sarkozi 2007-2012-ci illərdə Fransa prezidenti olub. Siyasətçi bu ilin sentyabrın 25-də 2012-ci ildə seçki kampaniyasını qanunsuz maliyyələşdirməkdə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, noyabrın 10-da apellyasiya şikayətinə baxılana qədər şərti azadlığa buraxılıb. Həmin prosesin isə martın 16-dan iyunun 3-nə qədər baş tutacağı gözlənilir.