26.06.2025, 14:53
165 baxış
Nailə
Tramp NATO savaşını uddu - “Wall Street Journal”
ABŞ-ın “Wall Street Journal” qəzeti hesab edir ki, Prezident Donald Tramp NATO ilə savaşda qalib gəlib.
Medianews.az-ın məlumatına görə, qəzetin bununla bağlı dərc etdiyi məqalədə deyilir: “ABŞ uzun illərdir Avropadakı müttəfiqlərindən öz müdafiələrinə daha çox vəsait ayırmağı tələb edirdi. Bu həftə keçirilən NATO sammitindən gələn təəccüblü xəbər isə odur ki, alyansın üzvü olan Avropa ölkələri demək olar yekdilliklə ÜDM-lərinin 5 faizini hərbi xərclərə yönəltmək barədə razılığa gəliblər. Hazırda onlar ÜDM-lərinin ən çox 2 faizini müdafiəyə ayırırlar.
Prezident Donald Tramp bu planı “Avropa üçün və ümumilikdə Qərb sivilizasiyası üçün böyük bir hadisə” adlandırıb və bu dəfə o, bəlkə də mübaliğəyə yol vermir. Müttəfiqlər 2035-ci ilə qədər ÜDM-lərinin 3,5 faizini sırf sərt hərbi gücə – yəni silah və texnikaya xərcləməyi hədəfləyirlər. Qalan 1,5 faizlik hissə isə kibermüdafiənin gücləndirilməsinə xərclənəcək ki, bu da əslində müdafiə xərci deməkdir.
NATO-nun baş katibi Mark Rutte Prezident Trampı təriflədiyinə görə tənqid olunur, ancaq əslində o, haqlıdır. Rutte jurnalistlərə sual edib: “Tramp yenidən prezident seçilməsəydi, bu sammitin nəticəsi bu cür olardımı?”
Düzgün sualdır... Əlbəttə, 5 faizlik hədəf NATO daxilindəki bəzi “geridəqalmışlar” üçün ciddi çağırış olacaq. Məsələn, 2024-cü ildə ÜDM-in cəmi 1,28 faizini müdafiəyə sərf edən İspaniya artıq razılaşmadan yayınmağa çalışır. Həmin siyahıya Sloveniya (1,29%), Belçika (1,3%) da daxildir. Amma Ottava artıq daha yaxşı nəticə vəd edir.
Bu 5 faiz havadan götürülməyib. Mark Ruttenin sözlərinə görə, bu rəqəm Avropanın müdafiəsi üçün lazım olan real texniki ehtiyaclar əsasında müəyyən edilib. Detallar məxfi saxlanılır”.
Medianews.az