Medianews.az
Naxçıvan Konstitusiyasından beynəlxalq müqavilələrə istinadın çıxarılması nə anlama gəlir? - <span style=color:red>EKSKLÜZİV
276 baxış

Naxçıvan Konstitusiyasından beynəlxalq müqavilələrə istinadın çıxarılması nə anlama gəlir? - EKSKLÜZİV

Naxçıvan Muxtar Respublikasının Konstitusiyası dəyişir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu ilin fevral və may aylarında iki dəfə səsə qoyaraq qəbul etdiyi “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” qanun layihəsi iyunun 21-də Azərbaycan Respublikası Milli Məclisinin ilk oxunuşundan keçib. Naxçıvan Muxtar Respublikası Konstitusiyasına əsasən, Naxçıvan Konstitusiyasına dəyişikliklər və əlavələr Ali Məclisdə iki dəfə səsə qoyulmalı, ikinci səsvermə birinci səsvermədən 3 ay sonra keçirilməlidir. Konstitusiyaya dəyişikliklər Ali Məclisdə qəbul edildikdən sonra isə təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilməlidir. Milli Məclis bu dəyişiklikləri konstitusiya qanunu ilə təsdiqləyərsə, Ali Məclisin qəbul etdiyi dəyişikliklər qüvvəyə minəcək. Dəyişikliklər layihəsində diqqət çəkən məqamlardan biri də Naxçıvan Muxtar Respublikası Konstitusiyasından Moskva və Qars müqavilələrinə istinadların çıxarılmasıdır. Bu, hansı zərurətdən doğur? Beynəlxalq istinadların ləğvi gələcəkdə Naxçıvanın statusunda dəyişikliklər edilməsinə yol açırmı? Bəzi iddialara görə, Naxçıvanın statusunu dəyişmək üçün Azərbaycanda konstitusiya referendumu keçirmək yetərli deyil. Bunun üçün Moskva və Qars müqavilələrinin müvafiq maddələri ləğv edilməli, həmin maddələri təsdiqləmiş Türkiyə və Rusiya zaminlik hüquqlarından imtina etməlidir. Mövzu ilə bağlı Medianews.az-a danışan Qulamhüseyin Əlibəyli bildirib ki, Naxçıvan Muxtar Respublikasının hazırda qüvvədə olan konstitusiyasından beynəlxalq Qars və Moskva müqavilələrinə istinadın çıxarılması Naxçıvanın hüquqi statusunun dəyişməsi demək deyil: “Ümumiyyətlə, Naxçıvanda muxtariyyət yaradılandan 1998-ci ilə qədər muxtar respublikanın konstitusiyalarında beynəlxalq müqavilələrə istinad olmayıb. SSRİ dövründə Naxçıvan haqqında əvvəlcə əsasnamə olub, sonra - 1937-ci və 1978-ci illərdə muxtar respublikanın konstitusiyası qəbul edilib. Həmin sənədlərdə isə beynəlxalq müqavilələrə istinad olmayıb”. Q.Əlibəylinin fikrincə, Naxçıvanla bağlı Moskva və Qars müqavilələrinin mahiyyəti bəzən həddindən artıq şişirdilir: “Halbuki həmin müqavilələrdə nə deyilir? Deyilir ki, Naxçıvan Azərbaycanın tərkibində muxtar ərazidir. Yəni Naxçıvanın Azərbaycanın tərkibində muxtar ərazi olmasından bəhs edilir. Bu status da, dediyimiz kimi, vaxtaşırı olaraq Naxçıvan Konstitusiyasında əksini tapıb. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul olunanda yenə həmin müqavilələrə istinad olunmadan yazılıb ki, Naxçıvan Muxtar Respublikası Azərbaycanın tərkibində muxtar dövlətdir, yəni Naxçıvanın statusu muxtar ərazidən də bir qədər yüksəyə qaldırılıb və həmin statusa uyğun olaraq Naxçıvan Konstitusiyasının qəbulu nəzərdə tutulub. 1998-ci ildə Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Azərbaycan  Konstitusiyası əsasında, ölkə konstitusiyasına bir əlavə kimi, konstitusiya qanunu şəklində təsdiqlənib. Azərbaycan Konstitusiyasına əlavələr onun ana mətninə uyğun gəlməlidir, ölkə konstitusiyasının müəyyənləşdirdiyi çərçivələrdən kənara çıxa bilməz. Azərbaycanın hazırda qüvvədə olan konstitusiyasının 134-cü maddəsində deyilir ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir və muxtar respublikanın statusu Azərbaycan Konstitusiyası ilə müəyyən edilir. Azərbaycan Konstitusiyasının mətnində isə beynəlxalq müqavilələrə istinad yoxdur”. Q.Əlibəylinin sözlərinə görə, burada Azərbaycan Konstitusiyası beynəlxalq müqavilələrdən üstün hüquqi qüvvəyə malik bir sənəd kimi qiymətləndirilməlidir: “Bu baxımdan Naxçıvan Konstitusiyasında beynəlxalq müqavilələrə istinadın olub-olmaması Naxçıvanın hüquqi statusunu dəyişmir. Hesab edək ki, nə vaxtsa Naxçıvanın cari hüquqi statusunu dəyişmək istəsək, tutaq ki, muxtar dövlət yox, muxtar vilayət, yaxud muxtar diyar, muxtar region statusuna keçsək, bu yenə beynəlxalq Qars və Moskva müqavilələrinə zidd olmayacaq. Çünki, bir daha təkrar edirəm, həmin beynəlxalq müqavilələrdə yazılır ki, Naxçıvan Azərbaycanın tərkibində muxtar ərazidir. Deməli, Naxçıvanın muxtar ərazi statusunun muxtariyyəti nəzərdə tutan hər hansı bir statusla müəyyənləşdirilməsi beynəlxalq müqavilələrə də uyğundur. Qeyd etmək lazımdır ki, sözügedən beynəlxalq müqavilələrdə əsas məsələ Naxçıvanın muxtar statusu deyil, bu diyarın ərazi mənsubiyyətidir. Həmin dövrdə sovet Rusiyası ermənilərin iddiası əsasında Naxçıvanı da Qərbi Zəngəzur kimi Ermənistana vermək istəyirdi. Yalnız Mustafa Kamal Atatürkün təkidli səyləri ilə bu baş tutmadı. Ona görə də hər iki müqavilədə Türkiyə tərəf və Naxçıvanın Azərbaycana mənsubiyyətinin qarantı (Rusiya ilə birgə) kimi iştirak edir”. Sözügedən beynəlxalq müqavilələrin təkcə Naxçıvanla bağlı olmadığını, həm də ümumən bir tərəfdən Qafqaz respublikalarının öz aralarında, digər tərəfdən isə  həmin respublikalarla Türkiyə və Rusiya arasında sərhədləri, digər əlaqələri müəyyənləşdirdiyini yada salan Q.Əlibəyli bildirib ki, bu səbəbdən həmin müqavilələrin qüvvəsinin dayandırılmasına və ya ayrı-ayrı maddələrinin maddələrinin ləğv olunmasına ehtiyac yoxdur. Q.Əlibəyli qeyd edib ki, Naxçıvan Konstitusiyasının dəyişdirilməsi üçün referenduma ehtiyac yoxdur: “Naxçıvan Konstitusiyasına dəyişiklik layihəsi muxtar respublikanın Ali Məclisində qəbul olunur, sonra Azərbaycan Respublikasının Milli Məclisində konstitusiya qanunu ilə təsdiqləndikdə qüvvəyə minir. Naxçıvanın hazırkı statusunun dəyişməsi üçün isə Azərbaycan Konstitusiyası dəyişməli, bundan ötrü də referendum keçirilməlidir. Çünki Naxçıvanın mövcud statusu muxtar dövlət statusudur, bu status isə Azərbaycan Konstitusiyası ilə müəyyənləşib”. Q.Əlibəyli hazırda Naxçıvan Muxtar Respublikası Konstitusiyasından beynəlxalq müqavilələrə istinadların çıxarılmasını sözügedən sənədin Azərbaycan Konstitusiyasının mətninə tam uyğunlaşdırılması prosesi kimi dəyərləndirir: “Naxçıvanın statusu Azərbaycan Konstitusiyasında müəyyənləşdiriləndə beynəlxalq müqavilələrə istinad olunmayıb. Ona görə Naxçıvan Konstitusiyasında da belə bir istinada ehtiyac yoxdur. Bu səbəbdən Naxçıvan Ali Məclisinin Milli Məclisə təklif etdiyi layihə Naxçıvan Konstitusiyasının Azərbaycan Konstitusiyasının qüvvədə olan mətninə uyğunlaşdırılması anlamına gəlir”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun