Ədəbiyyat və texnologiya bu gün bir-birinə daha da yaxınlaşır. Süni intellekt alətləri – xüsusilə də ChatGPT kimi modellər – artıq qələm əhlinin gündəminə çevrilib. Bir tərəfdən yazıçı və şairlər bu texnologiyaları yaradıcılıqda imkan kimi görür, digər tərəfdən isə onun ədəbiyyatın gələcəyini təhdid edə biləcəyindən narahatdırlar. Paralel olaraq insanlar süni intellektlə təkcə informasiya məqsədilə deyil, həm də emosional dəstək üçün ünsiyyət qurmağa başlayıb. Siz yazıçı kimi süni intellekt alətlərindən istifadə edirsinizmi? Sizcə, süni intellekt ədəbiyyata daha çox imkanlar yaradır, yoxsa təhlükə doğurur? İnsanların süni intellektlə emosional əlaqə qurması sizcə nəyin göstəricisidir – tənhalaşma, yoxsa yeni psixoloji yardım forması?
Medianews.az mövzu ilə bağlı qələm əhli arasında sorğu keçirib. Cavabları təqdim edirik:
Yazıçı Rasim Qaraca:
“Bəli, mən yazıçı kimi süni intellekt alətlərindən – xüsusilə də ChatGPT kimi modellərdən istifadə edirəm. Bu alətlər mənim üçün hazır cavablar təqdim edən “yazıçı əvəzi” yox, daha çox ideya müzakirə etdiyim, sanki yazı prosesində düşüncələrimi “açmağa” yardım edən bir tərəfdaş kimidir. Onlarla söhbət zamanı bəzən daxilimdəki suallara cavab tapıram, bəzən isə heç düşünmədiyim bir yanaşmanı kəşf edirəm. Bu mənada süni intellekti bir imkan kimi görürəm – yaradıcılığın mexaniki tərəflərini yüngülləşdirən, tıxanmış anlarda yollar açan bir vasitə kimi.
Təhlükə isə süni intellektin özündən çox, onun necə və hansı məqsədlə istifadə edilməsindədir. Əgər yazı prosesini sadəcə məhsul istehsalı kimi görsək, süni intellekt bu prosesi sürətləndirə bilər, amma dərinliyi, fərdi bənzərsizliyi itirə bilərik. Yəni bu alətlər bizim üçün qərar verən yox, düşünməyi təşviq edən yardımçı olduqda ədəbiyyat üçün yeni qapılar aça bilər. Əks halda, ruhsuz və standartlaşdırılmış mətnlərin artması təhlükəsi var.
İnsanların süni intellektlə emosional ünsiyyət qurması isə birmənalı deyil. Bəli, bu bir tərəfdən müasir insanın tənhalaşmasının göstəricisi ola bilər – yəni insanlar bir-biri ilə bağ qurmaqda çətinlik çəkdikcə texnologiyaya yönəlirlər. Amma digər tərəfdən bu, yeni bir psixoloji dəstək formasının formalaşması da ola bilər. Əgər bu ünsiyyət insanı daha sonra real münasibətlər qurmağa, özünü ifadə etməyə təşviq edirsə, bu, tamamilə müsbət haldır. Məncə, əsas məsələ burada da tarazlığı və niyyəti qorumaqdadır. Sonda onu demək istərdim ki, süni intellektin ədəbiyyata gətirdiyi sualların özü də ədəbiyyat mövzusudur. Bu qarşılaşmanı bir son yox, yeni bir başlanğıc kimi görürəm.
Bu cavabı mənim əvəzimə Süni Zəka yazdı. Bunun özü də paradoksal bir durumdur. Yeni dövrün dərk edilməsi sadə deyil”.
Yazıçı Elçin Hüseynbəyli:
“Süni intellektlə maraqlanmıram, amma bu barədə tez-tez eşidirəm. Vaxtı ilə qəzet çıxanda deyirdilər ki, kitab dövrü bitdi, televizor çıxanda kinonun kitabını bağladılar, internet, media gələndə, qəzetləri kənara tullamağın vaxtı çatıb dedilər və s. və i. Məncə, süni intellekt texniki bilgilər verə bilər. Emosional durum insana məxsusdur. İnsanın qəlbini, düşüncəsini heç nə əvəz edə bilməz, çünki bir-birilə sıx əlaqədədir.
Yaradıcı insan daim tənha olur və darıxır. Bu baxımdan kənar ünsiyyət vacibdir və bəlkə də bu mənada psixoterapiya rolunu oynaya bilər”.
Jurnalist, yazıçı İlham Tumas:
“Düşünürəm, süni intellekt yaradıcı insan üçün heç bir təhlükə törətmir. Bu gün bir sıra məlumatların rahat əldə eləmək üçün süni intellektdən istifadə edirəm. Süni intellekt müəyyən məsələlərdə, yaradıcılıq işlərində yardımçı ola bilər, ancaq yazıçının, jurnalistin emosional düşüncələrinə hansısa formada təsirindən söhbət gedə bilməz. Açıq desəm, süni intellektlə emosional əlaqə quranlara da ciddi adam kimi baxmıram. Düşünürəm, belə adamlarda psixoloji problem var, xarakteri natamamdır, daxili dünyası kasaddır, tabe olmağa, mütiliyə meyllidir”.
Yazıçı Kənan Hacı:
“Bu sualın cavabı dərin təhlil tələb edir. Artıq texnoloji cin şüşədən çıxıb. Bu, qarşısıalınmaz prosesdir. Süni intellekti hələ biz anlamağa çalışırıq. Birmənalı demək olmaz ki, bu ancaq təhlükə gətirəcək. Heç kəs bu barədə dəqiq diaqnoz verə bilməz. Süni intellekt heç vaxt insan zəkasını əvəz edə bilməyəcək. Elə süni intellektin özü də insan zəkasının məhsuludur. Belə ki, təhlükə üçün bir əsas görmürəm”.
Yazıçı-dramaturq Ülviyyə Heydərova:
“Ümumiyyətlə, internet günümüzə daxil olandan insanlar bir növ ona sığındı. Sosial şəbəkələr geniş kütlə qarşısında tənhalığın nümayişidir. ChatGPT özünəqapanmadır. İnsanların "dərdinə şərik olunca" hamını özünə çəkir. Bir növ insanları sinəsinə, bağrına basır. Psixoloquna çevrilir. 2008-ci ildə "Noutbuk" adlı povest yazmışdım. Orda baş qəhrəman internetin necə onu yoldan çıxarmasını göstərir. Bu o dönəm idi ki, hələ həyatımıza sosial şəkələr daxil olmamışdı. Yalnız tanışlıq, ünsiyyət saytlarında özünə müxtəlif ad qoymaqla rahat ünsiyyət qura bilərdin. Qəhrəmanın virtual həyatla öz həyatı arasında uçurumu göstərməyə çalışmışdım. ChatGPT heç şübhəsiz ədəbiyyata təsir edəcək, amma əsl ədəbiyyat yaratmayacaq. Əsl ədəbiyyat ilahinin sənə ötürdüyüdür. ChatGPT isə məlumatlar bazasıdır. İlahi ötürdüyü hara, məlumatlar bazasının verdiyi hara? Müqayisəyə gəlirmi? Əlbəttə ki yox. İnsanların tənhalaşmasına səbəb təkcə süni intellekt deyil, elə bayaq dediyim kimi, internet dövrü başlayandan hamı kompüterinin, indi də smartfonun önündə təhnalığı ilə başbaşadır”.
Oğuz Ayvaz,
Medianews.az