Medianews.az
Azərbaycanda kitab oxuyanların sayı artır – <span style=color:red>Naşir SƏBƏBİ AÇIQLADI
237 baxış

Azərbaycanda kitab oxuyanların sayı artır – Naşir SƏBƏBİ AÇIQLADI

MDB məkanında vətəndaşları ən çox kitab oxuyan ölkə Belarusdur. Bunu Rusiyanın TASS informasiya agentliyinin baş direktoru Andrey Kondraşov deyib. O, bu fikirlərini Belarus paytaxtı Minskdə keçirilən 32-ci Beynəlxalq kitab sərgi-yarmarkasında açıqlayıb. Sosioloji sorğuların nəticələrinə əsaslanan Andrey Kondraşov bildirib ki, Belarusda hər min nəfərdən 369 nəfəri hər il kitabxanaları ziyarət edir və il ərzində kitabxanalardan 69 milyon kitab götürür. “Təsəvvür edirsinizmi, Rusiya ikinci yerdədir!” deyən Kondraşov MDB məkanında vətəndaşları ən çox kitab oxuyan ölkələr sırasında Rusiyanın Belarusdan sonra gəldiyini bildirib. Kondraşovun sözlərinə görə, bu siyahıda Azərbaycan üçüncü, Qazaxıstan isə dördüncü yerdə durur. Xatırladaq ki, Belarusda əhalinin sayı 9 milyon nəfərdən, Rusiyada 146 milyon nəfərdən, Azərbaycanda 10 milyon nəfərdən, Qazaxıstanda 20 milyon nəfərdən çoxdur. Bəzən ziyalılarımız, xüsusilə alimlərimiz, yazarlarımız, naşirlərimiz Azərbaycanda adamların az kitab oxumasından şikayətlənirlər. Düzdür, MDB məkanında üçüncü yerdə olmaq elə də böyük göstərici deyil, amma kiçik göstərici də sayıla bilməz. Biz kitab oxuyan millətikmi? Mövzu ilə bağlı Medianews.az-a danışan “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu bildirib ki, sözügedən sorğunun sosioloji meyarlar baxımından nə dərəcədə doğru-düzgün aparılıb-aparılmadığını bilmir: “Ona görə sırf sorğunun nəticələrini şərh etmək bir qədər çətindir, çünki biz onun nə qədər etibarlı araşdırma olduğundan xəbərsizik. Amma istənilən halda vətəndaşları çox kitab oxuyan ölkələr arasında Azərbaycanın adının çəkilməsi fəxr olunası faktdır. Yeri gəlmişkən bir məsələni diqqətinizə çatdırmaq istəyirəm ki, gündən-günə Azərbaycanda kitab oxuyanların sayı artır. Kitab nəşr edənlərin də sayı artır. İşıq üzü görən kitabların çeşidi çoxalır”. Ş.Xuduoğlu xatırladıb ki, Azərbaycanda kitabların idxalı və satışı, o cümlədən kitab nəşri üçün lazım olan kağızın idxalı və satışı ƏDV-dən azad edilib: “Postsovet məkanında hələ də bu sahəyə ƏDV, yəni 18 faiz vergi tətbiq edən ölkələr var. Məsələn, həmin ölkələrdən biri elə Rusiyadır”. “Son illərdə Azərbaycan kitaba münasibətini dəyişib” deyən Ş.Xuduoğlu bildirib ki, bu dəyişiklik kitab sənayesinin inkişafına birbaşa təsir göstərir: “Baxın, hər kəs – istər bölgələrdə, istər şəhərlərdə kitab oxumağın vacibliyindən danışır. Bu çox sevindirici haldır”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun