Tənqidi düşüncə bu günlərdə hər zamankından daha vacibdir. PİSA 2022 məlumatlarını araşdırdıqca təhsil sistemlərinin pandemiyadan sonra necə sarsıldığını açıq şəkildə görmək mümkündür. Bəzi ölkələr, o cümlədən Kamboca və Paraqvay, bu dövrdə ölçməyə belə cəhd etməyib. Nəticədə onların adı PİSA reytinqində olsa da, məlumatları yoxdur. Əgər nəticə təqdim edilməyəcəksə, bu ölkələr niyə siyahıya daxil edilib? Məntiq hardadır?
PİSA 2022-də ümumi mənzərə: Kim haradadır?
PİSA 2022 tədqiqatında 81 ölkədən təxminən 700,000 şagird iştirak edib. Riyaziyyat üzrə liderlər gözlənildiyi kimi yenə Asiya ölkələri oldu. İlk beşlik belə formalaşıb:
1. Sinqapur
2. Makao (Çin)
3. Çin Taypeyi
4. Honq-Konq (Çin)
5. Yaponiya
Bu ölkələrdə təhsil siyasəti uzunmüddətli planlaşdırmaya əsaslanır və ciddi STEM yönümlü strategiyalar həyata keçirilir.
Digər tərəfdən, sonuncu yerlərdə Kamboca və Paraqvay qərarlaşıb. Amma burada qeyri-adi bir detal var: bu ölkələr ümumiyyətlə nəticə təqdim etməyib!
Bu, bir neçə sual doğurur:
- Əgər test verilməyibsə, bu ölkələr niyə PİSA-nın iştirakçısı kimi görünür?
- Əgər iştirak ediblərsə, niyə nəticələri paylaşmırlar?
- Bu, sadəcə statistik görünüşü saxlamaq üçün bir manipulyasiya deyilmi?
Azərbaycan PİSA 2022-də haradadır?
Azərbaycan yalnız Bakı məktəbləri ilə təmsil olunsa da, 81 ölkə arasında 56-cı yeri tutub.
Müqayisə üçün:
Azərbaycan Meksika, Braziliya, Gürcüstan, Özbəkistan, Albaniya və Şimali Makedoniyanı geridə qoyub.
Lakin Türkiyə, Qazaxıstan və Rusiya Azərbaycanı qabaqlayıb.
Bu nəticə Azərbaycan üçün “nə yaxşıdır, nə də pis” kateqoriyasına düşür. Çünki dünya reytinqində geridə qalırıq, amma regionda müəyyən ölkələri qabaqlamışıq.
Azərbaycanın əsas problemi nədir?
Məktəblərdə təhsilin keyfiyyəti qeyri-bərabərdir. Bakı məktəbləri iştirak etdiyi halda, region məktəblərinin nəticələri bəlli deyil.
STEAM və riyaziyyat yönümlü təhsil hələ də zəifdir. Bu, xüsusilə PİSA-da əsas meyar olan riyaziyyatda özünü göstərir.
Müəllimlərin hazırlıq səviyyəsi və dərs metodologiyaları yenilənməlidir.
Pandemiya: Təhsilin böyük böhranı
PİSA 2022-nin nəticələrini pandemiyadan əvvəlki dövrlə müqayisə etdikdə, kəskin geriləmə aydın görünür.
57 ölkədə riyaziyyat nəticələri aşağı düşüb.
54 ölkədə oxu bacarıqları zəifləyib.
Bu son 10 ildə qeydə alınan ən böyük geriləmədir.
Yəni pandemiya təhsili iflic etdi. Sinif otaqlarının bağlanması, onlayn dərslərin effektli olmaması, psixoloji təsirlər və evdə öyrənmə mühitinin olmaması bu nəticəni qaçılmaz etdi.
Bu barədə OECD baş katibi Matias Korman belə deyir: “Pandemiyanın təsiri təkcə məktəblərin bağlanması ilə bitmədi. Psixoloji və akademik təsirlər hələ də davam edir.”
Bununla yanaşı bəzi ölkələr, xüsusilə Asiya ölkələri, pandemiyadan daha az zərər çəkdi. Onların uğur sirri nədir?
Təhsil sistemləri əvvəlcədən rəqəmsallaşdırıldığı üçün onlayn keçid asan oldu.
Müəllimlər və valideynlər daha fəal iştirak etdi.
Dərs proqramları pandemiyaya uyğunlaşdırıldı.
Gələcək üçün nə etməli?
Riyaziyyat və oxu bacarıqları üzrə xüsusi islahatlar aparılmalıdır. Ən yüksək nəticə göstərən ölkələrə baxaraq strategiyalar qurulmalıdır.
Təhsil bərabərsizliyi aradan qaldırılmalıdır. Bakıda və regionlarda təhsilin keyfiyyəti arasında fərq olmamalıdır.
Müəllimlərin hazırlığına ciddi sərmayə qoyulmalıdır. Müasir pedaqoji metodlar tətbiq olunmalıdır.
Pandemiyadan dərs çıxarmalıyıq. Onlayn təhsilin effektivliyi artırılmalı, alternativ metodlar hazırlanmalıdır.
PİSA 2022-nin nəticələri göstərir ki, dünya təhsili böhran yaşayır. Azərbaycanda vəziyyət tamamilə bərbad deyil, amma ciddi islahatlar aparılmazsa, rəqəmsal əsrdə daha da geridə qala bilərik. Əsas sual budur: bu nəticələrdən dərs çıxarıb, real addımlar atacağıq, yoxsa sadəcə statistika ilə kifayətlənəcəyik?
Kamran Əsədov,
ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru