03.03.2025, 17:30
275
baxış
Azad
“Parlamentin qərarı ölkədə böhranı dərinləşdirəcək” - Politoloq
İran parlamentinin iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Himmətinə etimad göstərməyərək onu nazir vəzifəsindən uzaqlaşdırması bu ölkədə böhranı dərinləşdirəcək. Medianews.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu bu fikirdədir.
E.Şahinoğlu fikirlərini belə əsaslandırıb:
“Birincisi, səsvermə zamanı 182 deputat nazirə etimadsızlıq göstərib, cəmi 89 nəfər onu dəstəkləyib. İran parlamentində mühafizəkarlar çoxluq təşkil edir. Deməli, Prezidentin təyin etdiyi nazir mühafizəkarların səyi ilə vəzifəsindən uzaqlaşdırılıb.
İkincisi, bu səsvermədən sonra Prezidentin strateji məsələləri üzrə müavini Məhəmməd Cavad Zərif istefa verdiyini açıqlayıb. Aydındır ki, Cavad Zərif parlamentdə iqtisadiyyat nazirinə etimad göstərilmədiyinə görə istefa verib. Bu Zərifin ikinci istefasıdır. Məsud Pezeşkian Prezident seçiləndən sonra keçmiş xarici işlər naziri Cavad Zərifi vitse-prezident təyin etmişdi. Cavad Zərif ötən ilin avqust ayında da istefa vermişdi. Zərif o zaman Prezidentin kabinet seçimindən (nazirləri seçməsindən) narazı qalmışdı. Pezeşkian parlamentin mühafizəkarların nəzarətində olduğunu diqqətə alaraq onların təmsilçilərini də nazir postlarına irəli sürmüşdü. Bu, Zərifin narazılığına səbəb olmuşdu. Görünür, Zərif hesab edirdi ki, islahatçı Prezident ölkənin inkişafını sürətləndirən nazirlərə üstünlük verməlidir. Zərifin o zamankı istefası Pezeşkianın mövqeyini zəiflədə bilərdi. Ona görə də Pezeşkian Zərifi müavini vəzifəsinə razı sala bilmişdi. Ancaq Zərifin ikinci istefasından sonra onu geri qaytarmaq mümkün olmayacaq.
Məsud Pezeşkian özündən əvvəlki islahatçı prezidentlər kimi mühafizəkar dairələrlə münasibətləri gərginləşdirmək istəmir, son dərəcə ehtiyatlıdır. İranı idarə edən ali dini liderdir. Ali dini liderin təyin etdiyi şəxslər və SEPAH generalları Prezidentə tabe deyillər. Xalqın seçdiyi Prezident bir qrup mollanın təyin etdiyi şəxsin sözü ilə geri addım atır. Bu halda Prezident vəd verdiyi islahatları necə həyata keçirəcək?”
Paylaş: