“Suriya Prezidenti Bəşər Əsədin uçduğu təyyarənin vurulması haqqında gəzən şayiələrə baxmayaraq, onun artıq Rusiyada olması barədə məlumatlar təsdiqini tapır. Rusiyanın dövlət xəbər agentlikləri Suriya Prezidenti Bəşər Əsəd və ailə üzvlərinin Moskvaya gəldiyini və Kreml rəhbərliyinin onlara sığınacaq verdiyini bildirib”.
Medianews.az xəbər verir ki, bu barədə politoloq Əlimusa İbrahimov bildirib.
O qeyd edib ki, B.Əsədin prezidentlikdən getməsi və Suriyadan qaçması ilə bağlı ilk rəsmi açıqlamanı bazar günü səhər Rusiya Xarici İşlər Nazirliyi verib.

Politoloqun qənaətincə, elə bu məlumatdan çıxış edərək Suriyanın keçmiş prezidentinin sağ olması barədə fikir yürütmək mümkün idi: “Lakin o anda Rusiya Xarici İşlər Nazirliyinin Bəşər Əsədin harada olduğu barədə heç bir məlumat verməməsi təyyarənin vurulması barədə şübhələri gücləndirdi. Daha sonra Rusiya mediası eyni vaxtda Kremldəki mənbəyə istinadən xəbər yaydı ki, Rusiya “humanitar mülahizələrə əsaslanaraq” Bəşər Əsəd və onun qohumlarına sığınacaq verib. Artıq “cidanı çuvalda gizlətmək” mümkün deyildi. İnd Bəşər Əsədin nədən ömrünün sonrakı günlərini yaşamaq üçün Rusiyada seçməsi müzakirələrin əsas mövzusu olacaq. Hesab edirəm ki, mövcud beynəlxalq-siyasi şərait altında Bəşər Əsədin və onun Suriya xalqından oğurladığı var-dövlətinin təhlükəsizliyini Rusiya kimi qoruya biləcək ikinci dövlət mövcud deyil”.

Ə.İbrahimov Yaxın Şərqdə cərəyan edən son proseslər fonunda Rusiyanın öz əsgərlərini Suriyadan çıxarmaq üçün Türkiyəyə müraciət etməsinə də diqqət çəkib: “Son günlər Rusiya hakimiyyət orqanları Suriyadakı hərbi kontingentinin təhlükəsiz şəraitdə olduqları barədə bir neçə bəyanat vermişdilər. İndi məlum olur ki, Rusiya Suriyadakı rus qüvvələrinin təhlükəsiz çıxışı üçün Türkiyədən dəstək istəyib. Görünən odur ki, Tarsus, Dəniz və Himeyim hava bazaları istisna olmaqla, Kreml əsgərlərini Suriyadan çəkməyi planlaşdırır”.

Politoloqun sözlərinə görə, Suriyadakı rus əsgərləri Türkiyə Silahlı Qüvvələrinin üstünlük təşkil etdiyi bölgəyə, sonra isə hava yolu ilə Rusiyaya göndəriləcək: “Rusiyanın Türkiyədən belə bir yardım tələb etməsi onun əsgərlərini Suriyadan təhlükəsiz şəkildə çıxarmaq istəyi ilə bağlıdır. Son hadisələr fonunda İranın proksi qüvvələrinin Suriyada təsiri uzun müddətdir ki, azalıb. İndiki halda Rusiya Türkiyənin dəstəyi ilə əsgərlərinin bir hissəsini Suriyadan təhlükəsiz şəkildə çıxarmağın yollarını axtarır və bu məqsədlə Ankaraya müraciət edib. Rusiyanın çətin durumda məhz Türkiyəyə yardım üçün müraciəti bundan sonra Suriya ilə bağlı məsələlərdə Türkiyənin ön sıraya çıxacağına işarə edir. Türkiyə nəhayət regional və qlobal məsələlərdə beynəlxalq münasibətlərin nüfuzlu aktoruna çevrilir”.
Nailə QASIMOVA