“İsrailin İrana hücum etdiyi gün ölkənin cənub-şərqindəki Sistan və Bəlucistan əyalətinin Taftan bölgəsində baş verən hücum nəticəsində 10 iranlı sərhədçi həlak olub. Sistan və Bəlucistan İranın ən həssas bölgələrindəndir. Bu bölgə silahlı qrupların tez-tez İran qüvvələrini hədəf aldığı hücumları və adam oğurluğu ilə məşhurdur. Son hücumlara görə məsuliyyəti “Ceyş əl-Adl” - “Ədalət Ordusu” öz üzərinə götürüb. Qruplaşma bu il ərzində İran silahlı qüvvələrinə bir neçə dəfə hücum ediblər. Nəticədə onlarla İran hərbçisi həlak olub”.
Medianews.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, bəluclar İran hakimiyyətində təmsil olunmayıblar.

Politoloqun qənaətincə, bəlucların bir qismi Tehranın onlara qarşı məzhəb ayrı-seçkiliyindən şikayətçidir: “Bəlucistan İranın ən kasıb əyalətidir. Bu amillər “Ceyş əl-Adl” qruplaşmasına Bəlucistanda terror hücumları təşkil etmək üçün zəmin yaradır. Silahlı bəluclar İrana qonşu olan Pakistana da problemlər yaradırlar. İran İslam İnqilabı Keşikçiləri Korpusu bu ilin yanvar ayında “Ceyş əl-Adl” qruplaşmasının Pakistandakı mövqelərinə zərbələr endirmişdi. Pakistan da buna cavab olaraq İran ərazisinə zərbələr endirdi”.

E.Şahinoğlunun sözlərinə görə, iki ölkə öz aralarında münasibətləri gərginləşdirməmək üçün bununla kifayətləniblər: “Helikopter qəzasında həlak olan İranın keçmiş xarici işlər naziri Hüseyn Əmir-Abdullahian “İran Pakistanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edir” açıqlamasını səsləndirməyi lazım bildi. Mərhum nazir Pakistan ərazisinə zərbələrin oradakı iranlı terrorçuların hədəf alınması kimi izah etmişdi. Buna baxmayaraq, terrorçu qruplaşmanın sərhəddəki həmlələri hər iki ölkə üçün ciddi problemlər yaradır. İran İsraillə gərginlik içərisində olarkən “Ceyş əl-Adl” terrorçu təşkilatı ilə mübarizəni də gücləndirmək məcburiyyətindədir”.
Turan ORUC