Medianews.az
CHP-də daha bir istefa -
94 baxış

CHP-də daha bir istefa - partiyanı tərk etdi

Türkiyədə müxalifətdəki Cümhuriyyət Xalq Partiyasında (CHP) istefa dalğası davam edir. İzmir və Haymana bələdiyyə başçılarının ardından Ədirnənin Keşan bələdiyyə başçısı Mehmet Özcan da partiyadan istefa verdiyini açıqlayıb.

Medianews.az xəbər verir ki, Mehmet Özcan 2024-cü il martın 31-də keçirilən yerli seçkilərdə səslərin 53,11 faizini toplayaraq dördüncü dəfə Keşan bələdiyyə başçısı seçilmişdi.

CHP Keşan Rayon Təşkilatının sədri Əli Çakır Özcanın istefasına sərt reaksiya verib. O, yerli mətbuatda bələdiyyə sədrinin hakim Ədalət və İnkişaf Partiyasına (AK Parti) keçəcəyi ilə bağlı xəbərlər gördüyünü və Mehmet Özcanın telefon zənglərinə cavab vermədiyini bildirib.

Əli Çakır, həmçinin, Özcanı "xəyanətdə" ittiham edib:

"Əgər belə bir qərar veribsə, əvvəlcə bələdiyyə sədri vəzifəsindən istefa verməlidir. Çünki bu vəzifəyə Keşan xalqının səsləri ilə gəlib. O, həm CHP-yə, həm də ona səs verən Keşan xalqına xəyanət edir".

Qeyd edək ki, Mehmet Özcan 1956-cı ildə Ədirnənin Keşan rayonunun Seydiköy kəndində anadan olub. Həkim ixtisasına yiyələnən Özcan uzun illər ümumi cərrah kimi fəaliyyət göstərib. O, 2004-cü ildə CHP-nin namizədi kimi ilk dəfə Keşan bələdiyyə başçısı seçilib və sonrakı seçkilərdə də ardıcıl qələbə qazanaraq vəzifəsini qoruyub saxlayıb.

Mehmet Özcan evlidir və bir övladı var. Onun AK Partiyaya qoşulacağı ilə bağlı iddialara isə hələlik rəsmi münasibət bildirilməyib.

Medianews.az

Bizə qoşulun