Ötən həftə Stokholmdakı İsveç Akademiyası Ədəbiyyat üzrə Nobel mükafatının qalibi kimi cənubi koreyalı yazıçı Han Qanı seçib. O, Cənubi Koreya Respublikasından bu mükafatı alan ilk yazıçı olub. Nobel Komitəsinin bu barədə yaydığı məlumata görə, yazıçı tarixi sarsıntılarla üz-üzə duran, insan həyatının kövrəkliyini üzə çıxaran zəngin, poetik nəsrinə görə təqdir edilib. Qeyd edək ki, Han Qan 2016-cı ildə Buker Mükafatına layiq görüldüyü “Vegeterian” romanı, eləcə də “İnsan hərəkətləri” və “Budur, oğlan gəlir” əsərləri ilə məşhurluq qazanıb.
Cənubi koreyalı Han Qanın Nobel mükafatına layiq görülməsi müxtəlif müzakirələrə yol açıb. Onun bu mükafata həqiqətən layiq olduğunu düşünənlər də var, əksinə, tənqid edənlər də. Bir qrup yazar isə bu məsələyə yanaşmada tamamilə fərqli mövqe ortaya qoyub.

Misal üçün,
yazıçı və jurnalist Ruzbeh Məmməd sosial media hesabında qeyd edib ki, qadınlar heç vaxt yaxşı yazıçı ola bilmir və bilməyiblər.
Yazıçı-publisist Pərviz Cəbrayıl da ona dəstək olaraq bildirib ki, kişilər qadın-kişi obrazı arasında fərq qoymur, qadınlar isə fərq qoymaya bilmir. Onun qənaətincə, yazıçı yazanda cinsi sıfıra enən məxluqdur, lakin qadın hər bir halda qadın olaraq qalır ki, bu da tam olaraq yazıçı olmağa imkan vermir.
Bu iddialar nə dərəcədə əsaslıdır? Doğrudanmı qadınlar yaxşı yazıçı ola bilmirlər?

Mövzu ilə bağlı Medianews.az-a danışan
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Əməkdar mədəniyyət işçisi Rəşad Məcid Nobel mükafatçısı Han Qanın əsərlərini oxumadığını diqqətə çatdırıb. Qeyd edib ki, bu günə qədər Nobel mükafatı alanlar içərisində kifayət qədər tanınmış qadın yazıçılar olub: “Ümumiyyətlə, yaxşı qadın yazıçılar var və onlar heç də kişi yazıçılardan geri qalmırlar. Vaxtı ilə müxtəlif sahələrdə qadınları aşağılayan, qadın beyninin kiçik olduğunu iddia edən bəzi yazarlar, filosoflar olub. Amma mən hesab edirəm ki, qadın beyni də hər sahədə uğur qazanmağa qadirdir. Bizim Azərbaycanda da qadın yazarlarımız var. Misal üçün, Xalq yazıçısı Afaq Məsud öz əsərləri ilə bir çox kişi həmkarını qabaqlayan yazıçıdır. Bu mənada belə diskussiyaların əleyhinəyəm. Cinsə bölmək, kimisə aşağılamaq olmaz. Hazırda dünyada da tanınmış qadın yazıçılar, müxtəlif sahələrdə böyük uğur qazanan qadınlar çoxdur”.
Yazıçı-jurnalist Aysel Əlizadə də Medianews.az-a açıqlamasında deyib ki, bəşər insanı kimi planetin ciddi mədəniyyətinin sərvəti statusunda böyük, fundamental yaradıcılığı olan kifayət qədər qadın yazıçı var. O, fikrini məşhur qadın yazarların adlarını sadalamaqla əsaslandırıb: “Qürur və qərəz” kimi şedevr yaradan Ceyn Ostin, “Ceyn Eyr” kimi illərin ən çox oxunan əsərlərindən birini qələmə alan Şarlotta Bronte, “Tufanlı yoxuşlar” kimi brilyantın sahibi Emili Brontenin adlarını ilk növbədə qeyd edərdim. Eyni zamanda, “Frankşteyn” adlı ilk elmi fantastika sayılan əsərin müəllifi Meri Şelli, “Konsuelo”, “İndiana”, “Mopra” və saysız dünyaca məşhur romanlar yazan Amandina Avrora Lüsil Düpen - yəni kişi imzası ilə yazmağa məcbur yazıçı qadınlardan biri Jorj Sand, ədəbiyyat tarixində yazılan ən çəkili romanlardan olan “Ovod”un yazarı Lilian Voyniçi də xatırlaya bilərəm. “Küləklə sovrulanlar” zirvəsini yaradan Marqaret Mitçelin bu romanı uzun illərin ən çox satılan kitabı olub. Bunlarla yanaşı, ədəbiyyatda modernizmin 3 yaradıcısından biri sayılan Vircinia Vulf, detektiv deyəndə adı ilk çəkilən Aqata Kristi, obyektivizmin yaradıcısı, elmi və ədəbi çevrələrdə beyin fırtınası yaradan amerikalı yazıçı-filosof Ayn Rand - “Qaynaq”, “Atlant çiyinlərini çəkdi”, tərzi, istedadı ilə uşaq ədəbiyyatının altını üstünə çevirən Astrid Lindqrenin də adlarını çəkə bilərəm”.

Yazıçı A.Əlizadə son illərin rekord satışlı kitab seriyasını yazan və planetin ən varlı yazıçısı sayılan “Harri Potter”in müəllifi Coan Roulinq, poeziyanın olmazsa olmazları Mariya Svetayeva, Anna Axmatovanın da adlarını xüsusi qeyd edib: “İlk ədəbiyyat Nobeli alan Selma Laqerlöf, Grazia Deledda, Siqrid Unset, Perl Bak, Qabriela Mistral və sairi də qeyd edə bilərəm. Mən Mistralın bir şeirini dilimizə çevirmişəm. Onun Çili və bütünlükdə Latın Amerikasında dekolonizial yanaşmanın formalaşmasına böyük qatqısı olub. “Yox kimidi, yox məmləkətim, Tanınmayan yurdum-yerim, Yorğun mələyim… Görünməyən işığım, Kol-kos basmış ölü sulu üzgün vətənim, Yüz illik əzabla kilidli evim, Yasəməni bitməyənim… Quru gölsən. Kimsə bilməz tanınmayan bu diyarda Mən də ölsəm…” Son illərin böyük yazarları Toni Morrison, Şimborskaya, Herta Müller, Svetlana Alekseyeviç və sair. Bu siyahını uzatmaq olar. Çünki istedadlı qadın yazıçılar çoxdur. Elə türk qızı Elif Şafak məşhur yazıçılardan biridir. Onun “Baba ve Piç”, “Aşk” kimi əsərləri kimdən geri qalır? Kanadalı ikiqat bukerçi Marqaret Etvud “Qulluqçunun hekayəti” əsəri illər öncə aləmi bir-birinə qatıb. Bu əsər əsasında çəkilən serial neçə il müzakirə mövzusu olub dünyada. Bu əsərdə və ona çəkilən serialda radikal dini-siyasi idarəçilik, antiutopiya, gender problemi və sair var. O, bu əsərində hər şeydən yazıb. Etvudun “Instagram” səhifəsini izləyirəm, o qədər rəngli, zəngin və mütəvazi yazıçıdır ki, elə bil bu qədər beynəlxalq haray-həşiri onun kitabı salmayıb”.

A.Əlizadə vurğulayıb ki, belə mövzuları qadın-kişi bölücülüyü ilə təhlil etmək qlobal məzmunu lokal görmək və ya heç görməmək sayılar: “Hələ mən bədii ədəbiyyatda olan bir neçə qadının adlarını sadaladım. Yazının ayrı-ayrı janrlarında çox gözəl işlər ortaya qoyan saysız qadın müəllif var. Gələn dəfə onlardan danışarıq. Bu ilin ədəbiyyat nobelçisi Han Qana gəldikdə, bukerçidir, Cənubi Koreyanın ilk nobelçi yazıçısı oldu. Daha öncə (2000) Koreyanın keçmiş prezidenti Nobel Sülh Mükafatına layiq görülüb. Yeri gəlmişkən, bu il Sülh mükafatını nüvə silahına qarşı apardığı kampaniyaya görə, Yaponiyanın milli təşkilatı “Nihon Hidankyo” alıb. Koreya çox sahədə öndədir. Söhbət təkcə elmi-texnoloji sahələrdən getmir. Kino, musiqi, indi də ədəbiyyatı beynəlxalq dəyər aldı. Ortada Şimali Koreya fərqi var və Şərqin “Cənubu”nun Qərb inkişaf modeli ilə gəlib çıxdığı məqam, mövqe qabarır. Bunlar ciddi məsələlərdir. Belə mövzuları qadın-kişi bölücülüyü ilə təhlil etmək qlobal məzmunu lokal görmək və ya heç görməmək sayılar. Ona görə də mən hələ oxumadığım “The Vegetarian” romanını oxumağa hazırlaşıram”.
Nailə QASIMOVA