Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 7-də Rusiya Federasiyasına səfər edib. Həmin gün Moskvada MDB dövlət və hökumət başçılarının qeyri-rəsmi naharı olub. Oktyabrın 8-də isə Kremldə Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşüb. Ardınca MDB Dövlət Başçıları Şurasının iclası keçirilib. Azərbaycan Prezidenti iclasda iştirak edib.
Bu səfərin əhəmiyyətini Medianews.az-a şərh edən siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu bildirib ki, belə görüşlər fonunda, ənənəvi olaraq MDB çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi, gələcək planlarının müzakirə olunması və bütövlükdə mövcud vəziyyət ətrafında müzakirələr aparılır.

“Hesab edirəm ki, bu görüşdə hər şeydən öncə, MDB dövlət başçıları öz təmaslarını daha da sıxlaşdıra bilərlər. Bu, münasibətlərin inkişafına çox müsbət təsir göstərir. Bildiyimiz kimi, Azərbaycan Cənubi Qafqaz regionunda yeni geosiyasi vəziyyət yaradıb, öz torpaqlarını Ermənistan işğalından azad edib və bu kontekstdə beynəlxalq münasibətlər sistemində siyasi, iqtisadi əməkdaşlıq obrazını keyfiyyətcə yeniləyib. Bu baxımdan düşünürəm ki, əsas gözlənti ondan ibarətdir ki, bundan sonrakı proseslərdə Azərbaycan özünün haqlı mövqelərinə MDB platformasında daha yaxından dəstək alsın”, - deyə professor vurğulayıb.

E.Mirbəşiroğlunun fikrincə, MDB platformasında aparıcı ölkə kimi çıxış edən Azərbaycan Rusiya ilə münasibətlərini kifayət qədər yüksək səviyyəyə çatdırıb: “Ölkələr arasında olduqca yaxşı qarşılıqlı mühit mövcuddur və konstruktiv dialoq mümkündür. Bunun özü, MDB platformasında bizim mövqelərimizin hər zaman uğurlu olmasını şərtləndirir. Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Sözsüz ki, ali səviyyədə görüşlər növbəti mərhələdə ölkələr arasında münasibətlərin, əməkdaşlığın daha da dinamik inkişafına imkan verir. Xatırlayaq ki, avqust ayının 18-19-da Rusiya Prezidenti Vladimir Putin Azərbaycanda səfərdə olub. Bu səfər çərçivəsində ölkələr arasında gələcək münasibətlərin daha da inkişaf etdirilməsi, səmərəli əməkdaşlıq imkanlarının yaradılması ətrafında geniş müzakirələr aparılıb, sənədlər imzalanıb. Sözsüz ki, avqust ayındakı görüşdən keçən zaman ərzində tərəflər arasında münasibətlərdəki vəziyyətin müzakirə olunması imkanı bu görüş çərçivəsində yaranıb. Düşünürəm ki, bundan öncəki görüş zamanı həyata keçirilməsi planlaşdırılan məsələlərlə bağlı vəziyyətin necə olduğu da Moskvada müzakirə olunub”.

Professor Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin getdiyini xatırladıb. Deyib ki, Azərbaycan öz haqlı mövqeyini MDB platforması çərçivəsində də təqdim edir: “Azərbaycan Prezidentinin MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı, Rusiya Prezidenti ilə görüşü bütün hallarda, MDB platformasında Azərbaycanın mövqelərinə müsbət təsir göstərir. Bu, iki dövlət arasındakı münasibətlərin dinamik inkişafına, qarşılıqlı maraqlarının təmin olunması istiqamətində əməkdaşlıq əlaqələrinə müsbət töhfələr verəcək. Belə bir fonda COP29-a qədər Azərbaycanla Ermənistan arasında hər hansı bir sazişin imzalanması məsələsinə gəlincə, bu, İrəvanın sərgilədiyi mövqelərdən asılı olacaq. Ermənistan bununla bağlı zaman-zaman mövqe sərgiləyir. Yəni, COP29-a qədər hər hansı bir sənədlərin imzalanması ehtimalını səsləndirir. Lakin, Azərbaycanın irəli sürdüyü prinsipial şərtlər var. Rəsmi Bakının irəli sürdüyü məsələlərin açıq qalması gələcəkdə Ermənistana Azərbaycana qarşı yenidən çıxma imkanı verə bilər. Ona görə də Azərbaycan məsələni birdəfəlik, etibarlı şəkildə həll etmək istəyir. Ona görə də, hesab edirəm ki, Bakıda keçiriləcək beynəlxalq əhəmiyyətli tədbirə qədər sülh sazişinin imzalanması Ermənistanın sərgilədiyi mövqeyin nə dərəcədə konstruktiv olmasından asılıdır”.

E.Mirbəşiroğlu söyləyib ki, Azərbaycanın sülh sazişinin imzalanmasına dair yeni baxış bucağı, 2020-ci ildən sonra sərgilədiyi mövqe ilə eynilik təşkil edir: “Bəli, biz münasibətlərin normallaşdırılmasının, sülh sazişinin imzalanmasının tərəfdarıyıq. Qeyd etdiyim kimi, irəli sürülən şərtlər çərçivəsində məsələnin birdəfəlik, etibarlı həllinin əldə olunmasını istəyirik. Ermənistanın mövqeyi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin də bir bəyanatı olub və Ermənistan növbəti dəfə konstruktiv mövqeyə dəvət edilib. Lakin Beynəlxalq Frankofoniya sammiti çərçivəsində Ermənistan Fransa ilə birləşərək Azərbaycana qarşı qərəz nümayiş etdirib. Bu, onu göstərir ki, Ermənistan sülh ritorikasında səmimi deyil və ümumiyyətlə, səmimiyyətdən çox uzaqdır. Belə hallar tərəflər arasında münasibətlərin normallaşdırılması imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Bir daha qeyd etmək istəyirəm ki, vəziyyət Ermənistanın sərgilədiyi mövqedən asılıdır”.
Lamiyə