Bu gün Azərbaycanda İlaxır çərşənbədir. Novruz bayramına sayılı günlər qalıb. Novruz bayramı halallıq, təmizlik bayramıdır. Bu xalqımızın həyata nikbin baxışının, təbiətin və insanlığın qələbəsinə inamının bayramıdır. Novruz “təzə il” deməkdir, baharın ilk günüdür. Bütün müsəlmanların həyatında əsl yeni ilə həmin gündən başlanır. Novruzun gəlişi ilə evlərə, ailələrə yeni büsat, şadlıq və sevinc gətirir. Hamı çalışır ki, bu bayramı yüksək təntənə ilə, ürək sevinci ilə, qəlb fərəhi ilə qarşılasın.
Novruz bayramı gecə ilə gündüzün bərabərləşdiyi 21 mart tarixində qeyd olunur. Novruzdan əvvəl isə dörd həftə ardıcıllıqla hər çərşənbə günü başqa – başqa adla qeyd olunur hansılar ki, aşağıda sıralanıb:
İlk çərşənbə Su çərşənbəsi adlanır.
Su çərşənbəsi adətən havaların yavaş – yavaş isinməyə başladığı, çaylardakı buzların əriyərək çaya qarışdığı vaxt ilə üst – üstə düşür.
İlin ikinci çərşənbəsi Od çərşənbəsi adlanır.
Bu çərşənbədən etibarən günəş torpağı daha da qızdırmağa başlayır və insanlar həyətlərində tonqallar qalayıb evlərində hər ailə üzvünə görə bir şam yandırırlar.
Üçüncü çərşənbəmiz Yel çərşənbəsidir.
Bu gündən etibarən bəzi ağaclarda tozlanma başlayır. Bu isə demək olar küləyin hesabına əmələ gəlir.
Dördüncü çərşənbə isə Torpaq çərşənbəsidir. Bu çərçənbəyə İlaxır çərşənbə də deyilir. Hər il ölkəmizdə bu çərşənbə xüsusi təntənə ilə qeyd olunur.
Torpaq çərşənbəsində halal zəhmətə çağırış, torpağa məhəbbət var. Bu çərşənbədə təbiət qış yuxusundan oyanır, torpağın donu açılır, insanların ovqatı təzələnir.
Torpaq çərşənbəsi Novruz bayramının ayın və mərasimləri ilə də zəngindir. Hamı bu çərşənbədə süfrəsinə xüsusi hazırlıq görür, onun daha zəngin olmasına çalışır. Əvvəlcədən ev-eşik təmizlənir, xüsusi bayram tədarükü görülür. Yumurta boyanır, qovurğa qovurulur, plov süzülür, şirniyyat bişirilir.
İlaxır çərşəbədə küsülülər barışır, hamı təzə paltar geyinməyə, qulaq falına çıxanları düşünüb xoş sözlər deməyə çalışır. İlxaır çərşənbədə papaq atmaq gənclər və uşaqlar arasında yayılan və sevilən bir adətdir. Bu adətə görə atılan papağı heç vaxt boş qaytarmazlar deyirlər.
Tonqaldan tullanmaq isə növbəti adətlərimizdəndir bu adət həm Novruz bayramı günü həm də əsas Od çərşənbəsi günü həyata keçirilir.
Səməni əkmək isə demək olar bütün ailələrdə həyata keçirilən bir adətdir, hər bir ailədə səməni yetişdirilir və bu da yazın gəlişindən ətrafın yaşıllaşmağından xəbər verir.
Yumurta döyüşdürmək isə elə balaca vaxtlarımızdan hamımızın ən sevdiyi olub.
İlaxır çərşənbə xüsusi ilə gənc, subay qızların ən sevimli bayramıdır. Çünki məhz bu gün qızlar ürəklərində arzu tutub Novruz falına baxırlar. Həmin falda nə çıxırsa, o da çin olur. Çünki inam ümidin yarısıdır. Nəyə inanarsan, o da hasil olar.
Həmin sınanmış adətlərin bir neçəsinə diqqət edək:
Üzük falı: İlin axır çərşənbə axşamı gecəsi cavan qızlar bir yerə yığışırlar. Bir qaba su tökürlər. Əllərindəki üzükləri çıxarıb saçlarına salırlar. Niyyət tutub üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarlarına dəyir. Üzük neçə dəfə qaba dəyirsə, sayırsan. Demək o yaşda da gəlin gedəcəksən.
Qulaq falı: Bu adətdə görə hər hansı bir evdə danışılanlar gizlincə dinlənilir əgər yaxşı söhbətlər danışılırsa, onda bu o deməkdir ki, arzunuz yerinə yetəcək.
Açar falı: İlaxır çərşənbə axşamı ürəyində niyyət tutan şəxs özü ilə açar götürüb evlərinin yanındakı yola çıxır. Yolayırıcı olan yerdə açarı sağ ayağının altına qoyub gözləyir. Yoldan ötənlərin ilk sözünü eşidib yadında saxlayır və açarı da götürərək geri qayıdır. Eşitdiyi söz xoş bir məna verirsə, yaxşı nəsə haqqındadırsa, həmin adam niyyətinin baş tutacağına inanır. Buradakı açar isə simvolik olaraq həmin niyyətin açarı deməkdir.
Alma falı: İlaxır çərşənbə və Novruz bayramı axşamı iki alma seçilir və onlardan birinə nişan qoyulur. Daha sonra həmin nişanı gizlədərək niyyət tutulur və evdəkilərdən birinə almalardan birini götürməsi deyilir. Həmin adam əgər nişanlanmış almanı götürərsə, bu, niyyətin həyata keçəcəyinə işarə kimi anlaşılır. Burada istifadə olunan alma, mifoloji dünyagörüşdə xoşbəxtlik, uğur bəxş edən rəmzi motivin daşıyıcısıdır.
Ayna falı: İlaxır çərşənbəsi və Novruz axşamında subay qızlar bir evə yığışıb ayna falını icra edirlər. Ayinin qaydası belədir: bir qurğu qoyulub şam yandırılır. Evdəki digər işıqlar söndürülür. Güzgüyə yalnız şamın işığı düşür. Niyyət tutan qız güzgünün qarşısında oturur. İnama görə, qız güzgüyə xeyli baxdıqda orada oğlan əksi görünür. Qız, əksi görünən həmin oğlana nişanlı olacağına inanır.
Başmaq falı: İlaxır çərşənbə axşamı ərgən qızlar evin qapısında arxası həyətə doğru dayanıb sağ çiyin üzərindən başmaq tullayırlar. Əgər başmağın burun tərəfi evə, daban tərəfi yola sarı düşərsə, deməli, qarşıdakı il həmin qız yenə də bu evdə qalacaq. Əksinə olarsa, o zaman çox yaxında xeyir xəbər eşidəcəklərinə inanırlar.
Mehin Mehmanqızı
Medianews.az