Müəllimlərin sertifikatlaşdırma imtahanları ilə bağlı yaşı 60-dan yuxarı olan şəxslərin də imtahanlara cəlb ediləcəyi xəbəri cəmiyyət arasında bir çox suallara səbəb olub. Bəzi insanlar düşünür ki, həmin müəllimlər yaşları yüksək olduğu üçün imtahana hazırlaşa bilmir.
Məsələ ilə bağlı Medianews.az-a danışan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, yaşı 60-dan yuxarı olan müəllimlərin də setifikatlaşdırılma imtahanlarına cəlb edilməyini düzgün hesab edir:
“Digər yüksək təhsil nümunəsinə malik dövlətlərdə də müəllimlərin sertifikatlaşdırılması bizim ölkəmizdəki kimidir. Yaşından asılı olmayaraq, hər bir müəllim sertifikasiyaya cəlb olunmalıdır. Bilik səviyyəsinin yoxlanılması üçün bundan yaxşı üsul yoxdur. Biz elə bir dövrdə yaşayırıq ki, yaşından asılı olmayaraq hər bir peşə sahibləri öz üzərlərində çalışmalıdır. Öz biliyinə, savadına güvənən hər bir müəllim sertifikasiyanın faydalı olduğunu qəbul edir və prosesi dəstəkləyir. Təhsilin keyfiyyətini artırmaq istəyiriksə, bu qaydanın hamıya şamil olunması vacibdir”.
Ekspert qeyd edib ki, istənilən peşə ilə məşğul olan şəxslər inkişaf etmək üçün ömrü boyu öyrənməyə davam etməlidirlər:
“Sertifikasiya ilə bağlı cəmiyyətdə mövqe birmənalı deyil. Bunun əleyhdarları kifayət qədər var. Lakin sistemin doğru olduğunu düşünənlər də az deyil. İmtahanları tənqid edən insanlara səslənirəm. Öz övladlarınızı savadı olmayan müəllimə etibar edərsiniz? Təbii ki, etməzsiniz. Mən də etmərəm. Ona görə də imtahanların əhəmiyyətini anlamalıdırlar. Cəmiyyəti bu məsələni bir daha götür-qoy etməyə dəvət edirəm”.
Xatırladırıq ki, Müəllimlərin sertifikatlaşdırma imtahanlarında maksimum yaş həddi 65-dir. Sertifikatlaşdırmadan yaxşı nəticə əldə etmiş müəllimlər bir sıra üstünlüklər əldə edəcəklər.
Xanlar Əlibəy
Medianews.az