Rusiya Dövlət Dumasının fəaliyyətini işıqlandıran “Duma TV”-də Azərbaycana qarşı təxribat törədilib.
Medianews.az xəbər verir ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Sülhməramlı Qüvvələrinin müvəqqəti nəzarətində olan Laçın şəhərinin, Sus və Zabux kəndlərinin Azərbaycanın nəzarətinə qaytarılması, Azərbaycan ordusunun Laçında yerləşməsi ilə bağlı bəyanatından sonra Duma TV-də “Dağlıq Qarabağda Azərbaycan ordusu yerləşdirilib” başlıqlı hərbi tarixçi, politoloq Nikita Buranovun açıqlaması yayılıb.
Səs yazısı formatında olan açıqlamada əvvəldən axıra qədər anti-Azərbaycan mövqe əks olunub. Belə ki, dırnaqarası “hərbi tarixçi” və “politoloq” N. Buranov Azərbaycanın əzəli torpağı olan Qarabağı hərbi güclə zəbt etdiyini və bundan təəssüfləndiyini bildirib: “Azərbaycan hər zaman öz məqsədini açıq bəyan edib, heç vaxt Qarabağı zəbt etmək məqsədini gizlətməyib. Təəssüflər olsun ki, son hadisələr göstərir və sübut edir ki, Azərbaycan istisnasız olaraq hərbi yolla buna nail olacaq. Onlar istisnasız olaraq bu məsələnin hərbi yolla həllinə ümid edirlər. Hətta orada yerləşdirilən Rusiya sülhməramlıları da kifayət qədər gücə malik deyillər. Bunun səbəbi onların ağır silahlarının olmamasıdır. Gördüyümüz kimi Azərbaycan tərəfi heç bir güzəştə getməyə hazılaşmır, “DQR” üzərində tam nəzarəti ələ keçirməyə çalışır”.
Dırnaqarası politoloq biraz da irəli gedərək Qarabağdakı vəziyyəti ermənilərin Birinci Dünya müharibəsindəki düşdükləri vəziyyətə bənzədir, Azərbaycanın Ermənistanın mövcudluğu ilə barışmaq istəmədiyini, Naxçıvana dəhliz istədiyini, Qazaxıstanla razılaşdığını bildirir.