Bahalaşma hər sahədə özünü göstərdiyi kimi kirayə mənzillərin də qiymətinə təsir edir. İllər əvvəlki qiymətlərlə bugünkilər uyğunlaşmır. Statistikaya nəzər salsaq, hər keçən il mənzillərin bahalaşdığını görərik. Xüsusilə universitetlərin açılmasına yaxın tələbələrin rayonlardan şəhərə gəlməsini nəzərə alan şəxslər evlərinin qiymətini qaldıraraq bazarda təklifin tələbi üstələməsinə nail olurlar.
Kirayə mənzil bazarındakı hazırki vəziyyətlə bağlı Medianews.az-a danışan Azərbaycan Rieltorlar Birliyinin sədri Elnur Azadov bildirib ki, keçən illə bu il arasında qiymətlər yalnızca 5-10 faiz dəyişib:
“Qiymət artımı əvvəlki illə müqayisədə demək olar ki, çox dəyişməyib. Yalnızca 5-10 faiz fərq var. Evlərin bu vaxtı bahalaşmağı gözlənilən haldır. Çünki tələbələr Bakıya gələrək ev tuturlar, nəticədə də bazarda təkliflər azalır. Digər şəxslər də evlərini kirayə verərkən tələbin çox, təklifin az olduğunu görüb evlərini baha qiymətə verirlər. Qiymət artımı əsasən sentyabrın 15-20-dən sonra olur”.
Ekspert mənzillərin bahalaşmasına səbəb olan amilləri açıqlayıb:
“2017-ci ildə Nazirlər Kabinetinin 86 nömrəli qərarı ilə pilot layihələr başlayıb. Pilot layihənin məqsədi köhnə binaların sökülərək yeniləri ilə əvəz olunmasından ibarətdir. Bu da bazarda təkliflərin azalmasına səbəb olur. Çünki köhnə evlərin qiymətləri nisbətən ucuz olur. Yeni tikilənlər isə od qiymətinədir. Məsələn, Sovetski ərazisində, Təbriz küçəsində, Nəsimi rayonunda ucuz evlərin sayı çox idi. Onların sökülərək yerlərində çoxmərtəbəli binaların tikilməsi ucuz mənzillərin sonunu gətirdi. Hər il köhnə mənzillər sökülür, yerində çoxmərtəbəli evlər tikilir. Yeni tikilən binalarda da qiymət baha olur. Əhalinin təbii artımı, urbanizasiya, tələbələr, ailələrin çoxalmağı, kənd yerlərindən şəhərə gələnlər də artıma təsir edir”.
Xanlar Əlibəy
Medianews.az