Bir azərbaycanlıya 15 gün vaxt lazındır, getsin Özbəkistana və yerli dili öyrənərək başını dolandırsın. Bir özbəyə də 15 gün lazımdır ki, gəlsin Azərbaycana, ana dilimizi öyrənərək hər kəslə anlaşsın.
Yəni bu dillər bir-birinə çox yaxındır, iki türk xalqının, bu türkdilli xalqların lisanında on minlərlə eyni söz var. Cümlələrin quruluşu da eynidir, müasir terminləri (kosmosdan internetə qədər) də eyni vaxtda alıblar. Bir az tələffüz fərqi var, bir az da hərəsi öz qonşularından xeyli söz alıblar ki, eşidəndə bir-birinə yabançı, anlaşılmaz gələ bilir.
Məsələn, oturmusan avtobusda, iki özbək minir, biri azca öndə olandan soruşur: “Arxada yer varmı?”. İrəlidə olan cavab verir: “Var, var, gəl”. Bəlkə də başqası bu “var, var” ifadəsini “varvar” kimi başa düşər, amma biz bilirik ki, adam arxadakı oturacaqlarda yer olduğunu nəzərdə tutur.
Yaxud ağ-mavi rənglənmiş yol polisi maşınını görürsən, üstünə YPX yazılıb. Açması da belədir: “Yol Patrulu Xızmatı”. Bizim YPX ilə özbəklərin YPX-sinin işlətdikləri rəqəmlərin arasındakı fərqi bilmirəm, amma adlarında cəmi bir hərf və yoğun-nazik səs fərqi var: biz “xidmət” deyirik, onlar “xızmat”. Ta bilmirəm hansı daha düzdür. Deyəsən, bu da “Qəddafi”-“Qəzzafi” məsələsi kimidir, bir türlü o ərəbcədəki Z və D hərflərini düz yazıb-oxuya bilmirik. Hələ yaxşı ki, Zülfüara Dülfüqar, Zeynəbə Deynəb demirik.
Daşkənddə aptek lazım olmuşdu. Otelin şlaqbaum qaldırıb-endirənindən soruşdum, dedi, yolun qarşı tərəfində var. Beləcə də dedi. Dərmanı aldım, gəldim, təşəkkür edəndə, dedi, əkə, Türkiyədən gəlmisən, yoxsa Azərbaycandan. Dedim. Və soruşdum ki, türkcə bilirsən, deyəsən. Dedi, bir az bilirəm. Bir xeyli danışdıq, o özbək qarışıq türkcə, mən də öz dilimizdə. Dedim, görürsən, necə asan anlaşırıq. Dedi, əvət, öylədir, çünki dilimizin kökü eynidir.
Daha sonra konqresin xidməti personalında çalışan bir gəncdən yaşıl çay istədim, “Göy çay varmı” soruşdum. O da belə cavab verdi: “Gök çaymı? Gök çay var”. Onunla da bir xeyli danışdıq. Xarəzmliydi, “türkcəni az-maz bilirəm” dedi, amma iki dəqiqə danışdı. Keramika ustasıyla daha çox danışdıq, mənə sinilərə, çaydanlara vurduğu rəngləri izah edirdi: “Bu firuzəyidir, siz nə dersiniz? Bu, mavidir, bu, bir az tünd olan lacivərddir”. Dedim, biz də elə deyirik.
Xivədə olanda isə otelin personlaıyla eyzən öz dilimizdə danışdım, onlar da öz dillərində danışırdılar, amma məncə, eyni dildə danışırdıq, arada bir misqal anlaşılmazlıq yox idi.
Nə vaxtsa bütün türk xalqalarını birləşdirəcək ortaq türkcə tətbiqinə start verilsə, əminəm ki, bu, olduqca sürətlə başa gələcək. Zatən, gediş-gəlişlərin intensivləşməsi, siyasi-mədəni-ticarət əlaqələrinin artması dilləri bir-birinə yaxınlaşdırır. Sadəcə, biz 600 yox, 1500 sözlə danışmağa başlayanda hamımız bir-birimizi asanlıqla anlayacağıq.
Yeri gəlmişkən, bu xüsusda bir-iki ciddi yanlışlıq da var. Bizdə kiməsə “əkə” deyəndə adam az qalır dalaşsın. Hətta yadıma gəlir, bu sözün üstündə redaksiyamıza davaya gələnlər olmuşdu (elə bilmişdilər, müəllifimiz o sözü sataşmaq üçün işlədib). Halbuki özbəklər ən hörmət etdikləri adama “aka” deyirlər. Bu, təxminən iranlıların “ağa”sı ilə Anadolu türklərinin “abi”si arasında bir şeydir. Mənə də sevə-sevə “aka” deyə xitab edirdilər, xoşuma gəlirdi.
Bir də hələ sovet dövründən ölkəmizdə danışılan bir söhbət var. Guya bir müğənnimiz Özbəkistanda konsert verib və “Qəbahətim böyükdür, ay ellər, billur kimi bir ürək, bir könül sındırmışam” mahnısını oxuyanda özbəklər mənalı-mənalı gülüşürmüşlər. Elə şey yoxdur. Yalan söhbətdir. Bizim “qəbahət” dediyimiz şeyə özbəklər “kabahat” deyir. Lətifəmizdəki “qəbahət”ə isə başqa söz deyirlər, biz deyənlərdən. Zatən, türk xalqlarının, demək olar ki, hamısı bədən orqanlarının adını eyni cür deyir. Bəlkə zövqə görə bir-iki fərq ola.
Hər iki dildə səslənişi, yazılışı eyni olan, amma fərqli mənalar verən sözlər də ola bilər və mühəqqəq var, amma onların üstünə basa-basa durmaq aradakı yabançılığı, anlaşmazlığı artırmağa xidmət edir. Ona qalsa ara təzə açılanda Anadolu türklərinin işlətdiyi “pəzəvəng”lə bizim “pəzəvəng”in üzərində zarafatlar baş alıb gedirdi. Amma indi hamı bilir ki, o nədir, bu nədir.
Bu yaxınlarda Anadolu lisanında kütləvi şəkildə danışmağımız və anlamağımızla bağlı demişdim ki, dostlar, biz Türkiyənin yazı dilini bilmirik, dizi dilini bilirik. İnşallah, yaxın gələcəkdə Orta Asiyanın da məişət dilini kütləvi şəkildə biləcəyik. Ordan isə yazı dilinə bir şey qalmır.