Medianews.az
İran xalqı şahın oğlunu məyus edəcəkmi?
115 baxış

İran xalqı şahın oğlunu məyus edəcəkmi?

İranın sonuncu şahının oğlu Rza Pəhləvinin İran xalqını 8 və 9 yanvar tarixlərində küçələrə çıxmağa çağırmasından bir suktadan artıq vaxt keçdi. 8 yanvarda aksiyalar davam etsə də, son bir neçə saatdır Tehranda xalqın şah oğlunun çağırışına laqeyd qaldığı keçən gündə məlum oldu - milyonlar meydanlara çıxmadı.

Musavat.com xəbər verir ki, aksiyalarda kütləviliyin əvvəlki günlərdəkindən ciddi fərlənmədiyi müşahidə olunub. Siyasi ekspertlərin şərhlərinə görə, çağırış Rza Pəhləvinin nəbz yoxlaması idi. Bu, eyni zamanda ABŞ və İsrail üçün bir yoxlama idi ki, görsünlər İran xalqının Rza Pəhləviyə münasibəti necədir, xalq şahın oğlunun bir çağırışı ilə meydanlara axışarmı?

Bugünkü vəziyyət Pəhləvinin istədiyi nəticənin olmadığını göstərdi. İndi ümid 9 yanvara qalıb. İranda yaşayan müxtəlif millətlərn, o cümlədən azərbaycanlıların mütləq əksəriyyətinin, hətta farsların əksəriyyətinin molla rejiminin yerinə Pəhləvinin simasında yenidən şah üsul-idarəsinin bərpasını istəmədiyi get-gedə daha aydın şəkildə üzə çıxmaqdadır. Pəhləvinin müraciəti o mənada əslində yaxşı oldu ki, reallığın nədən ibarət olduğunu həm onun özü, həm bütün İran xalqı, həm də şahın oğlunu hakimiyyətə gətirmək həvəsinə düşənlər gördülər. Əgər Pəhləvinin çağırışından sonra etirazlar əvvəlki günlərlə müqayisədə daha kütləvi olmadısa bir çox beynəlxalq güclər hesablarında dəyişiklik edib Rza Pəhləvi kartını kənara qoya bilərlər.

Politoloq Aqil Məmmədov bildirib ki, molla rejiminin getməsi variantında İran cəmiyyəti özü qərar verməlidir: potensial islahatlar təklif edən prezident Məsud Pezeşkianımı, yoxsa nostalji ümid təklif edən Rza Pəhləvinimi dəstəkləyəcək. Hər iki siyasi fiqurun müqayisəli təhlilini apardıqda kimin daha effektiv ola bilmə ehtimalı ortaya çıxır.

Politoloq deyib ki, Pezeşkian həm ixtisasca həkim, həm də uzun illərdir siyasi proseslərin içərisində olan şəxsdir: “Aydın məsələdir ki, o, cəmiyyəti narahat edən problemlərin hansı orqandan qaynaqlandığına və onun necə müalicə edilə biləcəyini bilən adamdır. Yeni dönəmdə İran üçün Pezeşkianın əsas siyasi lider olaraq önə çıxmasının səbəblərindən biri də onun legitim olmasıdır. O, hakimiyyətə seçki ilə gəlib və beləliklə, prezident kimi bütün kəsimlərin hüquqi təmsilçisidir. Daxildə legitim olduğu qədər, Məsud Pezeşkian beynəlxalq arenada da legitimdir. Prezident seçildikdən sonra onun qonşularla səmərəli əlaqələr qurmağa meylli olması, Azərbaycan və Türkiyə ilə əlaqələri səmimi qonşuluq səviyyəsinə çıxarması həm rəsmi Bakı, həm də rəsmi Ankara tərəfindən konstruktiv qarşılanır”.

Siyasi analitik qeyd edib ki, Pezeşkiandan fərqli olaraq, Pəhləvi mövcud sistemlə düşmən mövqedə dayanan fiqurdur, 45 ildən çoxdur İrandan kənarda yaşayır, daxildə aktiv siyasi proseslərdə iştirak etmir: “Rza Pəhləvi və İran diasporu nostalji hisslərlə yaşayırlar, ancaq keçmişin nostalji hissləri ilə sabahın iqtisadi islahatlarını həyata keçirmək mümkün deyil. Pəhləvi dönəminin bayrağı altında rejimin dəyişdirilməsi və Rza Pəhləvinin tərk etdiyi saraya geri dönüşünün baş tutduğu ssenari İranın "livanlaşması" prosesinin əsasını qoyacaq. Bu, mərkəzi hakimiyyətin zəifləməsi, regionların etnik idarəedilməyə verilməsidir. Beləliklə, dövlət zəif, daxili çəkişmələrlə zəngin bir dönəmə qədəm qoyur. Nəticədə İranda kürdlər, farslar, bəluclar, azərbaycanlılar və digər xalqlar arasında etnik zəmində mübarizə başlayacaq. Bu da səbəbsiz deyil, Pəhləvilər əsasən fars millətçiliyi əsasında idarəçiliyi həyata keçiriblər. Ona görə də Rza Pəhləvinin fars millətçiliyi vahid İran dövlətini regionlara böləcək ki, bunun da nəticəsində mərkəzi hakimiyyət zəifləyəcək, daxili böhran davam edəcək. Etnik qruplar mübahisələri qanunla deyil, silahla həll etməyə çalışacaqlar. Bir sözlə, Pəhləvinin bayrağı altında rejim dəyişikliyi bir vakuum yaradacaq ki, bunu da böyük məmnuniyyətlə silahlı qruplar dolduracaq”.

Bizə qoşulun