İranın paytaxtı Tehranda kütləvi etiraz aksiyaları davam edir.
Hərbi yönümlü sosial media kanallarının yaydığı məlumatlara görə, şəhərin müxtəlif bölgələrində atəş səsləri eşidilir. Bildirilir ki, etirazların intensivliyi azalmayıb və gecə saatlarında da aksiyalar səngiməyib.
Mənbələrin iddiasına əsasən, təhlükəsizlik qüvvələri paytaxtın bir sıra ərazilərində yüksək hazırlıq vəziyyətinə gətirilib, bəzi küçə və meydanlarda nəzarət gücləndirilib. Sosial şəbəkələrdə yayılan videolarda səs-küy, şüarlar və silah səslərinə bənzər gurultuların eşidildiyi qeyd olunur.
Rəsmi qurumlar atəş səsləri ilə bağlı hələlik açıqlama yaymayıb. Tehranda vəziyyət gərgin olaraq qalır.

Digər məlumatda Təbriz şəhərində də etiraz aksiyalarının keçirildiyi bildirilir.
Yerli mənbələrin məlumatına görə, aksiyalar əsasən şəhərin mərkəzi küçə və meydanlarında müşahidə olunur. Etirazçılar sosial-iqtisadi problemlərə, eləcə də siyasi tələblərə diqqət çəkməyə çalışırlar.
Sosial şəbəkələrdə yayılan görüntülərdə şüarlar səsləndirən insanların toplaşdığı görünür.