Bəzən dindarlar “ilahi ədalət qalib gələcək” deyə insanlara ümid verərlər, ancaq nə qədər acı da olsa, bu dünyada heç bir ilahi ədalət, filan yoxdur. Dünyada, qədim ata sözümüzdə deyilən kimi, dovşana qaç, tazıya tut deyən Allah var. Yəni insanların, millətlərin taleyi öz əllərindədir, kim güclüdürsə, o da qalib gəlir. Biz 27 il “dözün, hər şey yaxşı olacaq” söhbətləriylə başımızı aldadan beynəlxalq dairələrin mahiyyətini artıq yaxşı anlayırıq. Yer kürəsində, kainatda, təbiətdə hər kəs güclə hesablaşır. Gücün var, hörmətin də olacaq. Gücün yoxdursa, başından qapaz əksik olmayacaqdır.
Əlbəttə, münaqişələri sülh yoluyla həll etməyə, hər cür zülmə dözməyə çağıran ideologiyalar da var, bunlardan biri buddizmdir. Ancaq Çin kommunistləri 1949-cu ildə Tibeti tam işğal edib, 14-cü Dalay Lamanı – Tibet buddizminin liderini Hindistana mühacirətə məcbur edəndən bəri o bölgədə yaşayanların həyatı cəhənnəmə döndərilib. 1959-60-cı illərdə 100 minə yaxın tibetli öldürülüb, sürgün edilib, zindanlara atılıb. Tibet hökuməti mühacirətdə guya fəaliyyətini aparır, ancaq dünya dövlətlərindən heç biri Çinlə kəllələşmək arzusunda deyil. Əlbəttə, Çin oranı işğal edəndə Tibetin 5 min nəfərlik ordusu milyonluq Çin ordusu qarşısında onsuz da heç nə edə bilməzdi, sadəcə, yada salmaq istəyirəm ki, hansısa beynəlxalq hüquqdan, ilahi ədalətdən danışmağın heç bir önəmi qalmayıbdır.
Ötən əsrin əvvəlində beynəlxalq güclər türk xalqını da diz çökdürmək istəyirdilər. Təhqiramiz bir Sevr anlaşması qayırmışdılar, ona əsasən Türkiyə Aralıq dənizinə və Orta Doğuya çıxışı olmayan, Ankara ətrafında, karikatur bir dövlətdən ibarət olmalıydı. Elə qəşəng də xəritə çəkmişdilər ki… Sanki öküz kəsib bölürdülər: “Burası ingilisin, bu budu italyanlara, o şaqqa fransızlara… Ağ ət yerindən də ermənilərə verək. Hə, yunanlar qaldı, boğaz da onların olsun”. Türk xalqı buna dözə bilərdimi? Atatürkün başçılığı ilə Qurtuluş savaşı başlatdılar, Sevr anlaşmasını cırıb atdılar və 1923-də indiki Türkiyənin sınırlarını tanımağa məcbur edən Lozann anlaşması tanındı.
Türkiyə dünyada gücün əsas olduğunu indi də unutmayıb. NATO-nun ikinci ən böyük ordusuna sahib dövlətə qarşı bəzən ikinci-üçüncü dərəcəli Yunanıstan kimi üzvləri qısqırdırlar. Lakin sonuna qədər getməyə heç kim cürət eləmir. Çünki Türkiyənin dili (oxu: diplomatiyası) varsa, dilçəyi (oxu: ordusu) də var.
Yayda Litva KİV-lərindən birində maraqlı yazı dərc olunmuşdu. Orada hansısa ermənipərəstlər yerli mediada at oynadır, Türkiyə əleyhinə cızmaqaralar verirmiş. Buna dözməyən bir litvalı isə yazmışdı ki, axı bu ermənilərdən siz hansı xeyir görmüsünüz, Litvanı, ümumiyyətlə, Baltikyanı ölkələri Rusiyanın hərbi təcavüzündən Türkiyə uçaqları qoruyur! Tək Rusiya məsələsi deyil, NATO-nun 1990-cı illərdəki İraq, ondan da qabaq Güney Koreya əməliyyatlarında, Afrikada terrorçu diktaturalara, Orta Doğuda hər cür axmaq rejimlərə qarşı hərəkətlərində Türkiyə əsgəri ön xətdə durub. Soyuq savaş dönəmində Türkiyə NATO və SSRİ arasında “yumşaldıcı baryer” rolunu əla oynayırdı, indiki dövrdə isə Qərbi müsəlman dünyasının başkəsənlərindən qoruyur.
Əgər Türkiyə bir an sayıqlığı əldən versə, gücünü azaltsa indi ətrafında dolaşan terrorçular yenidən iç dağlara doluşarlar. Birini hələ SSRİ vaxtında ruslar yaradıb, başqasını Qərb əmizdirib, üçüncüsünə Şərqdən dəstək var…
Azərbaycanın öz ərazisində təmizləmə əməliyyatını Türkiyə üslubunda aparması, Türkiyəni müttəfiq seçməsi bu baxımdan da bizi sevindirir. Təkcə qan qardaşlığı məsələsi deyil. Ona qalsa İsrail ayrı xalqdır, lakin biz onların da gücə dayanan barış taktikini bəyənir, uğurla tətbiq edirik. Əgər İsrail vaxtilə yüksək texnologiya, ağıl, diplomatiya tətbiq edib ərəb dövlətlərinin dizini qatlamasa, indi nə kökdə olardı? Ancaq baxırıq, ərəblər indi bircə-bircə əlaqə qurur, səfirlik açır… Başqa nə edəcəklər? Güclünün yanında olmaq, güclüdən dərs almaq zəmanəsidir. Ermənilərin bir faciəsi də bundadır ki, müttəfiqlərini heç zaman düzgün seçməyiblər. Ya onları beş qəpiyə satan ruslarla, ya da bir az baha – on qəpiyə satan fransızlarla dost olublar. Axıra da həmişə ağlaşma, vay-şivən qalıb.