İran Prezidenti Məsud Pezeşkian xalqa son müraciətində ilk günlərdə haqlı tələblər irəli sürən etirazçı dükan sahibləriylə hazırki etirazçıları fərqləndirib.
Medianews.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu bildirib.
"Prezident bazarların bağlanmasına və sahibkarların etirazlarına toxunaraq, hökumətin bu məsələyə həssaslıqla yanaşdığını vurğulayıb: “Bazarları bağladılar, etiraz etdilər. Mən şəxsən daxili işlər, sənaye və ticarət nazirlərinə tapşırıq verdim ki, onlarla görüşsünlər. Daha sonra bu binada həmin sahibkarlarla özüm görüşdüm, qayğılarını dinlədik, razılaşmalar əldə etdik. Hökumət iclasında da onların narahatlıqları müzakirə olundu. Biz qəti qərara gəlmişik ki, bu insanların problemlərini mümkün olan hər yolla həll edək”. Doğrusu, dükan sahiblərinin həmin görüşdən və verilən vədlərdən razı qaldıqlarına dair məlumat yoxdur. Bir də ki, bu gün vəd verib, sabah həmin vəd yerinə yetirilməyəcəksə, rial sürətlə dəyərdən düşməkdə davam edəcəksə, dükan sahibləri və digər sahibkarları yenə etiraz edəcəklər. Çünki, vəd verməklə deyil, İran indiki siyasətlə sanksiyalardan qurtula bilməyəcək. Bu isə o deməkdir ki, ölkə iqtisadiyyatını dərin problemləri həll olunmayacaq" - politoloq əlavə edib.

Elxan Şahinoğlu bildirib ki, Məsud Pezeşkian müraciətinin ikinci hissəsində düşmənlərin mövcud iqtisadi çətinliklərdən sui-istifadə edərək ölkəni qarışdırmağa cəhd etdiyini vurğulayıb:
"Dövlət başçısı silahlı şəxslərin şəhərləri qarışdırdıqlarını və onların İrana aid olmadığını vurğulayıb. Prezident vəziyyədən çıxış yolu kimi bunları deyib: “Xahiş edirəm, hər məhəllədə insanlar birləşsin və iğtişaşçılara imkan verməsinlər. Bizim vəzifəmiz xalqın narahatlığını aradan qaldırmaqdır, lakin daha ali vəzifəmiz bir qrup iğtişaşçının cəmiyyəti alt-üst etməsinə imkan verməməkdir. Ailələrdən xahiş edirəm, qoymayın gəncləriniz baş kəsən, adam öldürən bu terrorçulara qarışsınlar. Bir gecədə bankı, yanğınsöndürən maşını, ictimai nəqliyyatı, məscidi, insanların evini yandırmaq etiraz deyil”.
Ali dini lider iğtişaşları törədənlərə qarşı kəskin mübarizə aparılmasını tələb edib, başqa sözlə onların öldürülməsi təlimatını verib. Prezident isə valideynləri övladlarını iğtişaşçılardan uzaq tutulmasına səsləyib. Nə ali dini lider, nə də Prezident bu çağırışlarla dərinləşən münaqişəni həll edəcəklər. Prezident ailələrdən xahiş edib ki, övladlarına nəzarət etsinlər. Bu Prezident səviyyəsində həm də onun etirafıdır ki, ölkə gəncləri etirazlarda fəal rol oynayırlar. Bəs Prezident morqlarda övladlarını axtaran valideynləri necə sakitləşdirəcək? Görəsən Prezident internetin kəsilməsiylə öldürülənlərin sayının artması barədə nə düşünür?"