“Dəli dəlidən xoşlanar, molla halvadan”
(ata sözü)
Gərək müxalifət tələsməyəydi. Həmişəki kimi plansız iş görürlər. Halbuki, ortada Kürün qurumağı var. Əgər çay qurusa, camaat susuz qalıb hökumətə qarşı çıxacaqdı, ondan sonra inqilab eləmək və ortalıqda qalan hakimiyyəti götürmək mümkün idi. Neftin qiymətinin düşməyini gözləməkdən bu daha real plana oxşayır. Hələ bir dənə kometa da var, hazırda Böyük Ayı bürcü tərəflərdə süzməkdədir, ehtimal var ki, 5 min il sonra təzədən qayıdıb Yerin yaxınlığından keçməlidir. Bəlkə onda azca sürüşüb Yerə dəydi, hökumət istefa verdi?
Elə iqtidar da düz eləmir. Son günlər çoxlu adamı tutub dama salıblar, bunlar Milli Məclisin binasına soxulmaqda ittiham edilir. Halbuki, orada elə adamlar da var, deyir mən həmin gecə ümumiyyətlə yürüşə qoşulmamışam, evdə oturmuşdum. İndi bunu parlamenti sındırmaq maddəsi əvəzinə, vətənpərvərlik yürüşünə qoşulmadığı üçün tutmaq doğru olmazdımı? Gərək elə hər şeyi biz yazaq? O boyda təcrübəli adamlardır, yenə dovşanı araba ilə tuturlar. Başa düşürəm, təbliğat-təşviqat lazımdır, hələ Lenin babamız vaxtilə demişdi ki, mütləq kino çəkməliyik. Ancaq jurnal kinodan maraqlı alınsa necə?
Bax, örnək üçün, son günlər mən bütün internetdə xaricdəki bir yutuber qadın haqda yazılar, müzakirələr görürəm. Düzünü deyim ki, heç birisini oxumuram, çünki o qadının verilişləri mənə maraqlı deyilsə, müzakirəsi niyə maraqlı olmalıdır? (“Oxumamışam, ancaq pisləyirəm” söhbətinə bənzəməsin, çünki mən o xanımın bir-iki söhbətinə uzaq keçmişdə qulaq asmağa cəhd göstərmişəm. Ancaq alınmayıb, çünki qərəz, peşəkarlıqdan min ağac uzaq yanaşmalar, ağ yalan gözə girirdi). Lap istəyir xalqımız əleyhinə nəsə söyləsin, buna bu qədər diqqət ayırmağın mənası nədir? Guya bizə şər atan azdır? Söz azadlığı baxımından hər kəsin, xüsusilə xaricdə yaşayan vətəndaşların istədiyi cür danışmaq haqqı var, bizim də qulaq asmamaq haqqımız. Əgər qulaq asır, müzakirə edirsinizsə, deməli sizə maraqlıdır. Yəni, bu işin qiymətini özünüz qoyursunuz və mənə elə gəlir ki, qəsdən belə mənasız yutuberlər qiymətə mindirilir – problemlərin müzakirəsini nə qədər qeyri-ciddi adamlar və bambılı platformalarda aparsan, o qədər mənasını itirər. Ortada Azərbaycan ərazilərinin işğalı faktı var, BMT-nin bu istiqamətdə qətnamələri və beynəlxalq hüquq var, peşəkar ordu yaradıb, demokratik dövlət qurub haqq səsimizi ucalda bilərik, bundan qalanı əfsanədir. Yenə deyirəm, boşboğazlığa baş qoşmaq boşboğazlığın başqa formasıdır. Real iş görün. Misal üçün, son hadisələrin beynəlxalq arenaya çıxması əslində real işdir və çox lazımdır. “Bu problem Qafqazda həll olunmalıdır” deyənlər kökündən yanılır. Problemin şişib, qanın axıb bu səviyyəyə çatmasında o beynəlxalq paytaxtların rolu çoxdursa, qoy davalar oralarda da getsin. Üstəlik, erməni terrorçuları çoxdan bu beynəlxalq arenada at oynadırdılar, meydanı yiyəsiz görmüşdülər. İndi xaricdə cəbhə görüb çaşırlar. Niyə? Sizə olar, başqasına yox? Sözgəlişi, ASALA terrorunu Türkiyə türklərinin durdurması tarixçəsi bu baxımdan çox ibrətamizdir. Həmçinin, İsrailin Güney Amerikada gizlənən faşistləri tapıb cəzalandırma təcrübəsini yada salmaqda məna var.
Bir absurd cəhət də var ki, əgər biz Qarabağ məsələsini öz vətəndaşımız olan ermənilərlə – Dağlıq Qarabağ sakinləri olanlarla müzakirə eləmiriksə, nədən hansısa yutuberin bənzər mövqelərini müzakirə edirik? İkili standartdır. Baş qoşur, dinləyiriksə, gəlin hamısını dinləyək, ya da heç birinə fikir verməyək. Görünür burada yutuberin vətəndaşlığı, yaxud hansı ölkədən sığınacaq alması əhəmiyyət daşıyır. Gürcüstanda, Ukraynada danışsa, tutub gətirərik, indi əlimiz çatmır, dalıyca söylənirik. Xahiş edirəm, bir az ciddi olun. Dövlətçiliyimizə yaraşmır. Xüsusən hansısa zənən xeylağını bu qədər müzakirə eləmək Koroğlu, Babək, Cavanşir, Natəvan, Tomris, Həcər, Qatır Məmməd, Rüstəm İbrahimbəyov, Quska, Cahangir Hacıyev kimi oğulları olan yurdun imicinə xələl gətirir. Əkrəm Əylislinin cızmaqaralarını yandıranda lap əcəb elədiniz, o kişi xeylağı idi, ancaq bir qadını bu qədər sıxmayaq. Cənnət anaların ayağı altındadır, qabaqdan da Qurban bayramı gəlir. Bütün xalqımızı sülhə, rifaha, Razi Nurullayevin təzə partiyasına yazılmağa səsləyirəm.
Tanrı Azərbaycanımızı qorusun – İsa Qəmbər demişkən.