Yaxud xaricdən keçəllərin dəvət edilməsi
Dünən nazirlikdə yoxlama aparılıb, yeddi nəfər tutulub, səkkiz milyon yeyinti tapılıb, nəticədə nazir istefa verərək özünü lüstrdən asmışdır… Əşşi, zarafat edirəm, qorxub eləməyin, bizdə hər şey dövlətçilik ənənələrinə uyğun olaraq, sabitlik və sakitlik şəraitində gedir. “Yoxlama nəticəsində idarədə heç bir korrupsiya halı üzə çıxarılmamışdır” – şit zarafatımı davam etdirmək istədim, günahımdan keçin.
Doğrudan da, bilmirəm diqqət eləmisinizmi, bizdə hansı daşı qaldırsan, altından əqrəb çıxır. Hesablama Palatası, Baş Prokurorluq, DİN, DTX və başqa idarələr haranı yoxlasalar orda nöqsan, cinayət əməli tapılır. Şübhə yoxdur ki, bu yoxlayanların özünü də yoxlayanda nəsə tapılacaqdır, bizdə bunun tarixi təcrübəsi var – ləğv edilən MTN-i yada salın. (İbrahim müəllim demişkən, uzağa getməyək, elə götürək Yaponiyanı). Heç bizdə düzgün işləyən idarə yoxdurmu?
Əlbəttə, nöqsanlar dünyanın hər yerində olur, elə bugünlərdə Koreya paytaxtı Seulun meri intihar elədi, nədi-nədi, bir işçisi onu seksual hərəkətlər cəhdində suçlamışdı. Ümumiyyətlə, Şərq bu cür məsələlərdə çox həssasdır, yüngülvari ittiham olanda gedib özlərini öldürürlər. Bəs biz Şərq deyilikmi? Yox. Biz Şərqlə Qərbin kəsişməsindəyik, ona görə məmurlar şəxsi ləyaqət və şərəf hissini itirəndə belə uzun yaşamağı seçirlər. Yəqin ki, bunu o dünyada cənnət və cəhənnəm arasındakı müvəqqəti məskunlaşma zonasına bənzətmək olar.
O baxımdan, xarici işlər nazirimiz idarəsindəki tuthatut və mümkün istefası münasibətiylə “Mən bunu şərh eləmirəm” deyərkən haqlıdır. İyirmi ildir nəyi şərh eləyib ki, bunu da eləsin? Elə o cür işləməyi üzündən mətbuatda bəzən absurd ittihamlar da üzə çıxır, məsələn, dünən Elmar müəllimi Ermənistanın xarici işlər naziri Zöhrab müəllimdən fərqli olaraq… Dağlıq Qarabağa getməməkdə suçlamışdılar. İnanın, ürəyimdən qara qanlar axsa da (axı bizim Qarabağ dərdimiz var), şaqqanaq çəkib güldüm. Bəlkə də haqlı irad idi, ən azı Ağcabədiyə qədər gedə bilərdi.
Tema açılmışkən, deyir XİN-də idarə müdirləri bir-biriylə danışmır, küsülü imişlər. Əla söhbətdir, mən ölüm. O qədər Qarabağ üzrə danışıqlar aparıblar, daha əldən düşüblər, nazirliyin özündə susurlar. Ya da Ermənistanla daimi düşmənçilik mühiti idarənin daxilinə sirayət etmişdir. Hələ şükür eləyək, konsulluq idarəsi işlər idarəsinin 20 faiz yeyintisini tutub əlindən almayıbdır. Serbiya səfirimiz Macarıstan səfirimizi girov götürməyibdir. Tamerlan Qarayevin Hindistandan gətirdiyi fillərlə silahlanan XİN mətbuat xidməti Özbəkistan səfirliyimizi ayaqlamayıbdır.
Gör necə günlərə qalmışıq. Öz cəzamız deyilmi, Balaş? (Bu replikanın hörmətli İTV direktoruna qətiyyən aidiyyatı yoxdur). Bir rayondan xəbər vardı: ata qızını neçə aydır zəncirləyib saxlayırmış. Ancaq bu, bizim yeganə zəncirimizdirmi? Diqqətlə baxsan, həyatımızın hər yerində, hər nöqtəsində müxtəlif zəncirlər görərsən. Bu zəncirlərin bəzisinə “din”, bəzisinə “əxlaq”, bəzisinə “siyasət”, “sabitlik”, nə bilim, “milli mentalitet” adı yapışdırıblar. Müzakirə, diskussiya, başqasını dinləmək qətiyyən yolverilməz sayılır. Elementar bu COVİD-19 əhvalatına baxaq. Neçə aydır vətəndaş cəmiyyəti fəalları, siyasi partiyalar, müstəqil ekspertlər mübarizə tədbirlərinə onları da qatmağı xahiş edirlər, lakin Operativ Qərargahda oturanlar “Burda bizik, Bağdadda kor xəlifə” prinsipiylə davranır, özlərindən başqa ölkədə bir ağıllı olmadığını zənn edirlər. Nəticə nədir? Xaotik addımlar, sonu görünməyən pis vəziyyət. Öz camaatıyla məsləhətləşməyi alçaqlıq (rus demişkən “zapadlo”) sayanlar bu gün xaricdən mütəxəssis dəvət edirlər. Tragikomediya ondadır ki, dəvət edilən alimi-biəməllərin öz ölkələrində vəziyyət bizdəkindən də pisdir. Örnək üçün, Türkiyədən, Rusiyadan “peşəkar” çağırmışıq. Elə ölkələr ki, rəsmi statistika bütün dünyada şübhəli sayılır. Keçəl öz başına dərman bilməsə də, bizə tük əkə bilərmiş. Ən azı, Rusiya “təcrübəsi” bizim nəyimizə lazımdır, məlum deyil. Artıq bir çox rus xəbər agentlikləri orada koronavirusdan ölüm sayının çox gizlədildiyini yazırlar.
Yəqin anladınız: yaxşı ört-basdır eləməyi öyrənəcəklər. İndi elə bil səsi çox çıxır.