Təkcə oynadığı rolları ilə deyil, həm də Qurani-Kərimi öz bənzərsiz səsi ilə türkcəmizdə səsləndirməklə tarixə adını yazmış görkəmli aktyorumuz Rasim Balayev özünü təcrid edib. Şəkər xəstəsi olduğu üçün pandemiya ilə bağlı risk qrupuna düşən sənətkar yaşadığımız mürəkkəb karantin dönəmi ilə bağlı fikirlərini mətbuatla bölüşüb, insanları üç “qızıl qayda”nı (maska, sosial məsafə, dezinfeksiya) gözləməklə özlərini və yaxınlarını qorumağa çağırıb.
Rasim Balayev müsahibədə ən kasıb 20-30 ailəyə kömək əli uzatdığını da söyləyib. Ancaq bəziləri kimi özünü reklam eləməyib. Adını bildirməyib. Yardım göndərəndə dönə-dönə tapşırıb ki, desinlər bunu edən bir Allah bəndəsidir. Həmin ailələrin kimliyini də açıqlamayıb təbii ki.
Qurani-Kərimin 114 mübarək surəsini, 6236 ayəsini öz orijinal avazı ilə doğma dilimizdə bizə çatdıran (səsli tərcümə onlarla saatdan ibarətdir) bir insandan şəksiz ki, gözlənilən və bəyənilən hərəkətdir (Səsli tərcümənin özü də hər müsəlmana nəsib olmayan başqa bir savabdır). Eyni zamanda, örnək addımdır, bir ziyalı davranışıdır. Axı müqəddəs kitabımızda insanları yaxşılığa dəvətlə bağlı onlarla ayə var. Hansıları ki, Rasim müəllim yəqin ki, artıq əzbər bilir.
Onu da bilməmiş olmaz ki, yaxşılıq müstəsna olaraq, Allah xətrinə, Allah rizası üçün ediləndə qiymətli olur. Əks halda, onun savabı azalar. Yəni bu işdə hansısa nəfsani, siyasi maraq güdülməməlidir. Ən önəmlisi – yaxşılıq, ehsanat bacardıqca gizli saxlanmalı, özünüreklam üçün istifadə olunmamalıdır. Zira, özünüreklam təkəbbürün təzahürüdür ki, onu Rəbbimiz bəyənməz. Gizlində edilən yaxşılıq, şübhəsiz, Allah qatında xüsusi dəyərdədir.
Savab iş gör, yaxşılıq et, amma gözə soxma. Daha betəri isə etdiyin savab əmələ görə minnət qoymaqdır. “Minnət gözəl əməli dəyərsiz və yüngül edər. Öz gözəl əməlinə minnət qoyan alicənablığa zülm etmişdir” – buyurub Həzrəti Əli (ə). Nəinki minnət qoymaq məkruhdur, sağ əlin verdiyindən sol əl belə, bixəbər qalmalıdır. “Balığı at dəryaya, balıq bilməsə də Xaliq bilir”.
“Yaxşılıq eləmək üçün növbə gözləməyin”. Bunu da məsumlardan biri söyləyib. Yəni yaxşılıq eləməyə tələsin, pislik eləməyə isə ləngiyin. Yaxşılıq edib savab qazanmaq üçün bəlkə də bundan yaxşı fürsət olmayacaq. İndi də yox, bəs nə vaxt? İnsan, insaniyyət dar gündə tanınar. Bu da sənə dar gün.
Doğrudan da “Hər bəd işdə bir yaxşı başlanğıcı” var. İslam peyğəmbəri (s) “Təbəssüm də bir sədəqədir” deyibsə, niyə də təbəssümdən min qat artıq yaxşılıqlara, savablara imza atmaq imkanı olanlar şansı qiymətləndirməsin? Belədə dövlətə də çox yük düşməz.
Mütəfəkkirlərdən biri deyib ki, “Nə verdinsə, o sənindir, nəyi gizlətdinsə – itirdin”. Zəka sahibləri üçün burada sözsüz ki, hikmət var. Yəni simiclik edib altına yığdığın əslində sənin deyil, çünki gizlədilənin bərəkəti olmaz. Bərəkətli olan imkansıza yardım kimi, sidq-ürəkdən verilən, paylaşılandir ki, Allah bu əliaçıqlığına görə onun bir neçə mislini insana mükafat kimi mütləq geri qaytarar. Hər halda, Quran fəlsəfəsi deyir bunu.
Əliaçıqlıq, alicənablıq bineyi-qədimdən Azərbaycan xalqına xas xüsusiyyətlərdən olub. Niyə indiki kritik məqamda da olmasın? Odur ki, boynuna böyük ehsanatlar etmək missiyası düşənlər ilahi testdən çıxmağa tələssinlər ki, Cənnəti bu dünyada qazanmaq şansı var.
“O ağır koronavirus dönəmində bizə köməkdarlıq edən, bizi darda buraxmayan həmin kəslərdən Allah razı olsun!” Kiminsə maddi dəstəyini görən fəqir insanlar o comərd şəxslər haqda illər sonra məhz belə deyəcək – onları tanıyıb-tanımamaqlarından asılı olmayaraq. Allah hər şeyi bilir və görür. Heç kim etdiyi yaxşılığın savabına görə nigaran qalmasın.
Başqasından böyük xeyirxahlıq görənlər şəkk yox ki, dünyadan köçənə qədər Allaha şükranlıq edəcək, o insanları minnətdarlıqla yad edəcəklər. Özlərindən sonra gələn övladları da eləcə. Azdır? Deyirlər, məzlumun, fəqirin duası Allaha ən tez yetişər, çünki Allahla onlar arasında heç bir əngəl olmaz. Bu dualar savab yiyələrinə bəs edər. Hətta axirətə də qalar. “Axirət üçün ən gözəl azuqə bu dünyada edilən yaxşılıqlardır”. Bunu da Əli (ə) söyləyib…