Son zamanlar isə inanclı kəsimin bir qismi meyxananın dini baxımdan haram olduğunu iddia edirlər.
İlahiyyatçı-alim, QMİ-nin əməkdaşı Samid Quliyevin mövzu ilə bağlı Musavat.com-a deyib: Meyxana improvizasiya, ani düşüncə, bədahətən qafiyələndirmə və ritmik nitq bacarığı tələb edən şifahi poetik sənət növüdür. Elmi baxımdan o, şeir, poetik nəsr və bədii-bəlağətli nitq kateqoriyalarına yaxın hesab edilə bilər. İslamda söz, eyni zamanda əxlaqi və hüquqi məsuliyyət daşıyan bir aktdır".
İlahiyyatçı qeyd edir ki, meyxana çox vaxt ritmik nitq üzərində qurulduğu üçün burada musiqi məsələsi də gündəmə gəlir: “Musiqi məsələsi İslam elmlərində ixtilaflı məsələlər sahəsinə daxildir. Bir qrup alim musiqini insanı qəflətə və şəhvətə aparan vasitə olduğu hallarda qadağan etmiş, digər alimlər isə musiqinin insana təsiri və istifadə məqsədinə görə qiymətləndirilməli olduğunu bildiriblər. Bu yanaşmaya əsasən harama aparan və ibadətdən uzaqlaşdıran musiqi qadağan, əxlaqi və tərbiyəvi məzmun daşıyan səs və ritm isə mubah hesab edilə bilər.
Meyxana musiqi alətindən istifadə edilmədən, yalnız ritmik söz üzərində qurulduqda, bəzi alimlər tərəfindən şeirin fiqhi hökmünə yaxın qəbul edilib. Səhabələr dövründə də şeir mütləq qadağan olunmayıb, məzmununa görə dəyərləndirilib.
İslam hüququnda bir əməlin hökmü onun icra olunduğu mühitə, niyyətə və ictimai nəticələrinə görə müəyyən edilir”.
Samiq Quliyevin sözlərinə görə, əgər meyxana içki məclislərində, əxlaqsız davranışlarla birlikdə, təhqir və fitnə məqsədilə icra olunursa, bu halda “münkərə aparan vasitə” sayılaraq mənfi hökm alır: “Əksinə, maarifləndirici və islah yönümlü mühitdə, sosial ədalətsizliyi tənqid edən və əxlaqi dəyərləri təşviq edən məzmunda icra edildikdə, fiqhi hökm şəraitə bağlı olaraq mubah (bəyənilən) və ya caiz (icazəli) ola bilər.
İslamda haqqın və hikmətin harada deyilməsindən çox, necə və hansı məqsədlə deyilməsi əsasdır. Əgər meyxanada Allahın zikri, əxlaqi dəyərlər, fanilik, ölüm və haqq-hesab kimi mövzular hörmətli və ciddi üslubda ifadə olunursa, məzmun baxımından bu sözlər batil sayılmaz. Lakin burada iki risk mövcuddur:
Dinin alətə çevrilməsi: dini ifadələrin şəxsi nüfuz və alqış qazanmaq məqsədilə işlədilməsi ixlas prinsipinə ziddir.
S.Quliyev qeyd edir ki, ilahiyyat və fiqh baxımından meyxana bu çərçivədə qiymətləndirildikdə, onun nə mütləq haram, nə də halal hesab edilməsi mümkün görünmür: “İslam hüququnda əsas yanaşma zahiri formadan daha çox mahiyyətin əsas götürülməsidir. Buna görə də meyxananın fiqhi hökmü onun məzmunu, icra olunduğu mühit, icra edən şəxsin niyyəti və ictimai təsirləri nəzərə alınmaqla müəyyən edilir.
Ümumi fiqhi qənaət ondan ibarətdir ki, əxlaqlı məzmun, düzgün niyyət və sağlam mühit çərçivəsində icra olunan meyxana mubah və ya caiz sayıla bilər. Buna qarşılıq, əxlaqsız məzmun daşıyan, haram mühitlə müşayiət olunan və mənfi ictimai nəticələrə səbəb olan meyxana fiqhi baxımdan haram hökmünü alır.
Bu səbəbdən meyxana ümumi və dəyişməz bir hökmə tabe tutulmur; əksinə, konkret nümunələr və şəraitlər əsasında fiqhi qiymətləndirmə aparılır. Hökm bütövlükdə janra görə deyil, deyilən sözə, misraya, bəndə və onun ifadə etdiyi məna və nəticələrə görə verilir. Bu yanaşma İslam fiqhinin söz və sənət sahəsindəki çevik və mahiyyət mərkəzli metodologiyasını əks etdirir”.