“Ata, bağışla onları, onlar nə etdiklərini bilmirlər”
(Lukanın İncili, 23:34)
Güman edə bilərik ki, vətəndaşlarla hökumət, xüsusilə hüquq-mühafizə orqanları arasında münaqişə yaratmaq istəyənlər təkcə xaricdən maliyyələşən qara qüvvələr və erməni dəyirmanına su axıdanlar deyildir. Burada böyük ehtimalla elə hakimiyyətin öz içindəki islahat əleyhdarları da vardır. Köhnənin qalıqları, keçmiş kommunist partnomenklatura ünsürlərinin davamçıları, aşkar olunmaqdan qorxuya düşən korrupsionerlər, trotskiçilər, cəbhəçilər və sairə baş qaldırır, separatçılıq, ekstremizm yaymaq fikrinə düşürlər.
Maraqlıdır ki, qabaqlar belə münaqişə salanlar adətən Azərbaycanın beynəlxalq imicinə ləkə yaxır, xüsusilə Avropa Şurasında ölkəmizin məsələsi müzakirə olunacağı ərəfədə aranı qarışdırırdılar. Hazırda mən biləni belə bir müzakirə gözlənilmirdi. Bəs niyə dünyadakı nüfuzumuzu sarsıtmaq istədilər? Ola bilər COVİD-19-la mübarizədə respublikamızın qazandığı uğuru gözdən salmaq fikri var. Ya da diqqəti ABŞ-da insan hüquqlarının pozulmasından yayındırmaq istəyirlər. Bəlkə də heç bunlar deyil, sadəcə, kimlərsə yay imtahanlarına hazırlaşan abituriyentləri çaşdırmaq, bununla respublikamızın gələcəyinə balta çalmaq, elm və təhsil, pedaqogika və metodika potensialını kiçiltmək məqsədi güdürlər. Əgər elədirsə, onlara ar olsun. Əlbəttə, onlar öz məqsədlərinə nail ola bilməyəcəkdir, misal üçün, məktəbdə son 4 ay dərs keçilməsə də, dünən müəllimlər, sinif rəhbərləri qətiyyən utanıb eləmədən uşaqların gündəliyini, dərslikləri yığdılar və hər kəsin növbəti sinfə keçdiyini elan etdilər. Halaldır. Uşaqları gələcəkdə yalan-palan içində, saxtakarlıq mühitində yaşamağa indidən öyrətməliyik. Ağacı balaca vaxtından əyməsən düz bitər, adamın gözünə girər. Əyri ağacdan isə turnik kimi istifadə eləyə bilərik.
Turnik demişkən, buradan Operativ Qərargaha öz etirazımı çatdırıram. Orada toplaşan bir qrup “ağıldan bəla” hər həftə kefləri çəkən qərarı çıxarır, xalqı polislə üz-üzə qoyurlar. Misal üçün, indi gülünc bəyanat verilib ki, sərt karantin günlərində əhali ev heyvanlarını gəzməyə çıxara bilər, ancaq bundan sui-istifadə edilməməlidir. Belə mənasız qərar ola bilərmi? İndi yazıq polis necə müəyyən etməlidir ki, Mamed müəllim öz itini gəzməyə çıxaranda sui-istifadə edir, ya etmir? Yenə toqquşmalar olacaq, proqnoz edirəm. Çünki qanun və qərarlar dəqiq, düşünülmüş olmalıdır. Yoxsa polisi yaramaz işə göndərirlər, adı da qalır yarıtmaz. Ev heyvanları deyərkən konkret hansı heyvanlar nəzərdə tutulur? Misal üçün, mən öz tısbağamı və pişiyimi gəzməyə çıxarsam, yenə cərimə edilməliyəm? Bakıda xeyli toyuq, qoyun, inək saxlayanlar da var. Elə adam var xomyak, əqrəb, nə bilim, cücü-mücü saxlayır. Salvador Dali öz qarışqayeyəni ilə Paris metrosunda gəzirdi.
Üstəlik, burada heyvan hüquqları insan hüquqlarından üstün tutulub. Belə çıxır, itin gəzmək haqqı var, insanın yox. Örnək üçün, keçən həftə Binəqədi rayon 6-cı polis bölməsinin əməkdaşları məni darvazamın ağzında idman elədiyim üçün tam günahsız şəkildə cəzalandırıblar. Heç kəsin olmadığı dar dalanda idman eləyən adamı şöbəyə aparıb basabasda virus təhlükəsinə məruz qoymağın adı nədir? Niyə ombudsman buna baxmır və OQ-yə yaşayış yerinin 100 metrliyində tək şəkildə idmanla məşğul olanlara icazə verilməsini tələb etmir? Bu axı bütün dünyada icazə verilən praktika idi.
Yaxud maska məsələsi. Burada OQ guya ÜST-in məsləhətinə əsaslanaraq hər kəsin ictimai yerdə maska taxmasını məcburi edib. Ancaq elə həmin ÜST son günlərə qədər maska taxmağın sağlam adamlar üçün əhəmiyyətli olmadığını bəyan etmirdimi? İndiki qərarın da elmi əsasları sübut olunmayıb və yalnız məhdud araşdırmalar maskanın COVİD-19-dan qoruduğunu təsdiqləyir. Bəs belə məhdud və qeyri-dəqiq araşdırmaya görə insanları cəzalandırmaq nəyə lazımdır? Hələ bir maskanı şəlpə kimi dəfələrlə taxan yazıq adamların virusa yoluxmaq ehtimalı daha artıqmış.
Cəzadan söz düşmüşkən… Hamı əhalini məsuliyyətli olmağa çağırır, bəs inzibati orqanlar niyə məsuliyyətə səslənmir? Niyə onlar üçün maariflənmə aparılmır? Olmazmı hər pozuntuya individiual yanaşılsın? Misal üçün, keçən həftə sərt karantin günləri bəzi yerlərdə polisin qaçıb evə girmiş adamı tutub apardığını gördük. Bu, nəyə lazım idi? Əgər məqsəd həmin adamın küçədən yığışmasıdırsa, özü qaçıb evə giribsə, daha bunu niyə çıxarıb aparırsınız? Hansısa uşaq yeməyini polis təşkil edirsə, qaçanı qovmaq bu cür əməllərə zədə gətirmirmi? Axı burada hansısa dəhşətli cinayətdən söhbət getmir, o dərəcədə sərtlik nədəndir?
Operativ Qərargahın daha bir tragikomik qərarı sərt karantinin 2-ci günü saat 16:00-dan çörək bişirməyə icazə verilməsidir. Bəs bu çörəyi kim satacaq, harada satacaq, kimə satacaq – o haqda informasiya yoxdur.
Yəqin it gəzdirənlərə, birbaşa təndirdən və zavoddan satarlar. Başqa cür olsa pozuntudur.
Gedim tısbağalarımın çanağını sığallayım. Bu saat onlara böyük ehtiyacım var. Bazar günü qaçmağa çıxacağıq.