İsveç yazıçısı Knut Hamsunun “Aclıq” adlı məşhur bir romanı var, tərifi göylərdədir, bir hissəsini oxumuşam, amma mövzu və xırdalıqlar xoşuma gəlmədiyindən yarımçıq saxlamışam. Oxuyub başa çatdıranların dediyinə görə, yazıçı acların hissiyyatlarını, aclığın incəliklərini məharətlə açıb.

Bəli, aclıq insan oğlunun əzəli və əbədi qorxusudur. Hər kəs kütləvi aclıqdan qorxur. Çörəyin müqəddəsləşdirilməsi də buradan qaynaqlanır. Əsrlərlə yalnız bir parça quru çörək insanların aclıqdan qurtarıb. Bir yeşik xiyar-pomidordansa, insanlarımız iki dilim çörəyi üstün tutur.

Ta neynəyəsən ki, tarixən buralarda banan olmayıb, hər acanda iki dənəsini soyub yeyəsən və tox olasan.

Yəqin ki, seneqallılar, qanalılar da banana bizim çörəyə yanaşdığımız kimi yanaşır. Bəlkə də onlarda “bu banan haqqı”, “bu banan gözümü tutsun” kimi andlar var. Ola bilər, onlar əllərini göyə açıb gözəgörünməzə dua edəndə məhz belə deyirlər: “Allah bizi banan imtahanına çəkməsin”.

Yaponlar, çinlilər, vyetnamlılar da düyünün bərəkətinə and içirlər, yəqin. Çukçalar, eskimoslar da duzlu balığı müqəddəs nemət sayırlar, bişəkk. Belaruslar, ukraynalılar, gədəbəylilər üçün isə kartofun yeri ayrıdır.

Yəni hansı milləti aclıqdan hansı nemət xilas edirsə, o millət üçün həmin nemət müqəddəsdir.

Bizimki isə çörəkdir. “Çörək bol olarsa, basılmaz vətən”, “çörək olsa, mahnı da olar”, “çörəyi ver çörəkçiyə, birini də üstəlik” və s.

Ölkədən-ölkəyə gedən ali qonaqları duz-çörəklə qarşılamaq ənənəsi hələ də qalır.

Ona görə də o gün xalqımızın çörək üstündə dava-qırğın salması qayət normal və təbiidir. Qınamalı deyil. Bu zonanın insanlarının gen yaddaşında əcdadların yaşadığı aclıqların izi həkk olunub. Bu təlaş-təşviş o üzdəndir.

İndi sizə nəql edəcəyim əhvalat sovet dövrünün son dönəmlərində baş verib. Bunu mənə və bir masa arxasında oturduğumuz adamlara sürücü kəndçimiz Qulu dayı danışıb. O, bizə bu söhbəti Sabirabad rayonunun yolqırağı kafelərindən birində nəql etdi. Elə əhvalat da həmin rayondakı başqa bir yolqırağı pavilyonda baş verib.

İki metr boyu və boyuna uyğun cüssəsi olan Qulu dayı Bakıdan rayonumuza yük gətirirmiş. Yolu yarı edəndə bir stəkan çay içmək, bir qismət yemək üçün pavilyona burulur, açıq havada qoyulmuş masalardan birinin arxasında oturub sifarişini verir. Qonşu masalarda oturanlara diqqət edən kəndçimiz görür ki, bir az aralıda 3-4 cüvəllağı gənc oturub, hay-küylə yeyib-içirlər, onların da iki metrliyində bir cantaraq kişi təkcənə əyləşib çay içir. Dayının sifarişi gəlir, yeməyə girişəndə eşidir ki, qonşu masada səs-küy qopdu. Qulu kişi dönüb baxır ki, cantaraq kişi gənclərin masasına yaxınlaşıb, bir əli ilə cavanlardın birinin peysərindən yapışıb, o biri əli ilə yaxınındakı gəncin çiynindən basır və ənsələdiyi gəncə deyir: “O çörəyi götürüb yeyəcəksən”.

Qovğanın mabədində məlum olur ki, gədələrdən biri ağzını salfet kağızı yerinə çörəklə silib və çörəyi külqabına atıb və bazburutlu kişi bunu görən kimi ayağa qalxıb onlara yaxınlaşıb. Qulu dayı öz boy-buxununa və fiziki gücünə bələd olduğundan istəyir ki, məsələyə müdaxilə eləsin. Amma boy-buxunda ondan geri qalmayan şəxs ona deyir ki, qarışmasın, bu gədə o çörəyi götürüb yeməlidir. Qulu kişi baxır ki, adam həm pəhləvan kimidir, həm də barmaqlarında, biləyində türmə döymələri var, xətalı adama oxşayır. Ona görə də kəndçimiz daha söhbətə qarışmır. Gənclər görürlər ki, variant yoxdur. Bir az da uzanan mübahisədən sonra çörəyə qarşı hörmətsizlik etmiş gənc çörək parçasını külqabıdan çıxarıb ağzına təpir və kövrəlib ağlamsınır. Kişi ondan əl çəkib öz masasına qayıdır.

Qulu dayı danışırdı ki, yemək-içməyini bitirib maşınına oturanda həmin adam yaxınlaşıb, deyib ki, vaxtilə həbsxanada onun qucağında aclıqdan ölən olub, ona görə də çörəyə hörmətsizlik edən görəndə qanı coşur.

Axtarsan, hamıda çörəklə bağlı yüngülvari bir travma var. Dünyanın çörək yeyən millətləri də bu və ya digər şəkildə bu nemətə həssasdır.

Məsələn, 5-6 il əvvəl gərək ki, “Beçiktaş”ın qapıçısı İspaniyada matç zamanı azarkeşlərin ona atdığı çörəyi yerdən qaldırıb öpüb, gözünün üstünə qoyub, sonra qapının bir küncünə qoyanda onun bu hərəkətini görən azarkeşlərdən alqış sədası qopdu…

Çörək böyük nemətdir. Onu 7-7, 10-10 alıb, boyat edib, sonra zibil qabına atmaq olmaz. Knut Hamsunun cəddi adama qənim olar.