İlk növbədə 4 iyun günü olduğundan ünlü yunqırxanımız Surət müəllimi və onun uca millətimizin tarixindəki bədnam hərəkətini yada salmalıyıq. Azərbaycanın ərazi bütövlüyünə sağalmaz zərbələr vurmuş bu adam təzəlikcə ortaya çıxıb intervü verirdi. Tək o deyil ki. Belə utanmaz şəxsiyyətlərdən, maşallah, tariximizdə hər günə bəlkə 24 nəfər düşür. Ayıblarına kor olmaq yerinə, susmaq əvəzinə hamıdan bərk danışırlar. Necə deyərlər, dərə xəlvət, tülkü bəy. Mikrofonu bir-birinə ötürürlər. Vəzirov susur, Rüstəm başlayır. Rüstəm dayanır, Ayaz danışır. Hələ bir-birlərinə badə qaldırıb təbrik yazırlar. Ağlımız olsa Şaumyanın adını küçə-bacadan götürməzdik.
İkincisi, Amerikada inqilab münasibətiylə (buna “qara inqilab” deyə bilərik) dünya müsəlmanlarını təbrik edirik. Məntiqlə, dünyanın başqa yerlərində narıncı inqilabları Amerika, Soros təşkil edirdisə, indi ordakı iğtişaşlarda da hansısa müsəlman liderin əlini axtarmalıyıq. Məsələn, mən bizim şeyxdən şübhələnirəm, çünki yadınıza gəlirsə, keçən ay, lap konkret günüylə yazsam, mayın 5-də Allahşükür müəllim ABŞ prezidenti Donald Trampa məktub yazmışdı, İrana qarşı sanksiyaları götürməyə səsləmişdi. Sitat: “Sizdən rica edirik ki, humanizm və bəşəri həmrəylik naminə İran xalqına qarşı sanksiyaların dayandırılmasına, pandemiya dövründə bütün qadağa və məhdudiyyətlərə moratorium qoyulmasına, İran xalqının təcrid və böhrandan azad olmasına dair qərar verəsiniz. Belə bir qərar bütün dünyəvi və mənəvi qanunlara uyğun addım və Uca Rəbbimizə xoş gedən savab bir əməl olar”. Hələ bu harasıdır, şeyx məktubunda lirik şəkildə ev mövzusu da açmışdı, işarə vurmuşdu ki, sanksiya qalsa sizin evinizdə nələrsə olacaqdır. Sitat: “Dünya – bizim ümumi evimizdir və bu evin həyati düzəni siyasi xadimlərin verdiyi düzgün qərarlardan asılıdır”. Buyurun. Tramp sanksiyaları qaldırmadı, şeyxin verdiyi vaxtdan isə heç bir ay keçməmiş Amerika qarışdı. Şeyxə siyasi dəstəyin isə BAXCP tərəfindən verilməsi qənaətindəyəm.
Əlbəttə, mən tam olaraq şeyxin Nyu Yorkda dükan dağıdanlara hansı tövsiyyə və fətvalar verməsindən xəbərsizəm, bunu güman da etmirəm. Ola bilər şeyx sadəcə Tanrıya dua edibdir, mələklər özləri ərazini qarışdırıbdır.
Yoxsa ola bilməz ki, yankilər özləri-özlərində çevriliş eləsinlər. Ya da bəlkə elə bu cürdür – koronavirus üzündən bütün ölkələr bağlanmışdı, amerikalılar haranısa qarışdırmaqda çətinlik çəkirdilər, enerji içəridə yığıldı və son iğtişaşlara gətirdi. Yəni, normalda o dükan-bazar yağmalaması hansısa Orta Doğu ölkəsinə (ya da Vyetnama) bomba yağışı şəklində baş verməliydi, həmin ölkələr getsinlər COVİD-19 virusuna qurban kəssinlər. Ona görə Tramp ordunu öz şəhərlərinə basmağa hazırdır, çünki əsgəri, ordunu boş saxlamaq təhlükəlidir, adicə pyesdə divardan silah asılıbsa, tamaşanın axırında onu götürüb kimisə vururlar, gəl gör eşşək boyda, raketli, aviadaşıyıcılı, atom bombalı, canım sənə desin, “itli-pişikli” ordu ola. Zarafat deyil, ABŞ ordusunun illik büdcəsi 730 milyard dollardır, bu isə bütün Yerdə hərbi xərclərin 38 faizinə bərabərdir.
Təbii ki, bunlar hamısı kompleks şəkildə Amerikanın oyunlarıdır, o dağılan dükan-bazarın zərərini də bədbəxt 3-cü dünya ölkələrinin belindən çıxaracaqlar, heç narahat olmayın. Hər halda, dünya tarixində hələ belə lotuluq görünməyibdir ki, adi kağız (dollar) verməklə yeraltı və yerüstü, o cümlədən intellektual sərvətləri daşıyıb aparasan öz ərazinə. Necə deyərlər, bacarana baş qurban. Ağlımız olsa, heç kim bizi soya bilməz.
Sonda Şəkidəki ayının taleyinə qayıtmaq istərdim. Nazirlikdən açıqlama oxudum, deyir hələ məlum deyil ayını neyləyəcəklər. Qoca və xəstə imiş, gözü zəif görürmüş (ola bilər bizim həyatımızı görəndə “kor olsun gözüm” deyibdir), vəhşi təbiətə buraxsalar ac qalarmış, insanlara təhlükə törədərmiş və sairə. Məncə ayını hansısa rayona icra hakimi qoysaq yaxşı olar. Ya da boş qalan dairələrin birindən deputat seçək. Xalqa xidmət eləsin, islahatlara dəstək versin. Çox adamdan yaxşı işləyər. Xərci azdır, villa istəmir, dollar yığmır, bir mağara, beş-on kilo armud və bal olsa, bəsidir. Üstəlik, hər qış 3 ay yuxuya gedib camaata da dinclik verər. Biz ayıya vəzifə verməklə dünyada bir ilkə imza atarıq. Ən azı müsəlman şərqində.