“Senyor Don Kixot, xırım-xırda şeylər üçün höcət etməyin və kamillik tələb etməyin, – fərqi yoxdur, siz heç yerdə kamillik tapa bilməzsiniz. Siz tərəflərin hər yerində oynanan komediyalar məgər başdan-başa mənasız və mətləbsiz deyillərmi? Bununla belə, onlar fövqəladə uğur qazanırlar, tamaşaçılar da tam məftunluqla əl çalırlar”.
(Migel de Servantes, “Lamançlı Don Kixot”)
Deyir hökumətimiz 10 milyon maska ehtiyatı yığmışdır, virusla mübarizə vasitələrinin istehsalı da öz qaydasına düşübdür. Lap yaxşı. Ancaq bir sual neçə vaxtdır mənim qəlbimi narahat edir, istərdim NK OQ (yəni Nazirlər Kabineti yanında Operativ Qərargah) asudə vaxtında buna cavab versin: əgər koronavirus bəlası ortaya çıxmazdan qabaq biz xaricdən gətirilən maskaların 1 dənəsini aptekdən 10 qəpiyə alırdıqsa, indi özümüzün istehsal elədiyimiz, eyni ölçü və materiallı maskanın qiyməti nə üçün 30 qəpiyə qalxmışdır? “Bu kimə sərfəlidir” sualı da var, ancaq onu vermirəm, hələlik ehtiyatda qalsın.
Bu arada millətimizə muştuluq, Əbülfəs Qarayevi, nəhayət, işdən çıxardılar. Rəhbərlik ona müəyyən qədər mədəni fasilə ayırmışdı, ümid edirdilər, bəlkə özü çıxar, ancaq dirəşib durmuşdu. Onun üstündə müxalifətin Milli Şurasından 3 nəfər istefa vermişdi. Fikrimcə, bu da müxalifətin iqtidardan bir üstünlüyü sayılmalıdır – hər ikisi təxminən eyni müstəvidə baş tutduğu üçün. Hərçənd müxalifətin gizli çəkilişlərində uzağı hansısa çərənləmə, təhqir, boşboğazlıq və səydəşlik qeydə alınmışdısa, iqtidar nümayəndələrinin videolarında birbaşa cinayət əməllərindən, korrupsiyadan, rüşvətxorluqdan, vəzifə səlahiyyətlərini aşmaqdan söhbət gedirdi. Ola bilsin vaxtilə müavini, şair Vaqif Bəhmənlinin yazdığı “Bəlkə sənə görə açılır səhər, Əbülfəz müəllim, adına qurban” tipli misralar yoldaş Qarayevin özünüqiymətləndirməsinə mənfi təsir göstərmişdi, elə zənn edirdi, istefa versə, səhər açılmayacaq, bir daha ölkəmiz üzərində mədəniyyət Günəşi doğmayacaq, hətta xoruzlar banlamayacaqdır.
Dünya şöhrətli qardaşoğlu belə getdi, hərçənd imanımızı çox yandırmayaq, bəlkə onu sabah diplomatik korpusa cəlb edəcəklər. O qədər elə görkəmli kadrlarımız hazırda xarici cəbhələrdə külüng çalır ki. Neçə vurulmuş kadrı Elmar müəllimin qanadı altına vermişik, sonra da yazığı qınayırıq ki, niyə diplomatiyamızın dişində karies var. Səfir vəzifəsini sanki kurortda dincəlmək vəzifəsinə döndərmişik. Sual da verilmir ki, axı burada öz vəzifəsini yarıtmayan, hətta bir çox qaranlıq, çirkin əməllərdə adı hallanmış şəxslər respublikamızı xaricdə necə təmsil edəcəkdir, orada hansı Azərbaycan həqiqətlərini yayacaqdır. Baxırsan adamı Qarabağın işğalında suçlayırlar, ancaq yüz ildir səfirdir. Adam vardı, qanunsuz ev alverindən korrupsiyaya qədər min şeydə suçlandı, lakin buna baxmayaraq hazırda xarici dövlətlərin birində ölkəmizə viza peçatlayır. Halbuki normalda İnterpol xətti ilə, lap o qırmızı xətdir, nədir, onunla axtarışa veriləsi birisidir.
Əlbəttə, ümidsiz şeytandır, aparılan kadr islahatları sayəsində bu istiqamətdə də önəmli dəyişmələr olacağına inanırıq. Elə son vaxtlar idarələrdən nə qədər məmur-deputat-prokuror və sairə uşaqları təmizləndi… Bitmək bilmir. Hərəsi bir yerdə dövləti sümürmələri bəs deyilmiş, uşaqlarını da ora-bura düzəldibmişlər. Əsasən də Milli Məclisin binasından və prokurorluqdan belə uşaqlar tapılır. Sanki parlament və prokurorluq kilsə binası-zad kimi bir obyektdir, uşaq olanda aparıb bunun qapısına buraxırsan, yazıqları gəlir, götürüb saxlayırlar.
Ərdoğandan İlham Əliyevə qardaş təbriki
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Cənab Prezident, Əziz Qardaşım.
Can Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə millətim adından və şəxsən öz adımdan Zali-alinizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını ən səmimi duyğularımla təbrik edirəm.
Müstəqilliyinin bərpasından bəri gündən-günə daha da inkişaf edən Azərbaycanın qətiyyətli liderliyinizlə əldə etdiyi mühüm nailiyyətlərə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şuramızın sonuncu iclasında fəxrlə bir daha şahid oldum. İnamla və qüdrətli bir şəkildə Cümhuriyyət tarixinin 102-ci yaşına qədəm qoyan Odlar Yurdunun bütün sahələrdə böyük addımlar atmağa davam edəcəyinə ürəkdən inanıram.
Mükəmməl səviyyədə olan strateji əlaqələrimizi “Bir millət, iki dövlət” ruhu ilə daha da genişləndirmək istiqamətindəki qarşılıqlı iradəmizdən böyük məmnunluq duyuram. Qəlbləri birlikdə döyünən ölkələrimizin indiyə qədər olduğu kimi, bundan sonra da milli məsələlərimizdə qardaşlıq həmrəyliyini davam etdirəcəklərinə, bölgəmizdə sülh, rifah və sabitliyə sanballı töhfələr verməyə davam edəcəklərinə inamım qətidir.
Fürsətdən istifadə edərək, bir daha Zati-alinizə cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq və rifah arzularımızı çatdırıram”.