“Sıradan çıxan qotur olar”
(Azərbaycan ata sözü)
Deyir, başqa ölkələrdə müavinləri rüşvət üstündə tutulanda nazir istefa verir, bizimkilər isə tərpənmirlər. Məncə, hörmətli Səyavuş müəllimin bu açıqlaması bizim milli dövlətçilik prinsipləri ilə uzlaşmır. Biz xaricin yaxşısını götürüb, pisini atmalıyıq. Yeri gələndə başqa ölkələrdə heç ağsaqqala hörmət yoxdur, kişilər öz aralarında evlənirlər, indi biz bunu da tətbiq eləyək? Bizdə zənən xeylaqlarına o qədər böyük hörmət var ki, avtobus dayanmadan hansısa zənənin yanından keçəndə belə içəridə erkəklər hoppanıb ayağa qalxırlar. Düzdür, bu bizə sonra həmin zənənləri doğramaqda, it sürütməsi eləməkdə, yeddi yetimlə bir dərədə buraxıb Rasiyaya sülənməyə getməkdə mane olmur, ancaq dəxli yoxdur. Əsas odur xaricdən fərqlənirik.
İkincisi, çirkin müxalifətçilər bu istefa çağırışını başqa istiqamətə yönəldə bilərlər. Özünüz düşünün, əgər işçilərinə görə nazir istefa verməlidirsə, nazirə görə kim istefa verməlidir? Hələ icra başçılarının elliklə zibil qaynatmasını yada salmıram. Yəni Səyavuş müəllim bir az, elə bil ki, hesab edirəm ki, mənə elə gəlir, karantin qaydalarını pozmuram ki, vallah, bunu maskada yazıram: barıtı çox etmişdir.
Nəhayət, bu istefa söhbətindən qorxunc doxsanıncı illərin qoxusu gəlir. O vaxt da millət özünü təcrid eləmişdi, AXC-Müsavat viruslarının əlindən eşiyə çıxa bilmirdi, meydanlarda isə “İstefa” şüarı qışqırmaqdan boğazımız cırılırdı. Hətta dilimizi yaxşı qanmayan Vəzirov bir dəfə demişdi ki, bunlar niyə Mustafa çığırır, Mustafa kimdir mənim yerimə qoymaq istəyirlər və sairə. Axırda məcbur olduq, Qarabağı verək, yoxsa qanqaraçılıq indiyəcən çəkərdi. Qarabağ üçün ciyərlərin ventilyasiya aparatı çatışmadı. Özümüzdə istehsalı yox idi, Çinlə əlaqələr də təzə qurulurdu. Allah rəhmət eləsin, yaxşı daşlıq-çınqıllıq ərazi idi. Ziyanı yoxdur, vaxt gələr Mühacirətdə olan Dağlıq Qarabağ Respublikası (MDQR) da qurarıq, ermənilər yandıqlarından “yan” soyadını daşımaqdan imtina edərlər. Bunlar hamısı milli söhbətlərdir, gərək insanda milli qeyrət, vətən namusu, torpaq həsrəti, Kür dəliliyi, Araz üstündə İranla bəndi olsun. Mən özüm dünən Milli Şuranın iclasından videoya böyük məhəbbətlə baxdım, sevindim ki, nə yaxşı belə müxalifətimiz var. Kaş iclasların hamısını canlı yayımla versələr… Evdə popkorn ehtiyatım da var, qovurub, oturub baxardım.
90-lar yada düşmüşkən, o zamanlar istefa vermək də dəbdə idi. Deputatxana sədri və müvəqqəti olaraq respublikamızın şefi Yaqub müəllim (yiyəsizliyin miqyasını təsəvvür edin) hətta bir iclasda üç dəfə istefa vermişdi. Surət Bakını işğal eləməyə gələndə isə cəbhəçilər topdan istefaya getdilər. Sözümün canı odur ki, bu istefaya çox da mədəni hadisə kimi baxmaq lazım deyil, bəzən bunun ziyanı xeyrindən çox olur.
Ümumiyyətlə, bu istefa, işdən qovmaq kimi söhbətləri lazımi orqanların, örnək üçün, elə DTX-nın ixtiyarına buraxsaq bəsdir. Necə deyərlər, əjdaha qardaş özü bilər. Yoxsa hər deputat bir naziri istefaya çağırsa, onda bizim 125 nazirliyimiz olmalıdır. 120 nazirə birtəhər dözürük, canımız çıxar.
Ancaq mədəniyyət nazirinə ümummilli nifrətimiz günbəgün artır, insafən bunu da vurğulamalıyıq. Dünən onun türməyə basılmış idarə rəisi Zakir Sultanovun Bakının mərkəzində, Nizami küçəsindəki restoranının şəkli verilmişdi. Mədəni irsin qorunması dövlət xidmətinin rəisi olmuş bu tip, tarixi küçənin ortasına qanunsuz artırma eləyibmiş. Elə bil evinə balkon artırır. Nə qədər mədəniyyətsiz adam imiş. Kaş bunu vaxtında biləydik, gedib orda 18 manata yumurta yeməzdik (mən oxucularla səhər yeməyində əsasən orada görüşürəm). Ən biabırçı, mədəniyyətsiz hadisə isə restorana “Casual brasserie” adı qoymasıdır. Tfu… İyrənc adamlardır. Öz ana dillərindən utanırlar. Sanki restorana “Gündəlik pivəxana”, “Mədəni istirahət”, “Zakirin ciyərxanası”, “Əbülfəs müəllim, adına qurban”, nə bilim, lap elə “Laçın dəhlizi”, “Şuşa”, “Vətənim Füzuli”, “Su sonası”, “Xan bağı”, “Göyçə gölü”, “Basarkeçər aşırımı” adı qoya bilməzmiş. Halbuki yenə qeyd edirəm, Mədəniyyət Nazirliyinin əsas funksiyalarından biri elə ana dilimizi qorumaqdır. Manqurtlar, heç olmazsa ana dilimizdə oğurlayın…