“Heç artistə də qabaqcadan pul verərlər?”
(“Bəxtiyar” filmindən)
Öncə aktual məsələ haqda. Mən keçən yazımda Mədəniyyət Nazirliyi rəhbərliyinin Sarı gəlin, muğamat, dolma kimi milli dəyərlərimizdən rüşvət alması ehtimalından bəhs etmişdim, bundan sonra Sarı gəlin telefon açdı, məlumatı təsdiqlədi. Sən demə, nazirlik onun saçının təbiətən sarı olmasını, yoxsa boya qoyduğunu (buna elmi dildə erməni saxtakarlığı deyilir) sübut eləməsini tələb etmiş, Sarı gəlindən bu məqsədlə pulun pul vaxtı yüz şirvan almışdır. Həmin qanunsuz vəsaiti ödəmək üçün Sarı gəlin rayonda yaşayan əmisi oğluna qoşulub Bakıya qaçmağa məcbur olmuşdur, onun bu cür pis yola düşməsi isə qaçangəlinlər.com saytının əməkdaşı Şəhrəbanu xanım tərəfindən kəskin tənqid edilmiş, telekanallarda, efirlərdə, səfillər, sətirlər və xaricdəki səfirlərdə lüzumsuz müzakirələrə gətirib çıxarmışdır. Nənən ölsün, Sarı gəlin!
Muğamat oxuyan ağsaqqallar da zəng vurdu, deyir Mədəniyyət Nazirliyi zəngulənin birini 100 dollara satırdı, musiqi şöbəsinin müdiri Ramin müəllimin icazəsi olmadan əlimizə qaval ala bilmirdik, neçə zurnaçalan həsrətdən rəhmətə getmişdir. Hələ bu harasıdır, idarə milli dolma növü olaraq YUNESKO irsi siyahısına düşməkdən ötrü yarpaq dolmasının başına pitinin oyununu açmışdır – gecədən qaynamağa qoyubdur! Şantaj edirmişlər, deyirmişlər Əbülfəs müəllimin göstərişi var ki, YUNESKO-ya kələm dolmasının, ya da üç bacı dolmasının sənədləri göndərilsin.
Qız qalasının evroremont edilməsi, Şəki xan sarayına rayon icra başçısının köhnə villasından sökülən parketlərin döşənməsi, Sovetskinin uçması, Bayıl yamacının qaçması, Dağlıq Qarabağın erməni icması və sairə mənfi hallar da Mədəniyyət Nazirliyinin iyrəncliyi üzündən törədilib. Yeri gəlmişkən, xalq tələb edir ki, bu nazirliyin adı dəyişsin, çünki indi qısaltmasını yazanda çaşqınlığa səbəb olur, Müdafiə Nazirliyi kimi şanlı, nüfuzlu, öz işinin öhdəsindən ləyaqətlə gələn, torpaqlarımızı işğalçılardan azad edən qurumla qarışıq düşür. Camaat deyir, gəlin, bunun adını elə RN qoyaq, yəni Rüşvətxorlar Nazirliyi. Özü də bəsdir hərə öz dünya şöhrətli əmisinin arxasında gizləndi! Elə forslanırlar, sanki “İldırımlı yolları” özləri yazıbdır.
Araşdırmalarımız davam edir, təzə faktlar çıxdıqca hörmətli oxuculara çatdıracağıq. İndi isə keçək iqtisadi xəbərə. Dövlət Statistika Komitəsi 2020-ci ilin yanvar-aprel ayları ərzində əhalinin həm özünün, həm də gəlirlərinin artdığını açıqlayıbdır. Ötən ilin uyğun dövrünə nisbətən xalqımız 0,8 faiz, gəlirimiz isə 1,8 faiz çoxalıbdır. Maraqlıdır, əgər biz karantində, işləməyə-işləməyə pul-para sarıdan artıma qadiriksə, o zaman niyə işləyirik? Dəli şeytan deyir, ilin axırınacan işləməyək, gəlirimiz daha çox artsın. Maşallah, pişik tox uzanıb sobanın böyründə, ət də soyuducuda təpili-tıxılı. Axırda bizdə koronavirusdan heç kimin ölmədiyi aşkara çıxacaq, baxarsınız. Niyə? Çünki hökumət bir dua oxuyub onların hamısını dirildəcəkdir. Hazırda Statkomda həmin duanın mətnini hazırlayırlar, şeyxin və Şamaxı rəsədxanasının iştirakıyla. Bu yoxdan var eləmək qabiliyyətinə görə Kainatın yaradılmasında bizim hökumətin iştirakını ehtimal edirəm.
Elə Kəlbəcər rayonuna dünən yeni icra başçısının qoyulması da bu cür xoş xəbərlərdən, pozitiv artım dinamikası qaranquşlarından biridir. Ermənilər ha özlərini cırsınlar. BMT min dənə qətnamə qatlasın. Bundan bizə nə? Əsas odur Kəlbəcərin icra başçısını həmişə biz özümüz qoyacağıq. İstəyir dünya dağılsın, qiyamət qopsun.
Yazını böyük türk şairi Cahid Sıtkı Tarançının şeirindən bir parça ilə bitirirəm:
“Qəbirdə böcəklərə əzbərlədərəm gözəlliyini
Və çox illər sonra
Təkrar duyduğun an səsimi göy qübbəsində
Xatırla ki qiyamət günüdür
Ortalığa düşmüşəm, səni arayıram”.