“Hər mətbuat katibi haçansa nazir olmaq istəyir”
(Napoleon)
Milli mediamızın yeni trendi ortalıqdadır. Əgər qabaqlar biz oxucu tutmaq üçün “Filankəs bir daha soyundu”, “Behmənkəs manısın lüt şəkilləri” kimi başlıqlardan yararlanırdıqsa, bundan sonrakı şirəli başlıq “Daha bir icra başçısı saxlandı” olacaqdır. Hazırda bu başlığı qoyanda yaxşı oxucu yığmaq olur, hətta xəbərin içində heç zad olsa da. Əhalinin marağı böyükdür. Uca xalqımız icra hakimlərinin qanına susayıbdır. Hər biri arzu edir ki, qara maskalı yoldaşlar onların da rayonuna, kəndinə, şəhərinə təşrif buyursun, icra hakimini qulaqlayıb aparsınlar. Vaxtilə hərəsi bir sürü ceyran saxlayan icra başçıları indi kabinet küncündə ahu gözləri bərəlmiş şəkildə qısılıblar. Adamın yazığı gəlir. Biz istəmərik icra başçıları məmurun qırmızı kitabına düşsünlər.
Eyni zamanda, xalqın əmlakını mənimsəyənlərə qarşı amansız olmalıyıq. Keçən həftə deputat Səyavuş müəllim bu temada yaxşı çıxış etdi, nazirləri də tutmağın lazım gəldiyini söylədi. Həqiqətən, arada nazir də tutmalıyıq. O cümlədən, deputat. Gör haçandır deputat tutulmur… Bəlkə axırıncı dəfə Quska müəllimi tutmuşduq. Bu da deputatlar arasında arxayınçılıq yaradır, dövlətçiliyə təhlükə törədir. Fəzail müəllim də zəif çalışır, passivləşibdir, görünür yaş istər-istəməz öz işini görür.
Səyavuş müəllimin həmin yaddaqalan çıxışında bəzi nazirlərin mətbuat katibi saxlaması, onların arxasında gizlənməsi tənqid olunmuşdu. Deyir, niyə nazirin özünün xalqın, türkün məsəli, qabağına çıxmağa üzü yoxdur. Doğrudan da, xaricdə nazirlər, hətta baş nazirlər özü camaata vaxtaşırı informasiya verir, hər gün danışırlar, nəsə çatdırırlar. Bizdə isə hətta avtovağzalın da mətbuat katibi var! Biabırçılıqdır. Guya avtovağzalın müdiri bütün günü əlləşir, təkər qaraldır, motor yığır, avtobus yuyur, Kürdəmirə gedən marşrutla rayona hinduşka göndərir və sairə, onun xalqa çatdıracağı dəyərli xəbərləri isə ayrıca mətbuat katibi icra etməlidir.
Bu arada, tema düşmüşkən, srağagün bir işdən ötrü Bakı Beynəlxalq Avtovağzalının (BBA) həndəvərindən keçməliydim, orada mühafizə xidmətinin dəhşətli qəhrəmanlıq göstərdiyinə, uçan quşlara belə aman vermədiyinə şahid oldum. Hər tərəf minalanıb, gözətçi qüllələri, DOT-lar, pulemyota sinə gərməyə hazır mühafizlər, süvari birlikləri, fil qoşunu, əbabil quşları və sairə – hər şey vardır. Xalqımız da bilsin, əgər bugünəcən ermənilər BBA-nı almayıbsa, oranın qoruqçularına borcluyuq. Rəhmətlik Ziya müəllimin nəqliyyat naziri çalışarkən 300 milyon dollar dövlət vəsaitini Motodrom bataqlığına soxub özünə tikdiyi, lakin yeyə bilmədiyi bu uğursuz tolkuçka-yarmarkanı fantastik ayıq-sayıqlıq, möhtəşəm cəsurluqla qoruduğu üçün mühafizənin rəhbərlərindən Tamerlan müəllimə “Azərbaycanın milli avtovağzal qəhrəmanı” adı verilməsini acizanə təklif edirəm. İndi söz əlaqədar təşkilatlarındır.
Qayıdaq mətbuat xidməti məsələsinə. Bizdə su idarəsindən qaza, işıqdan havaya qədər hər şeyin mətbuat xidməti var, ancaq Şüvəlandan dünən vətəndaşlar zəng vurmuşdular, deyir suyumuz gəlmir. Halbuki, bunun çarəsi mətbəxdə krantın mətbuat katibini açmaqdır. Ancaq bunlar jurnalistə zəng vurur. Təmiz bekarçılıqdır. Suyun gəlmir, gəl min boynuma. Bilmirsən icra başçısı tutasan, yoxsa bunlara su verəsən.
Hətta bəzən görürsən hansısa mətbuat katibi brifinq keçirir, zalda isə ancaq qəzet müxbirlərinin mətbuat katibləri oturubdur, yazını da oxucuların mətbuat katibləri oxuyur. Mətbuatımız sıradan çıxdıqca, mətbuat katibləri həndəsi silsilə ilə artmışdır. Elə bil Kəlbəcərin icra hakimini dəyişirsən – rayon yoxdur, əsas odur icra başçısı var. Mənim özüm balaca oğlumu mətbuat katibi vəzifəsinə təyin etmişəm, ayda 2 şokolad, 3 çipsi okladla, lakin işdən çıxartmaq fikrim var, çünki daxili instruksiyanı, təlimat qaydalarını bəzən pozur, “Atam hazırda sizə cavab verə bilmir” yerinə “Atam tualetdədir” deyir. Bu da zəng vuran əhalidə yanlış təsəvvürlərin formalaşmasına, oxucu-yazar əlaqələrinin dərinləşmək əvəzinə suya düşməsinə, münasibətlərin pisləşməsinə gətirir.
İndi söz əlaqədar təşkilatlarındır: bəs sizin mətbuat katibləriniz varmı?