“U Po Kinin hakimlik sistemi sadəydi. O, heç bir sovqata görə qanunsuz hökm çıxarmazdı, çünki bilirdi – gec, ya tez, satqın hakim ilişəcək. Onun müdrik, etibarlı metodu bundan ibarətdir ki, mübahisə edən hər iki tərəfdən rüşvəti qəbul edib işi tam qanuna uyğun həll eləsin.”
(Corc Oruell, “Birma günləri”)
Türkiyədə 10 yaşlı, beş ayda 250 kitab oxuyan Atakan adlı uşağın videosunu yəqin görmüsünüz. Şəxsən mən Darvinin təkamül nəzəriyyəsini iki cümlədə onun qədər mükəmməl izah edən görməmişdim. Ümid eləyək camaat imkan versin, uşaq yekəlib xalqına faydalı şəxsiyyət olsun. Yoxsa onu danışdıranların qırımından hiss edilirdi balacanı imam məktəbinə qoymaq fikrindədirlər, istəyirlər başqa yaşıdları kimi bayramda qapı döyüb nəmər yığsın. Təsəvvür elə, Aristoteli, Russonu oxumuş, nihilizmdən, demokrasidən, ədalətdən danışan uşaq əl öpüb ağbirçəklərdən konfet gözləyir. Adamın tükləri biz-biz olur. Uşağın videosunda bir detal da diqqətimi çəkdi: deyir mən əvvəlcə təhsil sistemini dəyişəcəyəm, sonra bunun sayəsində Türkiyədə ədalətli dövlət qurulacaq.
Gözəl yanaşmadır. Belə dəyişikliyə bizdə də ehtiyac vardır və zaman-zaman təhsilimizdəki problemlər gündəmə gəlir. Örnək üçün, elə son günlərdə Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar müəllim Boloniya və kurikuluma keçməyimizi tənqid edibdir. Deyir bunlar bizə heç bir zad vermədilər. Əvəzində qaytarıb nə düzəltməliyik, Şahlar müəllim bunu deyibmi, məlumatım yoxdur. Ancaq düşündürücü təkliflərdir.
Doğrudan da Boloniya sistemində məktəbdə seçki keçirəndə məntəqə sədri olan direktoru bəzi müşahidəçilər nahaq yerə sıxışdırırlar, buna qətiyyətlə yol vermək olmaz. Yaxud kurikulumda qırmızı xətlə, hətta kursivlə yazılıbdır ki, hər bir tarix müəlliməsi sinəsində 50 bülleten, hər bir bədən tərbiyəsi müəllimi qoltuq əzələlərində və qarın büküşlərində 30-dan çox bülleten, 70 protokol, 50 müşahidə aktı, 45 ATƏT-in monitorinq bukleti, 90 ədəd namizəd portreti, 190 ədəd zavuçun kiçik gədəsinin sünnət toyuna dəvətnamə daşıya bilər (axırıncı səhv düşdü, ancaq xalqın xeyir işinə töhfə vermək borcumuzdur, o üzdən silmədim). İndi sən bu cür gözəl sistemi ləğv eləsən, yerində hansını quracaqsan? Məktəblərimiz ölkədə demokratiyanın bərpasına, qanunçuluğun keşiyinə, ictimai-siyasi asayişə mühüm xidmət göstərir. Gəlin ismi-şərifi ilə monarxiyanı dəstəkləyən hər alimə çox da fikir verməyək. Bizim öz milli-mənəvi dəyərlərimiz vardır, bunları isə hələ Misir müəllim təhsil kahini işləyəndən bəri uğurla tətbiq edirik.
Bəlkə yüngülvari, dekorativ islahatlar olsa yarayar. Misal üçün, mən baxdım, bəzi məktəblərdə seçki qutusunun yarığı daha enli idi. Yəqin bunu hansısa məktəblimiz kəşf edibdir. Ona əhsən deyirik. Doğrudan da, deşik nə qədər yekə olsa seçki o qədər demokratikləşər, camaat əziyyət çəkməz, eyni anda bülletenləri on-on, iyirmi-iyirmi, yüz-yüz qutuya salarıq.
Yaxud məktəblərdə kimya laboratoriyasında saxlanan turşu və qələviləri təxribatçı müşahidəçilərin sifətinə atmaq olar. Gördün ATƏT-dən kimsə gəlir, qlobusu çırp başına. Qoy materiklər qulağından sallansın, Sakit okeanın suyu şalvarına süzülsün, ağlı başına gəlsin. Qudurublar, daha kürü yaxmacına yiyə durmurlar. Riyaziyyat kabinetindəki bir metrlik şirkulun ucunu sox gözünə. Yoxsa elə zənn edirlər yiyəsizlikdir, biz öz müstəqilliyimizi qorumaqda çətinlik çəkirik.
Bir də bu seçkilərarası dövrlərdə məktəblərimizdə, təhsil sistemində boşluq yaranır, müəllimlər, şagird və tələbələr istər-istəməz bekar qalırlar. Nəticədə bəziləri hətta dərs keçir, kitab oxuyur, başqa bu cür tərbiyəsizliyə imza atırlar. Bunlar nəyə lazımdır? Gəlin təhsildə səmərəliliyi artıraq. Bu, vacib detaldır. Nəticəsini də görərsiniz. Misal üçün, dünən prezidentin məktublara baxan şöbə müdiri ötən il hansı rayonlardan şikayətin çoxaldığını açıqladı, orada Ağstafanın adı vardı. Gördüyünüz kimi, rəhbərlik nəticə çıxardı, icra başçısını türməyə basdılar. Ancaq Sabunçunun və Daşkəsənin başçısına güldən ağır söz deyən ola bilməz, çünki oralardan şikayətlər keçən il azalmışdır.