“Azərbaycan bir olsun,
Paytaxtı Təbriz olsun!”
(siyasi şüarlardan)
Bu yaxında Gürcüstanda yüksək dağ kəndlərinin hər il qışda, dekabrdan maya qədər qaz pulundan azad edilməsindən yazmışdım, xəyal eləmişdim, görəsən, bizim kəndlərin niyə belə güzəşti yoxdur. Axı biz “kasıb” Gürcüstandan fərqli, neft-qaz ölkəsiyik. Sonra baxıram bu temada başqa yazı gedib və bizim dağ kəndlərinin çoxuna… ümumiyyətlə, qaz xətti çəkilməyibmiş. Ta bilmirsən nə yazasan, nə deyəsən. Özü də bu problemin kökü dərindir. Sovet vaxtı, konkret 1960-cı illərdə Azərbaycanın Ermənistanla sərhəd Qazax rayonunda camaatın etiraz aksiyası olubmuş. Sizcə, hansı səbəbdən? Buyurun: onlar ərazidən keçib Ermənistana gedən qaz kəmərindən özləri üçün qaz istəyirmiş. Təsəvvür elə, ədalətsizliyin, düşmənçiliyin miqyasına bax ki, Sovet hökuməti Azərbaycanın qazını çıxarıb itə-qurda verirdi, lakin elə həmin azərbaycanlıların özü təzək yandırırdı. Bizim kəndlərə az-maz qaz çəkilişi işləri yalnız 1980-ci illərin axırlarında, “perestroyka” dövründə aktivləşmişdi, örnək üçün, mənim şəxsən yadıma gəlir, o vaxtlar Füzuli rayonunun bütün kəndləri, həmçinin yüksək dağlıq ərazilərdəki obalar qazlaşdırılmağa başlamışdı, hərçənd sonra ermənilər o xətləri dibindən söküb İrana, güney azərbaycanlılara satdılar.
Güney demişkən… Bizdə müzakirə eləməyə tema olmayanda adətən paytaxtı harasa köçürürük, ya da himnin uzunluğundan şikayətlənirlər. İndi yenə Bakını ora-bura dartırlar. Guya bizim millət olaraq əsas dərdimiz paytaxtın Bakıda yerləşməyidir. Guya paytaxtı başqa rayona sürüsək Qarabağ bizim olacaq, korrupsiya aradan qalxacaq, deputatları özümüz seçəcəyik, hətta yazda səbət dalından hər kəsə yüz kilo gilas töküləcəkdir. Hər dəfə bu tema məni səfeh gənclik çağlarıma qaytarır – guya indi müdrikləşmişəm. Çünki bu “yeni paytaxt” mövzusunda tragikomik xatirəm vardır. Bəlkə başqaları üçün burada tragikomik heç zad olmaz, lakin mən özümün romantik idiotizmimi hər dəfə xatırlayanda acı-acı gülürəm. Nəsə, keçək xatirəyə.
Necə deyərlər, illərdən 1990-cı il. Sovet ordusu Bakıda qırğın törədib, AXC rəhbərliyi hərəsi bir yerdə gizlənib və üstündən nə qədər ay keçib, dəqiq xatırlamıram, AXC sədri Əbülfəz Elçibəy qəfildən üzə çıxaraq “Narxoz”un (indiki İqtisadiyyat Universiteti) tələbələri ilə görüşə gəlmişdir. Akt zalına yığışmışıq, bəy nəsə danışır, axırda sual-cavab mərhələsidir. Mən də kağıza bir sual yazıb tribunaya ötürürəm və orada… həmin bu lənətə gəlmiş paytaxtı soruşuram: “Azərbaycan birləşəndən sonra onun paytaxtının Bakı, yoxsa Təbriz olmasını istərdiniz?” Əbülfəz bəy deyir: “Araz çayı yaxınlığında, haradasa indiki Sabirabad rayonu tərəfdə yeni paytaxt salsaq daha yaxşı olar”.
Əlbəttə, tarixə indidən baxmasan, o dövrün sentimental-romantik duyğuları ilə yanaşmasan burada gülməli heç zad yoxdur. Hətta sadəlövhlüyü mənim o zamankı 17 yaşıma da bağlayıb aradan çıxardım, ancaq mən özümə gülməyi borc bilirəm. Ona görə ki, respublikanın siyasi həyatına faktiki cavabdehlik iddiasında olan təşkilatın aranın qarışmasında günahına görə və elə onlarla günahsız qurbana görə cavab verməsini tələb eləmək yerinə, meydan tribunalarında oynadıqları örtülü oyunların hesabını soruşmaq yerinə mən AXC liderindən paytaxtın hara olacağını soruşurdum. Halbuki o dövrün praktik təfəkkürlü adamlarını “İranda kompası neçəyə satmaq olar”, “Saqqız vursam yaxşı gedərmi” tipli suallar düşündürürdü. Onlar elə bizim o romantikliyimizdən, sadəlövhlüyümüzdən yaxşıca yararlandılar. İt də getdi, ip də. Biz Azərbaycana paytaxt yeri axtaranda onlar ölkəni ələ keçirirdilər. Biz Bakıda özümüzə yer tapmırdıq, onlar bala-bala Qarabağı qapazlayırdılar.
Və indi Araz üstündə vaxtaşırı narkotik qaçaqmalçıları ilə atışmalar düşür. Al, bu da sənə yeni paytaxtın bünövrəsi…