İnqilabçı-populist baş nazir Paşinyan oğlunu Qarabağa hərbi xidmətə göndərmək istəyir. Daha doğrusu, işğalçı ordu sıralarında qulluq eləməyə (“Hərbi xidmət” legitim ərazilərdə hərbi mükəlləfiyyət daşımağa deyilir. Odur ki, diqqətli olaq və hər şeyi öz adı ilə yazaq…)
Aşot da buna hazır olduğunu deyib – atasının siyasi avantürasının hər an qurbanı ola biləcəyinin fərqinə belə varmadan. Özü bilər, Allahı bilər, katolikosu bilər.
Ermənistandakı rejimlərin, erməni siyasi şarlatanlarının girovu olan, “top əti” kimi istifadə edilən bədbəxt erməni gəncliyi! Guya bununla Aşot ölkədən hər fürsətdə qaçmaq istəyən həmyaşıdlarına stimul verəcəkmiş.
Allah eləyə, özünə ölüm hökmü çıxarmış bu bədbəxt də işğalçı ordunun başqa əsgərləri kimi yad torpaqda gəbərə. Aşot Paşinyanı “Qarabağ klanı” aradan götürüb günahı Azərbaycan tərəfinin üstünə də ata bilər. Yox, əgər Ermənistan vətəndaşı olan Aşot Azərbaycanda yalandan “hərbi xidmət” keçəcəksə, adı olub, özü olmayacaqsa, o ayrı məsələ. Demək ki, atası sələflərinin yolunu təkrarlayacaq və ondan ermənilərin “dərdinə məlhəm” olmayacaq.
Bunlar öz yerində. Önəmlisi həm də odur ki, ata Paşinyanın bu qərarı torpaqlarımızın Ermənistan silahlı qüvvələr tərəfindən işğal edildiyinə, Qarabağ konfliktində iki münaqişə tərəfindən birinin məhz Ermənistan olduğuna şübhə saxlamır. Bundan güclü dəlil-sübut, rəsmi etiraf? Görəsən, turist vasitəçilərin bu fakta nə sözü?
Qarabağa “arxa qapıdan” soxulan Paşinyan mayın 9-da Xankəndində demişdi ki, münaqişədə Ermənistan tərəf deyil, Ermənistan yalnız özünə cavabdehdir, Azərbaycanla münaqişə tərəfi Dağlıq Qarabağdakı separatçı rejimdir. Vasitəçilər bu sərsəmləməyə də reaksiya vermədilər. Halbuki, heç Serj Sərkisyan, Robert Köçəryan və Levon Ter-Petosyan da bu qələti eləməyib…
Qatqısı olmayan, tər-təmiz erməni yalanı yəni. Gəl ki, bu qəbildən sayıqlama və yalanlara, eləcə də “erməni soyqırımı” nağılına 30 ildir dünya, daha dəqiqi, onun xristian kəsimi həvəslə inanır (saxta soyqırımı tanıyanlar arasında müsəlman ölkələri, buddist Çin, Hindistan, Yaponiya, iki Koreya, müsəvi İsrail və s. yoxdur – üst-üstə dünya əhalisinin 70%-i edir!!) Məhz xristian kəsim Azərbaycanın faciəsini, onun beynəlxalq hüquqla təsbit olunmuş haqqını deyil, özünə bir köynək yaxın saydığı ermənilərin əsassız iddialarına qahmar çıxır.
Bu da növbəti fakt. Çex foto-jurnalist Martin Trabalik bu yaxınlarda Azərbaycandan icazəsiz Qarabağda olub, oradan reportaj hazırlayıb. Aydındır ki, necə, hansı biçimdə. Fotojurnalisti Vesti.az saytı söhbətə çəkib. Suallara cavablarından onun ermənilərə simpatiyası aydın hiss olunur. Açıqca görünür ki, ermənilər onun başını yaxşı doldurub.
Qanunsuz səfərə haqq qazandıran Martin deyir: “Mən beynəlxalq hüquqa hörmət edirəm, ancaq hesab edirəm ki, danışıqlar aparılmalıdır. Siz (yəni Azərbaycan – Z.S.) Qarabağın yaxın 30 illik tarixini silə və orada yaşayanları, sadəcə, köçürə bilməzsiniz”.
Bizə ağıl öyrədir, qondarma qurumu tanımağı məsləhət görür. Guya Azərbaycan öz vətəndaşları olan Dağlıq Qarabağ ermənilərini oradan köçürməyə çalışır. Təbii ki, bu, ermənilərin illərdir aqressiv separatçılığa, etnik təmizləməyə, Xocalı soyqırımına bəraət qazandırmaq üçün əl atdığı ənənəvi uydurmadır.
Çex jurnalistin söylədiyi və “nəzərə almalı olduğumuz” “30 illik Qarabağ tarixi” də məhz elə zorakılıq, vəhşilik, işğalçılıq tarixindən başqa bir şey deyil. Biz əlbəttə ki, bu tarixi silən deyilik, yadda saxlayacağıq!
Foto-jurnalist onu da deyib ki, Azərbaycana gəlmək və azərbaycanlılarla görüşüb onların da ermənilər haqda nə düşündüyünü bilmək istərdi. Olsun. Ancaq o, əgər “Mən ermənilərin Dağlıq Qarabağa haqqının olmadığını iddia edə bilmərəm” deyən Rüstəm İbrahimbəyov kimi “azərbaycanlı” cildinə girmiş gizli ermənilərdən rəy alacaqsa, onların fikirləri əsasında ölkəsində fikir yaradacaqsa, onda vay halımıza.
Söz düşmüşkən, Rüstəmlə Martini birləşdirən “dəyər” də elə budur – köçürülmə ermənilərin tarixi torpaqlarımıza haqqı olduğuna inanmaq, nəinki inanmaq, üstəlik, bunu təbliğ eləmək. Yalnız azərbaycanlılara, türkə patoloji nifrət bəsləyənlər, yaxud tarixdən bixəbərlər bu düşüncədə ola bilər.
Dövlət, millət, diaspora olaraq bizim bir əsas işimiz də bu “dəyəri” dəyərsiz hala gətirməkdir…