Azərbaycan Fransaya nota verməyə hazırlaşır. Səbəb də özünü Qarabağdakı kriminal rejimin rəsmisi kimi təqdim edən Aşot Qulyan adlı separatçının bu ölkəyə səfəridir. Minsk Qrupunun üç həmsədrindən biri kimi Fransanın bu hərəkəti şübhəsiz, nəinki neytral vasitəçilik missiyası ilə bir araya sığmır, üstəgəl, ikitərəfli əlaqələrə zərbə vurur.
Cümhuriyyətimizin 100-cü illiyi ərəfəsində xatırlatmağa məxsusi lüzum var: bu, o Fransadır ki, təxminən 98 il öncə müsəlman Şərqində ilk demokratik respublika olan ADR-in müstəqilliyini Dağlıq Qarabağ və Zəngəzurla (!) birgə tanıyan ölkələr sırasında olub. Bolşevik Rusiyasının təcavüzü olmasaydı, Zəngəzur da indi bizdə idi.
İnanmaq olmur ki, Fransada yaxın tarixi unudublar. Sadəcə, rəsmi Parisin Qafqaz siyasəti bu müddətdə xeyli güclənərək təşkilatlanmış erməni lobbisinin ciddi təsiri altına düşüb əfsus ki. Avropada ən güclü erməni diasporu da Fransadadır. Bu, çoxdan bəlli olan faktdır. Ola bilsin, rəsmi Bakı 21 il öncə Minsk Qrupunda qardaş Türkiyənin deyil, Firəngistanın üçüncü həmsədr olmasına razılıq verməklə Parisə böyük etimad jesti etmək istəyib. O ümidlə ki, erməni diasporun Fransanın Qarabağ siyasətinə təsiri azalacaq. Ancaq ümid doğrulmadı.
Yalnız 1-2 fakt: hazırkı prezident Emmanuel Makronun sələfi Fransua Olland ötən il vəzifədən gethagetdə, Parisdə erməni icması ilə görüşdə demişdi ki, “Dağlıq Qarabağ xalqı”nın öz müqəddəratını təyin etmə haqqı var”. 2015-ci ildə İrəvanda saxta erməni soyqırımı iddiasının 100-cü ildönümü tədbirinə qatılan üç xarici ölkə prezidentindən biri də Olland idi (digər ikisi – Rusiya və Serbiya prezidentləri idi).
Yaxud keçən həftə Fransanın xarici işlər naziri Jan Batist Lemuan İrəvanda səfərdə oldu. Lakin Dağlıq Qarabağ məsələsində vasitəçi dövlətin baş diplomatı olaraq “xala xətrinə” belə, Bakıya gəlmədi. Payızda isə Fransa prezidentinin Ermənistana rəsmi səfəri gözlənilir. O da Bakıya ayaq basmayacaq. Hər halda, səfər proqramında belə bir şey nəzərdə tutulsaydı, qabaqcadan rəsmən bildirilərdi.
Bəs görəsən, Rusiyanın hərbi qalası olan cırtdan Ermənistan Avropanın supergücü Fransa üçün hansı geosiyasi, iqtisadi-ticari, energetik, tranzit əhəmiyyəti daşıyır ki, Fransa rəhbərliyi ona bu qədər diqqət verir, ancaq qonşu Azərbaycan Avropa üçün bunca dəyərdə ola-ola, onun maraqlarına etina etmir? Cavab qismində ağla ilk gələn motiv xristian amilidir. Bu, sübhəsiz, Qarabağ məsələsində ermənilərin “təbii üstünlüyü”dür ki var.
Beləcə, Fransa “kiçik bacı” saydığı işğalçı Ermənistana sözdə də, əməldə də sadiqdir. Belə olmasaydı, katalon Puçtemon başda olmaqla, bütün separatçılar (abxazlar, osetinlər, Krım və Dnestryanının rus separatçıları) Avropa məkanı boyu, Fransada təqib edildikləri halda, erməni separatçıları hərtərəfli sevgi ilə əhatə olunmazdılar. Avropada, o sırada Fransada analoji himayə bir də kürd separatçı-terrorçulara – PKK-çılara rəva bilinir ki, o da yenə Azərbaycanın əsas təbii müttəfiqi müsəlman Türkiyə ilə birbaşa bağlıdır.
Bunu da unutmayaq ki, Fransa rəsmiləri bircə dəfə belə, Ermənistanı öz adı ilə, yəni işğalçı adlandırmayıblar – elə digər iki həmsədr dövlət olan Rusiya və ABŞ kimi. Aşot Qulyandan az öncə isə baş separatçı Bako Saakyan sərbəst şəkildə ABŞ-ı gəzib dolaşmış, oradan Livana getmişdi – Bakının Amerikaya notasına rəğmən. Rusiyanın Ermənistan qayğısı da ki, hamıya bəlli.
Belə üçlü vasitəçilik min il də qalsa, Azərbaycan üçün məqbul həll variantı tapa bilməz. O zaman o, ya ləğv edilməli və ya başqa format tapılmalı, ya da 21 il öncənin yanlışı düzəldilməlidir: Türkiyə Fransanın yerinə həmsədrliyə gətirilməlidir ki, vasitəçilikdə balans təmin olunsun.
Yeri gəlmişkən, indi buna daha yaxşı zəmin var. Məsələ ondadır ki, Moskva-Ankara münasibətləri yüksəlişdədir. Həlli uzanan Qarabağ ixtilafı isə Türkiyə və Rusiyanın üz-üzə gəlməsi, hətta hərbi toqquşma riski deməkdir. Moskva bunda əsla maraqlı deyil. O zaman nizamlama prosesini sürətləndirmək imperativi yaranır ki, qardaş ölkənin vasitəçiliyə gəlişi ilə prosesə əhəmiyyətli stimul verilə bilər. Necə ki, ötən əsrin 90-cı illərinin əvvəllərində ABŞ-Rusiya-Türkiyə uğurlu əməkdaşlıq formatı olub.
Doğrudu, Türkiyənin vasitəçiliyinə Ermənistan da razı olmalıdır. Ancaq Moskvanın iradəsi olan yerdə erməni nə karədir ki?..