Xarici işlər naziri Elmar Məmmədyarovun başı üzərində “qara buludlar” deyəsən sıxlaşır. Nazirə istefa tələbləri artıb. Özü də bu tələbi səsləndirənlər təkcə ölkənin tanınmış ekspertləri deyil, eyni zamanda hakimiyyətə yaxın simalardır. Məmmədyarova tutulan əsas irad isə budur ki, o, 14 ildə Qarabağ məsələsində hücum diplomatiyası qura bilməyib.
Bu iradla razılaşmamaq mümkünsüzdür. Xüsusən də 2016-cl ilin aprelindəki “4 günlük” müharibədən sonra bu, özünü qabarıq şəkildə göstərib. Azərbaycan əsgərinin qanı, canı, şücaəti hesabına qazanılan hərbi uğuru xarici siyasət idarəmiz danışıq masası arxasında “maddiləşdirə” bilməyib, proseslərin arxasınca sürünüb, biz diktə edən tərəfə çevrilə bilməmişik. Qərəz, tarixi fürsəti qaçırmışıq. Hər halda, reallıq belədir ki, üstündən iki il keçməsinə baxmayaraq, düşmən ölkə nəinki Qarabağ məsələsində yumşalmayıb, əksinə, aprel öncəkindən də radikal mövqe tutub, vasitəçi dövlətlərin hər hansı qınağına, təzyiqinə tuş gəlməyib.
Əlbəttə, istənilən nazirin dəyişməsi ölkə prezidentinin səlahiyyətində olan məsələdir. Seçkidən sonra hökumət istefaya getməlidir. Təzə kabinetdə Elmar Məmmədyarov olacaqmı? Bir şey qalmayıb.
Xarici İşlər Nazirliyi isə sıradan bir qurum yox, strateji idarədir. O üzdən onun başçısı hətta prezidentdən də çevik diplomatiya aparmaq qabiliyyətə malik, təcrübəli, müdrik şəxs olmalıdır. Ölkənin iqtisadi və hərbi potensialına, müharibə vəziyyətinə, işğal rejiminə adekvat xarici siyasət kursu yürütməyi bacarmalıdır.
Etiraf edək ki, cənab Məmmədyarov potensialını ortaya qoysa da, bu kriteriyalara cavab verə bilməyib. O, daha çox dinc dövrün diplomatı təəssüratı bağışlayır və buna uyğun gəlir. Üstəgəl, onun ana dilimizdə səlis danışa bilməməsi də cəmiyyətdə Elmar müəllim haqda müsbət fikir yaranmasına mane olur.
Düzdür, Xalq Cümhuriyyətinin bəzi ünlü simaları (Fətəli Xan Xoyski, Əlimərdan bəy Topçubaşov) azərbaycanca yaxşı danışa bilməyiblər. Amma diplomatiyada, xarici siyasətdə mühüm uğura nail ola, 23 aylıq müddətdə Azərbaycanın aparıcı dövlətləri (ABŞ, Fransa, Böyük Britaniya) tərəfindən tanınmasına nail ola biliblər.
Diplomatiyada, xarici siyasətdə əsas da nəticədir – hansına ki, Elmar Məmmədyarov 14 ildə çata bilməyib. Əksinə, məhz onun dövründə Dağlıq Qarabağ erməniləri üçün öz müqəddəratını təyin etmə hüququ üç həll prinsipindən biri kimi gündəmə gəlib. Hansı hüquq ki, Qarabağ ixtilafının mahiyyətini Azərbaycan əleyhinə təhrif edir, konflikti Ermənistanın ölkəmizə qarşı ərazi iddiasından “öz müqəddəratını təyin etmə uğrunda hərəkat” müstəvisinə keçirir ki, bu da qəbuledilməzdir. Üstəlik, bu prinsip postsovet məkanında başqa heç bir münaqişəyə aid edilmir…
Şübhə eləmirik, Məmmədyarov bir individ olaraq çox gözəl insandır, ziyalı şəxsdir. Ancaq Azərbaycanın xarici siyasət idarəsinin başında duran adam öncə diplomatiya alanında, beynəlxalq meydançalarda düşmənə göz açmağa imkan verməyən şəxs olmalıdır. Elmar müəllim isə XİN başçısı qismində yadda qalan uğura imza ata bilməyib. Bacardığını edib təbii ki, və nəticə ortadadır.
Ümumiyyətlə, Azərbaycan kimi işğalla üzləşmiş və fars, rus, erməni kimi məkrli qonşuları olan balaca ölkənin baş diplomatının “iki başı” gərəkdir. 24 saat yuxu bilməyən, “gözü ilə od götürən” biri olmalıdır. İngilis və ya fransız dilini mükəmməl bilmək yetərli deyil. Vacibdir ki, dünyanın da “dilini” biləsən ki, düşmənlərin yox, dostlarımızın sayı artsın.
Varmı bizdə beləsi? Əminik: var. Azərbaycan xalqı qısır xalq deyil – heç bir anlamda.
Doğru, güclü xarici işlər naziri hələ hər şey demək deyil. Vacibdir ki, onun ölkəsinin dünyada, əsas qlobal güc mərkəzi olan Qərbin yanında imici də güclü olsun. Bu isə dövlətin kiçik, ya böyüklüyünə baxmaz. Demək, Qarabağ naminə buna da çatmaq mümkündür. Necə – yolu bəlli. Velosiped kəşf etməyə lüzum yox. Bu imic bizə həm də Qarabağda antiterror əməliyyatı zamanı bizə lazım olacaq. Azərbaycanı qınayanların minimum olması anlamında.
Nəhayət, unutmayaq ki, su da eyni yerdə çox qalanda iylənir…