Azərbaycanın ali məktəbləri sırasına tezliklə daha birisi əlavə olunacaq: BDU-nun İlahiyyat Fakültəsinin bazasında İlahiyyat İnstitutu yaradılacaq. Ölkə başçısının verdiyi sərəncamda həmçinin, ali məktəb statusu daşıyacaq ilk belə bir qurumun Təhsil Nazirliyinin deyil, Dini Komitənin tabeçiliyində olacağı deyilir. Bu da yəqin ki, məsələnin həssaslığından irəli gəlir. Hərçənd, nazirlik də, komitə də dövlətin strukturlarıdır.
Əlbəttə ideya, niyyət olaraq təqdir edilməlidir. İlahiyyat İnstitutunda təhsilin pulsuz (dövlət hesabına) olması da təqdirə layiqdir. Ən azından terror hörgütü İŞİD-lə bağlı yaşanan, hələ də bitməyən və “küləyi” bu günədək bizi vuran faciəvi hadisələrdən dərs götürüb hərəkətə keçmək zərurəti var.
Ən əvvəl gənclərimiz arasında dini maarifləndirmə işi yaxşılaşdırılmalıdır. Bundan ötrü əlbəttə ki, tək televiziya yetərli deyil. TV-nin bu yöndə fəaliyyətini gücləndirmək öz yerində, mükəmməl tədris mərkəz(lər)inə də ehtiyac var.
Fəqət, bu mərkəzlərdə, lap elə İlahiyyat İnstitutunun özündə kimlər dərs deyəcək? Cəmiyyətə pozitiv təsirli, reputasiyalı ilahiyyatçıları kimlər yetişdirəcək? Axı, yeni kadrlar öz müəllimlərindən əxz etdikləri dünya görüşünü da daşıyacaqlar. Önəmlisi həm də budur.
Dinşünas, ilahiyyatçı deyilik, amma məntiq pıçıldayır ki, pedaqoqlar ilk növbədə İslam əxlaqını yüksək tutmalı, dini siyasətə qatmamalı, xalqına və dövlətə sədaqəti ilə seçilməli, hansısa dövlətin təsirini öz üzərində hiss etməməlidirlər. Fərq etməz, bu şiə İranı olsun, ya da ərəb ölkəsi.
Bunu da gərək nəzərə alaq ki, Azərbaycanda konstitusiyaya görə, din dövlətdən ayrıdır. Ümumiyyətlə, İslam siyasi müdaxiləni, siyasi təsir və təzyiqləri sevmir. Siyasi qəlibləri heç xoşlamır (İran nümunəsi). Yəni “qızıl orta” məsələsi. Yoxsa “orta”dan kənarlaşmaların xoşagəlməz nəticələrinə də hazır olmalıyıq…
Mövzuya qayıdaq. Bir də təbii ki, tədrisin keyfiyyəti, prestij məsələsi var. Əfsus ki, Azərbaycanın ali təhsil ocaqları beynəlxalq reytinq siyahısında birinci yüzlüyə belə düşə bilmir. Halbuki, qonşu Gürcüstanın bir neçə ali məktəbi yüzlükdə var (Nisbətən reytinqli Xəzər Universiteti sayılır). Problem həm də budur.
Yəni tək xoş niyyət-məram hələ hər şey demək deyil. Gərəkdir ki, peşəkar, təmiz “kadr bankı” da ola. Bu isə boş yerdən yaranmır sözsüz ki. Bütövlükdə ölkənin təhsil sisteminin səviyyəsi ilə şərtlənir.
Söhbət həm də milli və dövlət təhlükəsizliyindən getdiyi üçün, məsələn, heç də pis olmaz ki, İlahiyyat İnstitutuna qardaş Türkiyədən də peşəkar müəllimlər dəvət olunsun. Hər halda 1 nömrəli strateji müttəfiqimizdən bizə heç vaxt, heç bir işdə xətər gəlməz. Başqa dövlətlərin isə, necə deyərlər, andını içə bilmərik…
Bir daha vurğulayaq ki, hansı sahə olur-olsun, orada keyfiyyət, məhsuldar təlim-tədris ən əvvəl bacarıqlı və təmiz (!) kadrlara bağlıdır. Əks halda, ad nə qədər gözəl səslənsə də, nəticə ürəyimiz istəyən olmayacaq. Bu isə həm də Azərbaycanda islahatları sürətləndirməkdən, siyasi idarəçilik sistemini şəffaflaşdırmaqdan və modernləşdirməkdən keçir.
Yaxud bir azdan ölkədə Qida Təhlükəsizliyi Agentliyi də fəaliyyətə başlayacaq. Çox gözəl. Millətin genofondu, illərdir aktual olan qida təhlükəsizliyi ilə, bütövlükdə milli təhlükəsizliyimizlə bağlı məsələdir, lazımlı qurumdur. Təki o da kimlərinsə şəxsi mənfəət yerinə, yeni rüşvət ocağına və büdcə üçün əlavə və lüzumsuz yükə çevrilməyə.
Yəni yenə təmiz, vicdanlı, peşəkar kadr məsələsi. Və ya problemi…