Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun, daha doğrusu, Rusiyanın Azərbaycanı təkrar işğalının ildönümüdür. Ancaq aprel təcavüzündən 97 il ötsə də, Şimali Azərbaycan 26 ildir müstəqil olsa da, biz xeyli dərəcədə 97-100 il öncəki problemlərlə üz-üzəyik. Yenə bizə qarşı rusun əli ilə “erməni kartı” var gücü ilə işindədir – işğal problemi yaşayırıq. Şimaldan suverenliyimizə təhlükə hələ də sovuşmayıb.
Doğru, tarixi paralelliklərdə qüsurlar ola bilir. Amma və lakin acı gerçəklik belədir ki, ötən təxminən yüz illik zamanda Azərbaycanın düşmənlərinin sırası, demək olar, dəyişməyib. Elə dostlarımız da əsasən köhnə dost-simsarlar olaraq qalır. Söhbət ən əvvəl qardaş Türkiyədən gedir.
Qəribədir ki, 97-100 il qabaq olduğu kimi, indi də Türkiyə çətin dövrünü yaşayır. İndi də Türkiyə əleyhinə köhnə düşmənlər səfərbər olub, ənənəvi məkrli dairələr onu daxildən və xaricdən zəiflədib parçalamağa, müsəlman dünyasının yeganə modern, qüdrətli demokratik dövlətini “ikinci sort”, sözəbaxan” dövlətə çevirməyə çalışırlar.
Və 100 il öncəki kimi, yenə bu xain planların, projelərin başında özünün köhnə-təzə “erməni” və “kürd” kartları ilə Avropa gəlir – demokratiyanı, təməl insan haqlarını əlində bayraq edib qardaş ölkəyə qarşı kükrəyən, PKK terrorçularına qucaq açan Avropa! Sadəcə, taktika dəyişib. 100 il qabaq daha çox hərbi müdaxilə aktual idisə, indi Türkiyənin hərbi potensialını ciddiyə alıb “sivil müdaxilə üsulları”nı dövriyyəyə buraxıblar. Türkiyəni demokratiya, insan haqları ilə təhdid edirlər. AŞ PA-nın qardaş ölkə ilə bağlı son məlum qərarının ayrı adı yoxdur, ola bilməz.
16 aprel (yenə aprel) referendumundan sonra Avropada Türkiyə əleyhinə total kampaniya xüsusilə diqqət çəkir və qərəzli xarakter alıb. Bu kampaniyanı Ərdoğanın hətta qatı əleyhdarları belə pisləsə də, hədəfdə AKP iqtidarının deyil, məhz Türkiyə dövlətinin olduğunu açıq bəyan eləsələr də, Avropadakı “dəyirman” öz işindədir…
******
İndi buna iki qardaş ölkənin – Azərbaycanla Türkiyənin ortaq taleyi deməyək, nə deyək? Tale ortaqları olan iki qardaş ölkə beləcə köhnə, oxşar təhdidlərlə qabaq-qənşərdir. Ona görə də türk-müsəlman dünyasının bu iki öncül, “bir millətin iki dövləti” bir-birinə daha çox sığınmalı, sarılmalı, bir-birinə daha çox dəstək verməlidir.
“Güclü həmişə haqlıdır” yazılmamış qanununun xüsusilə aktual olduğu dönəmimizdə Bakı-Ankara siyasi-hərbi alyansı olduqca böyük önəm kəsb edir və bir çox “qaynar başlar” üçün soyuq duş effekti verə bilər. Bu alyans nüvə dövləti Pakistanla “üçlüyə” çevrilərsə, daha iyi, daha təsirli və effektli olur.
Dünya, beynəlxalq siyasət əfsus ki, indi güc amili üzərində bərqərardır. Ötə yandan, Türkiyə və Azərbaycan Qərbə, Avropaya daha çox lazımdır, nəinki əksinə. Məxsusən də Türkiyə Şərqin, Yaxın Şərqin vazkeçilməz bir dövlətidir və onun başı üzərindən, onun qol qoymadığı heç bir siyasət, plan bölgədə baş tuta bilməz.
İsrarla Şərqin yeni xəritəsini çəkmək istəyən Qərb paytaxtlarında bunu heç şübhəsiz, gözəl bilirlər. Yəqin həm də buna görə qardaş ölkəni zəiflətmək projeləri işə salınıb ki, əl-ayağa dolaşmasın. Amma əbəs yerə. Türkiyə Suriya, Liviya, İraq kimi sıradan dövlət deyil, cırtdan dövlət də deyil ki, üzərində təcrübələr keçə biləsən.
Türkiyə – dünənədək Avropanı lərzəyə salmış qos-qoca Osmanlı imperiyasının bətnindən doğan, böyük və zəngin dövlətçilik ənənələri və təcrübəsi olan, döyüşkən xalqı olan qüdrətli dövlətdir. Üstəlik, onun zəngin enerji qaynaqlarına və əlverişli coğrafi mövqeyə malik Azərbaycan kimi təbii müttəfiqi var – tale ortağı olan müttəfiqi…