Neçə gündür orda-burda, xeyirdə-şərdə, hər yerdə camaat pambıq əkib-becərməkdən, həkimlərin, müəllimlərin, sovet dövründə olduğu kimi, pambıq toplanışına cəlb edilməsindən danışır, yazır, lağ-lağı edir.
Biri yazır ki, yaxşı eləyib tibb işçilərini pambıq plantasiyasında işlədirlər, onsuz da xəstəxanada olanda camaatın canına qəsd edirlər. O biri deyir, indi biri xəstələnsə, demək, onu maşına qoyub klinikaya yox, plantasiyaya aparmaq lazım gələcək. Başqa biri başqa söz yazır.
Pambığa qayıdış kefdən deyil, qardaşlar və bacılar. Bilirsiniz ki, neftimizin bərəkəti artıq and içiləcək səviyyədə deyil, həm qiyməti düşüb, həm də hasilatı azalmaqdadır. O da bir iş idi, SSRİ dağıldı, dünya divləri tökülüb gəldilər, maya qoyub neftimizi yerin təkindən çıxardılar, özləri də sümürdülər, bizə də çatdı, 135 milyard qabağa düşdük.
Özümüzə qalsaydı, o neft elə Xəzərin dibinin təkində də qalacaqdı, çünki onu ordan çıxarmağa lazım olan avadanlıq və texnologiyalar bizdə yox idi. Heç neftimizin əzəli və əbədi şəriki ruslarda da bu imkanlar mövcud deyildi.
Amma indi vəziyyət dəyişib, çox qabağa getmişdik, indi bir az geri qayıtmalıyıq. Mil düzü, Muğan düzü bizi gözləyir. Qarabağın bərəkətli torpaqları… nəysə. Haramı da bərəkətli çöldür.
Yaşlı adamların sözü olmasın, indiki gənclər bilməz, bizim vaxtımızda “ağ qızıl” (yəni pambıq) “qara qızıl”dan ötə sərvət sayılırdı. Biz ildə 1 milyon ton pambıq istehsal etmiş respublika olmuşuq. Düzdür, sonra ortalığa çoxlu sənədlər töküldü ki, o “1 milyon ton pambıq” söhbətində xeyli şişirtmələrə yol verilib, amma olmasın 1 milyon, olsun 750 min ton.
Ümumiyyətlə, bu bizdə qaydadır, rəqəm 750 minə çatan kimi yuvarlaqlaşdırıb 1 milyon deyirik. 1993-cü ildə qaçqınların və məcburi köçkünlərin sayı 750 min olan kimi yuvarlayıb “1 milyon qaçqın-köçkünümüz var” dedik. Yavaş-yavaş artıb-çoxalıb 1 milyonu da keçdik.
Nəysə, indilikdə söhbət “ağ qızıl”dan gedir. Sovet dövründə ittifaqın yüngül sənayesinə çoxlu pambıq lazım idi, onu da biz və Orta Asiya respublikaları verirdi. Yarışırdıq.
Əmək qəhrəmanlarını döyüşdürürdük. Pambıq başqa respublikalarda bitmirdi. Deyilənə görə, 15 müttəfiq respublikadan biri olan Gürcüstanda da pambıq əkmək istəyiblər, amma guya ki, gürcü xalqının rəhbərləri pambığın qul əməyi olduğunu nəzərə alaraq çiyidi qovurtdurub sahələrə əkdiriblər ki, bitməsin, xalq qula, köləyə dönməsin.
Bu, bir az nağıla oxşayır. Çünki sovet dövründə kim cəsarət edib Kremlə o cür kələk gəlsəydi, hətta bunu ağlından keçirsəydi, üstü 24 saatın içində açılardı (bütün strukturlar KQB çuğulları ilə doluydu axı) və həmin hiylədə rolu olan bütün şəxsləri ya güllələyər, ya da Sibirin 40 dərəcəlik şaxtasında meşə qırmağa göndərərdilər.
Yəni bu “gürcü qüruru” söhbətini də bitirək getsin. Tək bircə fakt deyim: Lavrenti Beriya vəzifədə olduğu müddətdə Gürcüstanda yüksək vəzifə tutan şəxslərinin (nazirlər, komitə sədrləri) demək olar ki, hamısının arvadları ilə oturub-durub – sanki özünə söz veribmiş və siyahı üzrə çalışırmış. Onlar da bunu bilirmişlər və indiki jarqonla desək, peysərə verirmişlər – gönlərinin qorxusundan. Nə qürur, nə milli maraq?
Qayıdaq mətləb üstünə. İndi vacibdir ki, biz vəziyyətdən nəsə bir şeylə çıxmalıyıq. Biri pambığa qayıdışdır. Hələ bunun üzümü, tütünü, baraması da var. Vaxtilə ittifaqa 3 milyon ton üzüm verərdik. Düzdür, onun da ən azı yarısı “pripiska” məhsuluydu, amma əsas o idi ki, bütün ittifaq Azərbaycan çaxırı içirdi. Bircə pis iş vardı ki, 80-ci illərin əvvəlində Sibir tərəfə göndərilən çaxır vaqonları donmuşdu. Deyirdilər, çaxırın tərkibindəki su çox olub deyə donub, guya əsl çaxır donmazmış.
Yoxsa, vallahi, biz dövlət büdcəsini 1 gündə 8984 sürücünü haqq-nahaq cərimələməklə doldura bilmərik. Bu da az pul deyil, amma bir yerə qədər olar. Camaat hər gün cərimə verməməkdən ötrü maşınını qapısında saxlayıb piyada gəzməyə başlasa, yanacaq istehlakı da azalar, ÜDM-in xüsusi çəkisi düşər. Üstəlik, bu xüsusda demaqoqluq edənlər də çoxalacaq. Odur, jurnalist Azər Həsrət 60-lıq yolda 65 km/saat sürətlə radara düşməsinə və cərimələnməsinə görə dava eləyir. Hər kəs belə eləsə hökumət məcburdur, gücü pambıq və üzüm plantasiyalarına versin.
İndi görürsünüzmü, zarafatlıq durum yoxdur. Kənd zəhmətkeşlərinə eşq olsun!