“91-lər”dən olan, 1990-cı ildən üzü bəri Azərbaycan parlamentinin daimi “sakini” Arif Rəhimzadənin bir fikrini çox bəyəndim. Yeni il ərəfəsi qəzetimizə verdiyi müsahibəsində İsa peyğəmbərsayağı demişdi ki, “Kimisə tənqid eləməkdən ötrü (ona daş atmaqdan ötrü – Z.S.) gərək hökmən həmin sahədə tənqid etdiyin adamdan üstün olasan…”
Dərhal qeyd edək ki, YAP-çı deputat bunu son vaxtlar ABŞ-ın Azərbaycan hakimiyyətini insan haqlarına görə qınamasının haqsız və ədalətsiz olmasını isbatlamaq üçün söyləmişdi. Yəni sözündən belə çıxırdı ki, bizim iqtidara (coğrafi anlamda) cürət edib heç kim irad tuta bilməz.
Gerçəkdən də, məntiqlə əgər dünyanın ən demokratik, eyni zamanda ən qüdrətli dövləti bunu edə bilməzsə, aydın məsələdir ki, yerdə qalanlar heç edə bilməz – o cümlədən Avropanın aparıcı dövlətləri və mötəbər strukturları…
Şübhəsiz, Arif Rəhimzadənin təbirincə desək, “öz gözündə tiri görməyən” Amerikanın da qüsurları var. Amma axı, Allah eşqinə, onları əvvəla, Azərbaycandakı nöqsanlarla eyni tərəziyə qoymaq günahdır. Bəyəm ABŞ-da siyasi məhbus var? Ya bəlkə orda televiziyalar yalnız prezident Barak Obamanın mənsub olduğu Demokratlar Partiyasının təbliğatını aparır? Hələ hamının bildiyi başqa “özəllikləri” yazmırıq.
Amerikada hər 4, uzaqbaşı 8 ildən bir prezident dəyişir, Azərbaycanda isə 21 ildə heç normal bələdiyyə seçkiləri də keçirilməyib. Amerikada seçkiləri ATƏT daxil, heç bir nüfuzlu beynəlxalq qurum izləmir, çünki lüzum görmür, seçkilərin dürüstlüyünə inanırlar; buna əmindirlər sadəcə. Bizdə isə hətta yüzlərlə beynəlxalq müşahidəçinin gözü qarşısında seçkilərə hiylə, haram qatılır. ABŞ-ın bizə tənqid deməyə indi haqqı niyə çatmasın ki?
Doğru, Amerikanın demokratiyası, daxili siyasi sistemi nə qədər mükəmməl olsa da, qüsursuz deyil. Ancaq önəmlisi odur ki, bizdəki hakim qüvvədən fərqli olaraq, rəsmi Vaşinqton qüsurları əsla danmır, əksinə, etiraf edir və başlıcası, düzəltməyə çalışır.
Düzəldir də. Zira, sağlam tənqidin və plüralistik cəmiyyətin varlığının istənilən ölkənin tərəqqisi və qüdrətlənməsi üçün həlledici şərt olduğunu amerikanlar əla bilir. Artıq aksiomdur ki, ABŞ tərifin, məddahlığın deyil, məhz tənqidi mühitin hesabına dünyanın 1 nömrəli dövlətinə çevrilib.
O da tam doğru ki, Dağlıq Qarabağ məsələsində Amerika arzuladığımız mövqeni tutmur, “nala-mıxa” vurur. Ancaq Vaşinqtonun konfliktə daha ədalətli yanaşma sərgiləməsi üçün ona balaca bir ölkə kimi Azərbaycanın savaş açması da kökündən yanlışdır. Amerikanı bununla öz tərəfimizə çəkmək, “yola gətirmək”, qorxutmaq mümkün deyil axı. Biz bu fövqəlgücə qarşı tələb yox, təkliflə çıxış edə bilərik – o da təklifimizin keçərli olacağına tam əmin olduğumuzda. Yoxsa ki, səhvi səhvlə düzəltməzlər.
Əgər Azərbaycan müəyyən, olsun ki, lap obyektiv səbəblərdən ABŞ-ın dost-müttəfiqi ola bilmirsə, supergücün rəqib-düşməninə də çevrilməməlidir. Ən birinci də elə öz milli maraqlarımız naminə, Qarabağ naminə…
Əksər təhlilçilərə görə, Azərbaycanın yerləşdiyi regionda, onun ətrafında ötən ildən başlamış böhranlı və ziddiyyətli proseslər bu il kulminasiya nöqtəsinə çatacaq. Söhbət öncəliklə Rusiya-ABŞ qarşıdurmasının nə ilə bitəcəyinə xeyli dərəcədə aydınlıq gəlməsindən gedir.
Elə təkcə bu amil “dinozavrların” qarşıdurmasında rəsmi Bakının tərəf olmamasını, Amerikaya münasibətdə onun ən azından neytral qalmasını və hakimiyyətdəki odioz “rusbaşlar”ın təzyiqlərindən yayınıb da Qərblə körpüləri yandırmamasını diktə edir. Bəsit səbəbdən: ona görə ki, ABŞ Azərbaycansız keçinə, mövcud ola, yaşaya bilər, Azərbaycan isə sabiq səfir Riçard Morninqstarın sözləri ilə desək, Amerikasız, Qərbsiz öz milli təhlükəsizliyini təmin eləmək gücündə deyil, ən yaxşı halda o, Rusiyanın bir quberniyası statusuna ümidlənə bilər – qonşu Ermənistan kimi.
Bu, heç də “pislərin içindən ən yaxşısını seçmək” məsələsi deyil, dünyada və böyür-başımızda gedən mürəkkəb geosiyasi proseslərin və yeni qlobal hədələrin məntiqindən doğan zərurətdir, ehtiyacdır…