2014-cü ilin yekunlarından daha çox, dərsləri önəmlidir yəqin ki. Onların ən mühümü haqda Yeni il ərəfəsi danışmağa və nəticə çıxarmağa dəyər. İş ondadır ki, dərsin Azərbaycana birbaşa dəxli var. Üstəgəl, bu il regionda, ətrafımızda başlamış olduqca ziddiyyətli, taleyüklü və dramatik proseslərin kulminasiyası məhz 2015-ə təsadüf edəcək. Hər halda, ciddi analitiklərin hamısının proqnozu təxminən belədir.
Söhbət dünyanın hegemon gücü ABŞ-ın qlobal düzənə və beynəlxalq duruma həlledici təsir imkanlarının özünü qabarıq şəkildə göstərməsindən gedir. Başa çatmaqda olan ildə bu potensial Rusiyaya, özəlliklə də Vladimir Putinin yeni imperiya iddialarına qarşı özünü bütün çılpaqlığı ilə büruzə verdi. Amerikanın adicə iqtisadi-maliyyə və diplomatik sanksiyaları Rusiya iqtisadiyyatını, onun pulunu qısa müddət ərzində çöküş həddinə gətirdi, xam neft qəfildən xeyli ucuzlaşdı, şimal qonşumuzun iqtisadiyyatında artım axır 5 ildə ilk dəfə olaraq mənfi göstəriciyə düşdü, ölkədən sürətli sərmayə (kapital) axını başladı.
Moskvanın əks-sanksiyaları isə Birləşmiş Ştatlara heç yüngül meh təsirində də olmadı. Əksinə, dollar mövqeyini bir az da möhkəmləndirdi, Amerika iqtisadiyyatı isə hazırda yüksəliş dövrünü yaşayır…
İndi belə bir supergüclə Rusiya kimi döşünə döyən, Azərbaycan da daxil, yaxın qonşularına meydan oxuyan bir dövlət bacara bilmir. Bacarmayacaq da. Təkcə o fakt ki, Birləşmiş Ştatların hərbi büdcəsi Rusiyanın ümumi büdcəsindən dəfələrlə böyükdür – özlüyündə çox şey deyir. Yaxud qabaqcıl texnologiyaların vətəni Amerika, Qərb sayılırsa, artıq şərhə əslində ehtiyac da qalmır.
Suallar isə var və qalır. Əvvəla, belə bir fövqəldövlətlə Azərbaycanın yalnız dost-müttəfiq olmasını elementar məntiq, o sırada “rus ayısı”ndan etibarlı sığortalanmaq imperativi diktə edir. Təəssüf ki, əksini müşahidə edirik. Az qala bütün il boyu Azərbaycan iqtidarı hətta nüvə dövləti Rusiyanın belə Amerikaya qarşı özünə rəva bilmədiyi addımları, de-marşları özünə gördü, görməkdə davam edir.
Təhlükəlisi odur ki, biz yeni təqvim ilinə də Bakının Vaşinqtona qarşı açdığı savaşın güllə səsləri ilə daxil oluruq. Elə təəssürat yaranır ki, Bakı sanki Kremlin xətrinə Vaşinqtona “ikinci cəbhə” açıb. Bizə lazımdımı? Bu savaş milli maraqlarımıza nə dərəcədə cavab verir? Qarabağ məsələsinə necə, xeyri dəyəcəkmi? Bəs buna görə Moskvanın bizə mükafatı olacaqmı?
Cavablar yüzdə yüz neqativdir. Heç Qarabağ məsələsində də şimal qonşumuzdan pozitiv addım gözləməyə dəymir. Kreml əlində real rıçaqlar ola-ola münaqişəni 26 ildə çözmək istəməyibsə, demək, ona ümidlənməyin yeri yoxdurr. Elə isə “dalaşan fillərin ayağı altında ot olmağın” anlamı nə?
Tarixin acı təcrübəsi isə deyir ki, zəif, balaca dövlətlər həmişə güclülərə sığınmalı, özlərinə qüdrətli və etibarlı müttəfiqlər tapmalıdır, nəinki düşmən axtarmalı, ən betəri, güclülərə meydan oxumalıdır. Bunu ilk növbədə təhlükəsiz mövcud olmanın fəlsəfəsi tələb edir. Elə isə Azərbaycan iqtidarı nəyə arxayındır?
Bu lüks, yaxud kurs hakimiyyət və Qarabağ qarşııq, Azərbaycana çox baha otura bilər. Özü də elə də uzaq perspektivdə yox, üzümüzə gələn ildə. Nə yaxşı ki, Amerikanın başı indi başqa problemlərə, daha çox da Rusiya məsələsinə qarışıb.
İlin əsas cavabsız sualı da budur ki, biz kimin yanındayıq – “cəhənnəmə gedən” Rusiyanın, yoxsa bir az da güclənən ABŞ-ın, Qərbin yanında? Təzə, fəqət həlledici ilə kiminlə yanaşı giririk?