İndi çoxları adət üzrə başa çatmaqda olan təqvim ilinin yekununu edir, bu yekundan çıxış edərək də gələn ilə təxminlər, planlar qurur. Təbii ki, bir var şəxsi anlamda proqnoz-planlar, bir də var, hamımızın taleyinə təsir edən ümumi gözləntilər, yekun və nəticələr.
Bir cümlə ilə yazsaq, 2014-cü ilin Azərbaycan üçün ən neqativ yekunu ölkənin beynəlxalq imicinin korlanması oldu. Düzdür, daxildə Azərbaycanı silkələyən ictimai-siyasi kataklizmlər, təlatümlər yaşanmadı, ancaq məhz bu il məmləkətdə siyasi həbslərin və dustaqların sayı rekord həddə çatdı. Az qala hər ay müxalif düşüncəli, yaxud müstəqil mövqeli tanınmış simaların, QHT-çilərin şərlənərək həbsə salınmasının şahidi olduq.
O üzdən ölkə demək olar, bütün il boyu beynəlxalq hüquq müdafiə təşkilatlarının pis mənada diqqət mərkəzində qaldı, insan haqları ilə bağlı tələb-xahişlərin sayı kəllə-çarxa çıxdı. İş o yerə çatdı ki, dünyanın supergücü ABŞ-ın prezidenti Barak Obama Azərbaycanın adını vətəndaş cəmiyyəti üçün dözülməz şəraitin hökm sürdüyü “izqoy” dövlətlərin sırasında çəkdi.
Fəqət, belə sərt iradlara, ritorikaya, ardı kəsilməyən xahiş-minnətlərə, Obamanın tənqidinə rəğmən, hakimiyyətin geri addım atmaq, repressiyaları səngitmək qırımı hiss edilmədi və edilmir. Və belə görünür, siyasi həbslər dalğasının amplitudası il sonu gözlənilən əfvə rəğmən, 2015-ci ildə da saxlanacaq. Hansısa ölkədə isə əgər bircə siyasi dustaq, vicdan məhbusu varsa, o ölkə demokratik sayılmaz.
Heyf, Azərbaycan növbəti ilə də Qarabağ problemi ilə yanaşı, ağır siyasi məhbus problemi ilə girir. Bunun altını ilk növbədə elə Qarabağ çəkəcək, o səbəbə ki, bu sayda siyasi dustaqlarla Azərbaycan öz əsas problemin həllində xeyli immunitetsiz duruma düşəcək, söz sahibliyi bir az da zəifləyəcək.
İqtidarın “topa güllə qoyanları” hələ də qəbul etmək istəmirlər ki, dünyanın gözündə Qarabağ məsələsi çoxdan ən əvvəl insan haqları məsələsidir. XXI əsrin fəlsəfəsi isə diktə edir ki, bəşəriyyət müharibələrdən bezdiyi üçün o, ixtilafların müstəsna olaraq dinc vasitələrlə həllini arzulayır.
Bu mənada Bakı Qarabağ məsələsini irəli aparmaq üçün ilk növbədə XXI əsrin imperativinə qulaq verməyə, hərbi qüdrət qədər, təməl insan haqlarına da diqqət ayırmağa özündə güc tapmalıdır. “Problem yoxdur” söyləməklə problem həll olunmaz. Bütün dünya illərdir bunu bizə irad tutursa, deməli – problem var, bal kimi var…
Ən ümdəsi, biz artıq görürük ki, neft-qazımızla Qarabağın qayıdışını yaxınlaşdıra bilmədik. Hərbi gücdən istifadə də çağdaş dövrdə yetərincə risklidir – bundan ötrü dost-müttəfiqlərimiz həddən çox olmalıdır. Qalır demokratiya rıçaqı, insan haqlarına sayğı məsələsi, ölkənin demokratik imici – hansılar ki, Azərbaycanda əfsuslar olsun ki, böhran keçirir.
Böhran keçirdikcə də Dağlıq Qarabağda erməni əsilli Azərbaycan vətəndaşlarının nə vaxtsa Azərbaycan tərkibinə qayıtmaq istəklərinə zərbələr vurmaqda davam edir. Erməni zalım uşağının dili indi necə iki metr olmasın ki?
Paradoksallıq da ondadır ki, rəsmi Bakı demokratiyaya, demokratiya paytaxtlarına arxa çevirə-çevirə eyni zamanda demokratik dünyadan Qarabağ məsələsində yardım, ədalət umur, ondan işğalçıya qarşı sərt mövqe tutmağı tələb edir. Di gəl, çağırışlar, tələblər eşidilməzdir. Çünki Qərbin tələb-çağırışları da burada – Bakıda eşidilmir.
İqtidar yetkililəri tez-tez “əks-arqumentlər” gətirirlər ki, Ermənistanda da siyasi məhbus var. Var. Amma insafən, bizdəki qədər deyil axı. Bizdəki kimi çoxsaylı tanınmış jurnalistlər, hüquq müdafiəçiləri, QHT-çilər, ictimai xadimlər, özü də Qərbyönlülər, narkotik, silah və “Vətənə xəyanət” ittihamları ilə zindana salınmayıb. Nəhayət, torpaqları işğal altında olan, demokratik Qərbə möhtac olan bizik – ermənilər yox!
Onu da gərək unutmayaq ki, Rusiyanın Qarabağ məsələsində söz sahibliyi getdikcə azalır, Amerika və Avropanın isə – artır. Deməli, Azərbaycan demokratik dünyaya daha çox açılmalıdır – əgər hakimiyyət səmimi şəkildə Qarabağın dinc yolla qaytarılmasını istəyirsə. Yoxsa belə getsə, “dünya bu ədalətsizliyə” hələ çox dözəcək.
Ədalətsizliyi isə ədalətsizliklə aradan qaldırmaq mümkün deyil.