Düşmən Qarabağ səmasında 12 noyabrda yaşanan vertolyot insidentindən hələ də özünə gələ bilməyib. Müşahidələr hər halda göstərir ki, idman termini ilə desək, o, nokdaun vəziyyətindədir. İsterik bəyanatlar, hədələr isə müstəsna olaraq daxili tələbata hesablanıb, məlum olayın ardınca işğalçı rejimdən narazılığı artan erməni toplumunu sakitləşdirməyə yönəlib.
Təbii ki, qarşı tərəf hansısa kontur-cavab addımları atmağa çalışacaq və qəti şübhə yox ki, çalışır da. Ancaq bizim hərbçilər də yəqin ki, üçqat sayıqlıq içindədirlər. 12 noyabr olayının siyasi-təbliğati effektinin azalmasına heç cür imkan vermək olmaz. Bu, indi prinsipial məsələdir. Paralel olaraq vasitəçiləri də uzun müddət düşündürəcək bir hadisənin “tərbiyəvi”, ibrətamiz önəmini qoruyub saxlamağı, yeri gələndə isə gücləndirməyi bacarmalıyıq.
Məlum olaydan sonra işğalçının manevr imkanlarını daraldan isə həm də öz pilotlarının cəsədlərini artıq bir həftədən çoxdur götürə bilməməsi ilə bağlıdır. Müharibə, elan olunmamış müharibə də elə budur. Elan olunmamış müharibədə elan olunmamış kurallar işləyir. Bəs sabah birdən gerçək müharibə olsa?
Məsələ də ondadır ki, Azərbaycanın işğal edilmiş ərazilərində keçirilmiş hərbi təlimlərin sonunda qeydə alınan bu olay öncəliklə elə xəbərdarlıdır ki, münaqişənin həllini uzatmaq, status-kvonu indiki kimi saxlayıb Azərbaycan ərazilərinin illərlə işğalda qalmasına, orada “çağırılmamış qonaqların” ildə bir neçə dəfə hərbi təlim keçirərək ölkəmizə “əzələ nümayiş” etdirməsinə göz yummaq yolverilməzdir.
Bakının vertolyot xəbərdarlığı əlbəttə ki, ən əvvəl vasitəçilik missiyasını öz üzərinə götürmüş güclərə, dövlətlərədir, Qərbədir. Rusiyanın tulası Ermənistana yox, Rusiyanın özünədir. Çünki müharibəyə başlamaq asan, onu durdurmaq isə yüz qat çətin işdir. Vertolyot insidenti bu mənada tarixi fürsət, məqam etibarilə yerinə düşüb və nəhayət, münaqişənin nizamlanması üçün hərəkətə keçməyin vaxtı çatdığını əyani nümayiş etdirib.
Sonrası Azərbaycandan az asılı olacaq. Nəticə görünməsə, növbəti təxribatçı təlimlərdə təcavüzkar daha ağır itkiyə məruz qoyula, bölgədə daha gərgin durum yetişə bilər. Yeri gəlmişkən, bu da tam haqlı yanaşmadır ki, əgər düşmənin torpaqlarımızda keçirdiyi təlimlərdə indiyədək bircə dəfə analoji tədbirə əl atsaydıq, erməni bu dərəcədə qudurmaz, Ağdam üzərinə öz hərbi vertolyotunu rahat-arxayın qaldırmaq fikrinə düşməzdi.
İndi də gec deyil əslində. Bu həm də ona görə zəruridir ki, diplomatiyamız daha dişli olsun. Səngərdəki əsgərimiz, işğalçının hərbi texnikasını tərəddüdsüz sıradan çıxaran hərbçi-zabitimiz öz arxasında güclü dövlətin, güclü hakimiyyət və güclü diplomatiyanın, monolit xalqın varlığını hiss eləsin.
Bunlar bir-birinə bağlı məsələlərdir şəksiz ki. Diplomatiyanın arxasında yetərli hərbi qüdrət, güclü iqtisadiyyat dayanmasa, hərbi uğurlar da mümkünsüz hala gələr və yaxud uğur olsa belə, onu çox tezliklə burundan gətirərlər, heç edərlər.
Qarabağ məsələsində isə Azərbaycandan asılı ən az məslə var. Çünki güzəştə gedəcəyimiz bir şey yox, qalmayıb. Növbəti güzəşt Dağlıq Qarabağın de-yure itirilməsi, tam kapitulyasiya demək olardı. Bizim məsələdə ermənilərə, həmsədr dövlətlərə, dünyaya yeganə və böyük güzəştimiz beynəlxalq hüququn, BMT Nizamnaməsinin diktə elədiyi, hər an başlaya biləcəyimiz müqəddəs müharibəni ertələməkdir.
Fəqət, nə vaxtadək? Azərbaycan xalqını, onun əsgərini, zabitini, generalını əsəb və səbir sınağına çəkmək yetmədimi?