
Rus jurnalisti Rusiyanı ifşa etdi ; Anna Nemtsova Ukraynada vuruşmuş rus desantçılarından yazdı; “Ətçəkən maşından keçənlər” və sink tabutdakı məxfi “Yük-200”lər
“Lyudmila Malinanın səsi mənimlə danışanda titrəyirdi. O, gizli dəfnlə bağlı səhnəni mənim üçün təsvir etməyə çalışırdı. Lyudmila həmin dəfn mərasiminin şahidlərindən biridir. Dəfn prosesi isə Rusiyanın kiçik şəhərlərindən olan Sudiskavskidə baş tutub. Axşam saat 8-də yük maşını yerli qəbristanlığın yaxınlığında-taxta binadan bir az kənarda dayanıb. Yük maşınının ön işıqları isə qəbirin qazılacağı yerə tərəf salınıb. Bir neçə kişi maşının saldığı işığın altında elə bil ki, kimdənsə gizlənərək torpağı qazmağa başlayıblar. “Onlar özlərini oğru kimi aparırdılar” , Lyudmila jurnalistə deyib.
Qonşuların çoxu pəncərədən bu prosesi izləyirdi. Onlar bu qəribə mənzərəni öz aralarında müzakirə edirdilər. Təəccüb edirdilər ki, belə qaranlıqda nədən qohumları kimi isə basdırmaq istəsin. Sonra kimsə dedi ki, qəbiristanlığın bu tərəfi müharibədə ölənlər üçün xeyli vaxtdır ki, tutulmuşdu... ”
Qərbdə geniş rezonans doğurmuş məqalə belə bir girişlə təqdim olunur. Bu yazıya isə marağın belə yüksək olması təsadüfi deyil. “Newsweek”in son sayında rəsmi Rusiyanın “Ukraynaya rus ordusu yeridilməyib” bəyanatın alt-üst edən bir yazı gedib. Həmin yazı Anna Nemtsovaya məxsusdur. Qeyd edək ki, xanım jurnalist bir sıra Qərb media orqanlarında öz yazıları ilə müntəzəm çıxış edir. “Newsweek”dən başqa o, “The Daily Beast”ə də yazır, “The Guardian” üçün də. Bir sıra digər nüfuzlu nəşrlər də onun yazılarına səxavətlə yer ayırır. Əsasən Rusiya və keçmiş SSRİ ölkələrindən yazır, bir qayda olaraq münaqişə zonalarına xüsusi maraq göstərir. 2012-ci ildə münaqişə zonalarından hazırlanan yazılara üstünlük verən müstəqil jurnalistlərin “The Pulitzer Center” beynəlxalq mükafatına layiq görülüb…
Məqalədə deyilir ki, NATO son zirvə toplantısını keçirəndə Vladimir Putin Kiyevlə danışıb atəşkəs əldə etdi. Həmin vaxtlar Rusiyada Ukrayna münaqişəsində öldürülmüş rus əsgərlərinin gizli şəkildə dəfn olunması ilə bağlı xəbərlər dolaşırdı. Nijni Novqorod, Orenburq, Pskov, Murmansk, Dağıstan və Rusiyanın digər yerlərinə tabutlar daşınırdı: “Avqustun 12-dən sentyabrın 2-nə qədər ölən rus əsgərlərinin sayı 200 nəfərdən çox idi, amma rəsmi şəkildə hər hansı müharibədən söhbət belə getmirdi”, deyə Anna Nemtsova yazır.
Ukraynada müqavilə əsasında xidmət edən əsgərlərdən biri “Newsweek”in suallarına telefonla verdiyi cavabda həyatında yaşadığı “ən uzun avqust” ayından söhbət açıb. Cəbhədə başına gələnləri dilə gətirib: “Müharibədə ən pis olan bilirsiz nə idi? Yaralanmış dostların, Rostov hospitalında aldığı yaralardan keçinən gənc hərbçilər, evlərinə “sink tabut”larda gedən insanlar, onlara “200 saylı yük” deyirdilər ... və öldürülmüşlərin sırasına düşmək riskinin yüksəkliyi”, adının çəkilməsini istəməyən əsgər deyib.
“Biz ötən ay qatarla Rostova gedəndə heç ağlımıza da gəlməzdi ki, bizi Ukraynaya müharibə aparmaq üçün gedirik. Biz hamımız o fikirdə idik ki, bizi sadəcə əvvəlcədən nəzərdə tutulmuş təlim düşərgəsinə aparırlar. Əgər mən bilsəydim ki, bizi müharibəyə aparacaqlar, mən hələ Kostrama şəhərində ordudan tərxis olunardım. Axı mənim evdə iki körpə uşağım var”, bu hərbçi də öz adının çəkilməsini istəməyib. Ancaq o, Rusiyanın Qvardiya statuslu 98 saylı hava-desant diviziyasının 331-ci bölümündə xidmət edib.
“Hərbçi bizə deyirdi ki, onunla birgə xidmət edənlər arasında Putinin yeritdiyi siyasəti anlayan, onun hərəkətlərinə bəraət qazandıran az idi. Və əsgərlər şərqi Ukraynada “Novorassiya” yaradılmasını separatçılara dəstək kimi dəyərləndiriblər”, “Newsweek”də xanım Nemtsova yazıb.
Müəllif qeyd edir ki, desant bölümü Rostov vilayətindəki hərbi bazaya dönüb. Məqsəd əvvəlki döyüşlərdən əldən düşmüş əsgərlərin çimməsini təmin etmək və onların rahat yatmasına şərait yaratmaq imiş: “Avqustun 18-də isə desantçılar Ukrayna sərhədini keçiblər. Onlara deyiblər ki, qısa zaman kəsiyində doğmaları ilə telefon əlaqəsi saxlaya bilərlər. Ukraynada rus desantçılarına məxsus hərbi formada olan şəxslərin tanınmaması üçün onlara paltarların dəyişməyə göstəriş verilib. Yeni hərbi paltarları da hərbçilərin xanımları öz pulları ilə əsgər olan ərlərinə almalı olublar”, məqalədə belə deyilir.
“Heç kim əsgərlərə demədi ki, siz hansısa əlavə sənədlərə imza atmalısız. Çünki bizim müqaviləmizdə bizlərin xarici dövlətin ərazisinə yerləşdirilməyimizlə bağlı hər hansı bir bənd yoxdur” , hadisələrin iştirakçısı olmuş əsgər jurnalistə deyib.
“Mən heç vaxt könüllü şəkildə bu münaqişədə iştirak etməzdim. Ancaq aradan çıxmağa da imkan yox idi. Sabah bizi yenidən ətçəkən maşından keçmək üçün döyüşə atacaqlar. Əgər bizə əvvəlcədən həqiqəti desəydilər, bizlərdən heç biri aya min dollara görə Ukraynada diri-diri yanıb qovrulmaq istəməzdik”, əsgərin sözlərini xanım Nemtsoba belə təqdim edir.
“Ukraynaya müdaxilə hələ bahardan başlamışdı. Ancaq bu proses tədricən gedirdi. Aprelin 16-da yaşıl formada olan əsgərlər şərqi Ukraynadakı hökumət binasını mühasirəyə aldılar”, adının çəkilməsini istəməyən əsgər deyir və əlavə edir ki, biz SSRİ-də doğulmuş nəzakətli yaşıl adamcığazlar elə Krımdakı kimi hərəkət etdik.
Məqalədə bu məqam xüsusi ilə vurğulanır: “İyunun 2-sində Rusiyaya sink tabutlarda “Yük-200”ün ilk partiyası göndərildi. Həmin partiyada Rusiyadan olan 31 nəfər “könüllü”nün meyiti vardı. Onların əksəriyyəti 30-40 yaşı arasında olan əsgərlər idi ”.
Elbəyi Həsənli, Sürix