Yaxud hökumətin yas yasağına xalq niyə sevinmir?
İnsanın mənəvi dünyasına icazəsiz nüfuz edilməsi, bıçaq-balta ilə müdaxiləyə cəhd həmişə əks-effekt verib. İlk baxışda belə müdaxilə cərrah bıçağı-fason onun faydasına olsa da. Azərbaycanda yas israfçılığı ilə bağlı hökumətin yasağı da deyəsən eyni aqibətə tuş gələcək.
Hər halda, yerlərdən gələn xəbərlərdə qadağaya xalqın ciddi məhəl qoymadığı, isti yanaşmadığı müşahidə edilir. Halbuki sonuc etibarilə yasaq, təkrar edirik, sadə xalqa xeyirdir. Hələ harasıdır, mütərəqqi təşəbbüsə müqavimət göstərildiyinə dair məlumatlar var.
Görəsən, niyə? Doğrudanmı camaata israfçılıqla yaşamaq daha məqbuldur, yoxsa bilmədiyimiz başqa səbəblər var?
Burada bizcə, iki əsas amilə diqqət yönəltmək lazım gəlir. 1. Gerçək budur ki, xeyir-şər məclisləri insanların özlərini azad, sərbəst hiss elədikləri, çəkinmədən dərdləşdikləri sonuncu məkanlardır. Xalq özününkü saydığı belə məkanlara da yuxarıdan total nəzarətin tətbiqinə, bələdiyyə sədri, icra nümayəndəsi qismində böyrünə güdükçü qoyulmasına, toy-yas üçün də “reqlament” müəyyənləşdirilməsinə pis baxır. Qısası, öz axırıncı azadlıqlarını da itirmək istəmir – bu, onun büdcəsinə ziyan olsa da.
2. Xalqın yas yasağına müqaviməti həm də hakim idarəçiliyə olan münasibətdən qaynaqlanır desək, yəqin ki, yanlış olmaz. Başqa sözlə, ölkəni azadlıqlarla deyil, qadağalarla idarə etməyi sevən hakimiyyətə bu, bir orijinal etiraz mesajıdır ki, “səni sevmədiyim üçün mənim qeydinə qalmağını da istəmirəm”.
Bu xüsusda qəti şübhə yox ki, əgər analoji yasaq təklifi hansısa kəndin və ya şəhərin nüfuzlu bir din xadimi, ağsaqqalından gəlsəydi, yüzdə-yüz işləyəcəkdi. Amma çoxdan öz xalqından aralı düşmüş mövcud iqtidarın təklifidirsə – artıq qəliz məsələdir. Zira, camaat ən azından yenə düşünür ki, burda xalqdan daha çox, hansısa oliqarx-məmurun marağı var. Əli yanıb axı…
Təsadüfi deyil ki, Dini Komitənin yeni sədri Mübariz Qurbanlı yas məclislərinə yerli hakimiyyət orqanlarının müdaxiləsinə, ümumiyyətlə, bu barədə qanunun qəbuluna qarşı çıxıb və qadağının müstəsna olaraq tövsiyə xarakteri daşıdığını söyləyib. Eyni zamanda problemin sırf yerli əhalinin, ağsaqqalların iştirakı ilə, inandırma vasitələri və izahat işləri ilə yoluna qoyulacağına əminlik ifadə edib.
Bu, ayrı məsələ. Yoxsa ki, mollaları 2 min manat cərimə ilə (hansı qanun əsasında – bilinmir) və ya sutkalıq həbsə atmaq hədəsi ilə uzağa getmək mümkün deyil, uzağı, dünyanı özümüzə bir daha güldürəcəyik. Bu, çıxış yolu deyil, sayılmaz. Söhbət adət-ənənəni dəyişmək kimi olduqca həssas və kök atmış bir vərdişdən gedirsə, burada inzibati məhdudiyyətlər işlək ola bilməz.
Yeri gəlmişkən, ölkədə normal seçki ənənəsi olsaydı, o zaman formalaşacaq bələdiyyələr, regionun deputatı daha legitim status qazanmaqla camaat yanında sözükeçərli, hörmətli olardılar. Bütövlükdə, nə qədər ki, ölkədə başqa təməl azadlıqlar, o sırada seçim azadlığı olmayacaq, xalq da heç olmasa, bu cür (israfçılıq) azadlıqları ilə özünə təsəlli tapacaq; öz individuallığını qorumağa, tam şəkildə zombiyə çevrilmədiyini ara-sıra bu formada iqtidara nümayiş etdirməyə çalışacaq.
Demək, azadlıqların önünü açmaq lazımdır ki, əcaib adətlər də öz-özünə, yasaqsız-zadsız əriyib getdin. Çünki o halda xalq öz iradəsinin və taleyinin şəriksiz sahibi olacaq, ictimai institutlar, dini maarifləndirmə tam gücü işə düşəcək və öz missiyasını yerinə yetirəcək, qadağalara, toplumu zombiyə çevirməyə lüzum qalmayacaq.
Xalqı uzun müddətə zombiyə çevirmək hələ heç kimə müyəssər olmayıb.